Baş nazir: Azərbaycan Cənubi Qafqazda Rumıniyanın birinci ticarət tərəfdaşıdır
Siyasət

Baş nazir: Azərbaycan Cənubi Qafqazda Rumıniyanın birinci ticarət tərəfdaşıdır

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.

"Respublika" AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb.

O, Azərbaycanla Rumıniya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, dövlətlərimizin, sadəcə, tərəfdaş deyil, həm də dost olduğunu bildirib. Baş nazirin sözlərinə görə, dünyada Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir.

Azərbaycanın Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran İon-Marçel Çolaku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial olduğunu qeyd edib.

Daha sonra Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə Cənub Qaz Dəhlizini müzakirə etdiyini xatırladaraq deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir. Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. “Yaşıl enerji” layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku diqqətə çatdırıb ki, Avropanın hazırda “yaşıl enerji”yə ciddi ehtiyacı var və Azərbaycandan “yaşıl enerji”nin ixracı məsələsi əhəmiyyətlidir.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyib.

O, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlərin müstəsna rolunu qeyd edərək, bunun ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun mövcud olduğunu göstərir.

Azərbaycan parlamentinin sədri bildirib ki, iki ölkə arasında müqavilə-hüquq bazası kifayət qədər zəngindir. İndiyədək qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanıb ki, bu da ikitərəfli münasibətlər üçün mühüm hüquqi baza təşkil edir.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Milli Məclisin sədri Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib.

Ölkələrimiz arasındakı münasibətlərdə parlamentlərin özünəməxsus yeri olduğunu deyən S.Qafarova bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.

O, eyni zamanda, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin ölkəmizin özü tərəfindən yerinə yetirilməsi, 2020-ci ildə torpaqlarını azad etməsi barədə məlumat verib.

Görüşdə, həmçinin azad olunmuş ərazilərimizdə hazırda aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi barədə məlumat verilib.

Baz nazir İon-Marçel Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladıqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.