Aİ-nin “mülki missiyası”nın əsl üzü
Siyasət

Aİ-nin “mülki missiyası”nın əsl üzü

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan ətrafda günahkar axtarmağa başladı. İlk nəzərinə çarpan isə Rusiya olmuşdu.

Paşinyan Rusiya qarşısında "haqsızlığa məruz qalmış tərəf" kimi özünü göstərsə də, Putin administrasiyası buna məhəl qoymadı. Nəticədə Nikol kor-peşman İrəvana qayıdıb fikirləşməyə başladı: görəsən indi kimin forpostu olum? Yüz ölçüb, bir biçəndən sonra isə Avropada qərar tutdu. Bundan sonra isə erməni rəsmiləri KTMT-nin artıq lazımsız bir qurum olduğunu və bu təşkilatdan çıxacaqlarını bəyan etdilər. Bu iddianı hiyləgər haylar əbəs yerə ortalığa atmamışdı. Avropaya çıxış üçün bir yol lazım idi, onlar da Rusiyanı saymamaq yolunu seçdilər.

Belə ki, ermənilər rus sülhməramlılarına güvənməyərək Avropa İttifaqının (Aİ) missiyasını Ermənistana dəvət etdilər. Beləliklə, 2022-ci il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Qərb qonşuluğumuza mülki missiyanın göndərilməsi barədə qərar verdi. Nəticədə adı mülki, əslində isə hərbi kontingentə bənzəyən bu missiya 2023-cü il fevral ayının 20-də fəaliyyətə başladı. Daha sonra isə özlərini mülki yox, "xoşməramlı" missiya adlandırdılar.

Azərbaycana isə məsələnin əsas məğzi ilk gündən bəlli idi. Üçüncü və daha çox tərəflərin bölgədə olmamasını dəfələrlə tələb etməyimizə baxmayaraq, Ermənistan buna məhəl qoymayıb məramı bəlli olmayan missiyaya qucaq açdı. Bu günə qədər baş verən təxribatlar, kəyfiyyatçıların ərazilərimizə keçmək cəhdi, davamlı olaraq mövqelərimizin atəşə tutulması və s. bir daha sübut edir ki, Azərbaycan nə qədər haqlıdır.

Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası iddia etdiyi mandatından kənara çıxır və regionda jandarmeriya funksiyasını yerinə yetirməyə cəhd edir. Missiyanın yavaş-yavaş mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpır. Əslində bu, heç də təəccüblü deyil. Missiyanın rəhbəri kimi 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi almaniyalı Markus Ritter təyin edilib. Həmin şəxsin "əmək fəaliyyəti" isə onun polisdən çox hərbçiyə bənzədiyini sübut edir. O, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Almaniyanın bugünkü mövqeyi isə bu işin duzu-istiotudur. Fransa və Almaniyanın bu şərikli "oyunu" regiondakı balansı pozmağa yönəlib. Polis rəisindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır. İndi də Ermənistan bu faktlar qarşısında özünü haqlı çıxarmaq üçün durub deyəcək ki, bir şəxsin əvvəllər tutduğu vəzifə, gördüyü işlər onun "xoşməramlı" olmasına əngəl ola bilməz. Azərbaycan keçmişinə görə insanları qınayır. Doğrudur, şəxsin əvvəl işlədiyi yerlə məramının heç bir əlaqəsi yoxdur. Lakin söhbət bir nəfər yox, 200-dən çox şəxsdən gedir. Necə olur ki, eyni anda bütün hərbçilər, kəşfiyyatçılar öz işlərini tərk edib Aİ-nin sıralarına daxil olur? Görünür Qərbdə kütləvi formada hərbi sahədə "ixtisarlar" gedib.

Bundan başqa, missiya rəsmi olaraq Avropa İttifaqına aid edilsə də, onun faktiki idarəçiliyi NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə paralel həyata keçirilir. Komandanlığa isə bir neçə ildir ki, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. Bu məsələlərdə təcrübəli şəxsin öz bilgilərini missiyaya ötürdüyü isə şübhəsiz ki, bəllidir. Lakin görünür bu da bəs etməyib ki, Fransa Milli Jandarmının briqada generalı Uilyam de Meyeri bölgəyə dəvət ediblər. Nə də olmasa da, bir şeyi uzaqdan nəql etməklə, əyani göstərmək arasında fərq var. Ona görə də fransalı general missiyanı ziyarət edib, təlimatlar verib, sonra da binoklla ətrafı seyr edib. Onun da Fransanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq üzrə İdarəsinin direktorunun müavini olması, bundan öncə isə Brüsseldə Avropa Xarici əlaqələr Xidmətində təhlükəsizlik və müdafiə məsələləri üzrə fəaliyyət göstərməsi olduqca şübhə doğurur. Nədənsə, belə "xoşməramlılar" heç Azərbaycan torpaqlarında görünmürlər, ancaq Ermənistan tərəfə baş çəkirlər. Əslinə qalsa onlar da bir məqamda haqlıdır. Nə də olmaya Qərb qüvvələri daha çox qarşılarında əyilməkdən beli bükülən, az qala burunları yerə dəyən insanları sevər. Bu tərif də tamamilə Qərb qonşumuza uyğun gəlir. Əsl əyninə biçilmiş don kimi.

Son olaraq sərhəddə Çexiya vətəndaşının ələ keçməsi isə Aİ və Ermənistanın əsl niyyətini ortaya çıxardı. Belə ki, cəsus Ermənistan torpaqlarından rahatlıqla keçib və Azərbaycana tərəf üz tutub. Özünü ağıllı sayan çexiyalı məntəqələrimizin biri tərəfindən yaxalanılıb. Maraqlıdır, görəsən erməni sərhəd qüvvələri, bölgədə olan Aİ missiyası hara baxır? Yoxsa onlar da fransalı general kimi binoklla sadəcə Azərbaycan tərəfi seyr edir?

Bakı narazılığını dəfələrlə dilə gətirib. Lakin heç vaxt qarşı tərəf buna əhəmiyyət verməyib. Odur ki, rəsmi Bakı ötən gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonu ilk dəfə Xarici İşlər Nazirliyinə dəvət edib. Görüş zamanı Azərbaycan tərəfinin bəzi narahatlıqları diqqətə çatdırılıb. Belə ki, qurumun Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan addımlar atdığı, missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə verməsinin əksinə olaraq, ölkəmizə qarşı təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu vurğulanıb. Bununla yanaşı, rəsmi Bakı Ermənistan ərazisindəki missiyanın bəyan edilmiş mandatına uyğun surətdə neytral, mülki və silahsız missiya qismində fəaliyyət göstərməsinə çağırış edilib. Habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsi üçün lazımi tədbirlər görməsi Aİ tərəfinə çatdırılıb.

Azərbaycan tərəfinin artıq belə məsələlərə tolerantlığı tükənib. Həddini aşan bütün qurumlar vaxtı gələndə əməllərinə görə bir-bir cavab verməli olacaqlar. Nə qədər ki, gec deyil, missiya ağlını başına toplamalıdır. Əgər həqiqətən əmin-amanlığı bərpa etməyəcəksə, bölgədən birdəfəlik getməlidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".