Azərbaycan regionda dayanıqlı sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan regionda dayanıqlı sülhün tərəfdarıdır

Erməni diasporunun yürütdüyü məkrli siyasət Avropa və Amerika kimi qlobal güc mərkəzlərində anti-Azərbaycan kampaniyasına rəvac verir. Avropa Parlamenti, Fransa Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin yaydığı bəyanatlar bu siyasətin bir hissəsidir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ regionuna Qərb dairələrinin ictimai və siyasi üzvlərinin səfərlərinin təşkil edilməsi saxta beynəlxalq nəzər yaratma cəhdləridir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev məsələni belə şərh edir:

- Sirr deyil ki, Cənubi Qafqaz regionunda mübarizə davam etməkdədir. Rusiyanın Qafqazda güc itirməsinin fonunda onun yerini almaq istəyən Amerika və Avropanın aktivliyini açıq şəkildə müşahidə edirik.

Bildiyimiz kimi, Avropa İttifaqı müşahidə missiyasının Ermənistana göndərilməsi növbəti havadarlıq nümunəsi idi. Bununla yanaşı, erməni diasporunun dəstəyi ilə bir çox Qərb ölkələrinin nümayəndələri Ermənistana və Qarabağ regionuna səfərlər həyata keçirir. Heç şübhəsiz, NATO-nun keçmiş baş katibi Foq Rasmussenin və onun timsalında digər ictimai şəxslərin bu ərazilərə səfəri Ermənistanın növbəti saxtakarlığının təzahürüdür. Digər tərəfdən, regionda güclənən və lider dövlətə çevrilən Azərbaycana təsir göstərmə mexanizmlərini işləyib hazırlayan lobbiçilər isə anti-Azərbaycan siyasətinin təbliğatçılığı ilə məşğuldurlar.

Unudulmamalıdır ki, Azərbaycanın mövqeyi qəti olaraq hər kəsə bəllidir. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin haqlı mövqeyi yüksək tribunalardan səsləndirilir. Biz regionda dayanıqlı və əbədi sülh istəyirik. Cinayətkar, təxribatçı və ikiüzlü xislətinə rəğmən Azərbaycan Ermənistana bu gün də sülh əlini uzadır. Öz növbəsində, Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını tələb edir və Ermənistan gec-tez bu addımı atacaq. Əfsuslar olsun ki, beynəlxalq güclər, xüsusilə də Qərb dairələrinin Ermənistana verdiyi dəstək hayları daha da cəsarətləndirir. Nəticədə Ermənistan təxribatlar törədir, sülh prosesini ləngidir və danışıqlara kölgə salır. Hətta mövcud vəziyyəti öz xeyirlərinə dəyişmək niyyətindədirlər.

Lakin Azərbaycanın stabil siyasi xətti bu gün də eyni məqsədi daşıyır. 10 noyabr Bəyanatına zidd şəkildə separatçılara gizlin yollarla silah-sursat daşıyan Ermənistan və onun havadarları Azərbaycanla sülh danışıqları aparmayaraq daha da rəzil duruma düşür və düşəcəklər. İşğaldan azad olunmuş ərazilərdə müharibə bitdikdən sonra belə 300-ə yaxın dinc əhali mina terrorunun qurbanı olmuşdur. Buna baxmayaraq havadarları hələ də Ermənistanın xain xislətinə rəvac verirlər. Məhz bu baxımdan da, Azərbaycanın öz suveren ərazilərində nəzarət-keçid məntəqəsi qurması təbii haldır və bu, dövlətimizin haqq işidir. Bununla yanaşı, yaxın tarixlərdə Laçının mərkəzinə, Zabux və digər ərazilərə köçürülmələr həyata keçiriləcək. Bu da öz növbəsində, əraziyə nəzarət və təhlükəsizliyin təmin olunması baxımından Laçın yolu üzərində nəzarət-keçid məntəqəsinin qurulmasını zəruri edirdi və mövcud vəziyyət ölkə başçımızın siyasi iradəsinin məntiqi nəticəsi olaraq dəyərləndirilir. Bununla erməni əsilli Azərbaycan vətəndaşlarının da reinteqrasiya prosesi sürətlənəcək və separatçılar bu əraziləri tamamilə tərk edəcəklər. Əks halda isə bütünlüklə məhv olacaqlar.

Nurlan ABDALOV,

"Respublika".