Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan atribut və simvollar gəzdirən hərbçilərlə bağlı cəzalar müəyyənləşdirilir
Gündəm

Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan atribut və simvollar gəzdirən hərbçilərlə bağlı cəzalar müəyyənləşdirilir

Dövlət və hərbi xidmət əleyhinə cinayət və inzibati xətalarla bağlı qanunvericilik təkmilləşdirilir.

"Respublika" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 14-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Birinci oxunuşda müzakirəyə çıxarılan sənəddə dövlətin konstitusiya qurulusunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, habelə hərbi xidmət əleyhinə olan inzibati xətalarla bağlı cəzalar sərtləşdirilir.

Cinayət Məcəlləsinin 281.1.1-ci maddəsinə dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönəlik atributları və simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə kimi qanunazidd əməllərə görə cinayət məsuliyyəti müəyyən edilir.

Bu cür əməlləri edənlər qanunla 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya həmin müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 281.1.1-ci maddəsində nəzərə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə tərəfindən törədildikdə, 5 ildən 8-ilədək, bu əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 12 il müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.