Qətər rəsmisi: Azərbaycan dövlətinə humanitar sahədə dəstək verməyə hazırıq
Siyasət

Qətər rəsmisi: Azərbaycan dövlətinə humanitar sahədə dəstək verməyə hazırıq

Aprelin 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Respublika" xəbər verir ki, B.Muradova Azərbaycanla Qətər arasında münasibətlərdən söz açaraq hər iki dövlətin qardaşlıq, dostluq əlaqələrinə üstünlük verdiyini qeyd edib. O, Azərbaycanın multikultural məkana malik olmasından, mədəniyyətlərin qovşağında yerləşməyinin üstün və çətin cəhətlərindən söz açıb. Qətərlə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahədə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan B.Muradova insan hüquqları və onların bərabər təmin olunmasının dövlətimizin həyata keçirdiyi əsas fəaliyyət istiqamətləri olduğunu qeyd edib. O, ölkəmizdə ailə dəyərlərinin və bu institutunun qorunması, eyni zamanda, hər kəsin hüquqlarını qorumaq üçün çalışdıqlarını diqqətə çatdıraraq komitənin fəaliyyəti barədə də qonaq nümayəndə heyətinə məlumat verib. Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin, Qarabağda aparılan quruculuq işlərinin, həmçinin minatəmizləmə prosesinə Qətər dövlətinin də dəstək verməsinin vacibliyi vurğulanıb.

Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Əl-Attiya isə Azərbaycanın uzun illər müharibədən əziyyət çəkməsinə baxmayaraq ölkədə böyük bir inkişafın şahidi olduğunu qeyd edib. Qonaq bunu hökumətin və vətəndaş cəmiyyətinin əl-ələ verərək ölkənin inkişafına birgə töhfəsinin göstəricisi adlandırıb. O, Qətər dövləti ilə Azərbaycan arasında çox yüksək səviyyədə əlaqələrin mövcudluğunu, insan hüquqları sahəsində iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Qonaq ölkələrimiz arasında insan haqları üzrə beynəlxalq əlaqələri inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdıraraq Qətər dövlətində insan hüquqlarının qorunmasının əsas prioritet istiqamət olduğunu deyib. Bu sahədə ölkəmizin təcrübəsindən yararlanmaq istədiklərini dilə gətirən Qətər rəsmisi, həmçinin müharibədən əziyyət çəkmiş Azərbaycan dövlətinə humanitar sahədə dəstək verməyə hazır olduqlarını bəyan edib.