Bakıda
Türk dünyası

Bakıda "Türk Dünyası" media platforması ofisinin açılışı olub

İyulun 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin "Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (Turkic.World) media platforması ofisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Trend BİA-nın baş direktorunun müavini Rufiz Hafizoğlu "Albayrak" Media Qrupu ilə Trend İnformasiya Agentliyinin 2021-ci ildə ortaq media platformasının açılması üçün razılığa gəldiklərini bildirərək deyib: "Bu platforma artıq iki ildir Azərbaycanda fəaliyyət göstərir. Digər türkdilli ölkələrin bu platformaya qatılması və mərkəzin məhz Bakıda olması qürurvericidir. Bu platformada qardaş Qazaxıstan və Qırğızıstanın dövlət xəbər agentlikləri, eləcə də Türkiyənin "Albayrak" Media Qrupu yer alıb".

"Albayrak" Media Qrupunun rəhbəri Ömər Karaca çıxışında qeyd edib ki, ortaq media platforması ofisinin açılışı türk dövlətləri arasında münasibətlərin gələcək inkişafının başlanğıcıdır.

"Şuşada keçirilən Qlobal Media Forumunda 50-yə yaxın ölkədən gələn media nümayəndələri ilə bir sıra məsələləri müzakirə etdik. Belə bir Foruma ev sahibliyi edən Azərbaycana təşəkkürümüzü bildiririk. İki il əvvəl Trend İnformasiya Agentliyi ilə birgə "Turkic.World" layihəsinin önəmli tərəfdaşı olduq. Bu illər ərzində ortaq layihəmiz böyüdü və inkişaf etdi. Hazırda Bakıda ofisimizin açılışını qeyd edirik. Ümidvarıq ki, gələcək illərdə fərqli yerlərdə daha böyük ofislərimizi açaraq türk dövlətləri ilə münasibətlərimizi bütün sahələrdə inkişaf etdirəcəyik", - deyə Ö.Karaca diqqətə çatdırıb.

Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev çıxışında vurğulayıb ki, iki gün əvvəl Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Qlobal Media Forumu keçirilib. Bu Media Forumun əlamətdar hadisələrindən biri o oldu ki, Prezident İlham Əliyev tədbirdə çıxış edərək xarici media nümayəndələrinin suallarını cavablandırdı. Bu, Azərbaycanda mediaya, jurnalistikaya dövlət səviyyəsində verilən dəyərdir. O, bugünkü tədbirin Azərbaycan-Türkiyə əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, bu platforma türk dövlətlərində baş verənləri hadisələrin beynəlxalq ictimaiyyətə çatıdırılmasına töhfəsini verəcək. Eyni zamanda, bu ortaq platforma Türk dünyası dövlətləri arasında münasibətlərin inkişafı üçün faydalı olacaq.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxışında Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlığın gözəl bir nümunəsinə şahidlik etdiklərini vurğulayıb. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının hər sahədə güclənməsi üçün atılan addımların bu gün nəticəsini görürük. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra reallıqların dünyaya çatdırılmasında türk mediasının nə qədər önəmli olduğunu gördük. türk dövlətləri arasında həm əməkdaşlığın, həm də bu coğrafiyadakı hadisələrin dünyaya doğru-düzgün çatdırılmasında bu ofisin mühüm xidmətlərinin olacağına inanıram", - deyə diplomat vurğulayıb.

Daha sonra tədbir iştirakçıları ofis yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Trend BİA və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Platforma 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media Forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.

Eyni zamanda, "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Bununla yanaşı, bu media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumları imzalayıb.