Bayraktar TB3 SİHA 13-cü sınaq uçuşunu uğurla başa vurub
Türk dünyası

Bayraktar TB3 SİHA 13-cü sınaq uçuşunu uğurla başa vurub

Türkiyə

Bayraktar TB3 PUA, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən 13-cü sınaq uçuşunda orta hesabla 20.000 fut yüksəklikdə 32 saat fasiləsiz olaraq havada qalıb. TEI-nin yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya qalxan milli PUA, uzun uçuş sınağı zamanı orta hündürlükdə sistem və dözümlülük performansının ölçüldüyü bütün sınaqlarını uğurla başa vurub. Milli PUA,  uçuşu zamanı səmada  5.700 kilometr məsafə qət edib. Orta hündürlükdə sistem performansının ölçüldüyü 12-ci uçuş testində 12 saat havada qalan Bayraktar TB3 bununla da öz rekordunu qırıb.

Baykar tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı Bayraktar TB3-ün sınaq prosesi uğurla davam edir. Oktyabr ayının  27-də ilk uçuşunu etdikdən sonra ardıcıl performans testlərindən keçən milli SİHA, orta hündürlükdə sistem və dözümlülük performansının ölçüldüyü 13-cü uçuş testini də uğurla başa vurub.

Bayraktar TB3 PUA, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik, dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar TCG Anadolu gəmisində Bayraktar TB3-ün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqlayıb.  Bayraktar TB3-ün sahib olacağı imkanlar, bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli SİHA, həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənar əlaqə imkanlarına sahib olacaq. Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən Baykar, 2003-cü ildə İHA Ar-Ge prosesinin başladığı gündən bu yana gəlirlərinin 83 faizini ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. 2022-ci ildə imzalanan müqavilələrdə ixracat nisbəti 99.3 faiz olan Baykar, 1,2 milyard dollarlıq ixracat əldə edib. İndiyədək  Bayraktar TB2 SİHA üçün 32 ölkə, Bayraktar AKINCI TİHA üçün 8 ölkə olmaqla, 33 ölkə ilə ixrac müqaviləsi imzalanıb. 

Xatırladaq ki, qanadları qatlana bilən konstruksiya ilə dizayn edilən Bayraktar TB3 SİHA, əvvəllər dünyanın ilk SİHA gəmisi adlandırılan TCG Anadolunun uçuş göyərtəsində və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə 3 böyük şəhərdə keçirilən TEKNOFEST-də nümayiş etdirilib. İlk öncə İstanbulda, Atatürk Hava Limanında keçirilən TEKNOFEST-də, daha sonra  Ankara və İzmirdə baş tutan  TEKNOFEST-lərdə nümayiş etdirilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.