Cənubi Qafqazda etibarlı və faydalı tərəfdaşlıq
Siyasət

Cənubi Qafqazda etibarlı və faydalı tərəfdaşlıq

Azərbaycan-Gürcüstan əlaqələri regiona yeni nəfəs gətirəcək

Gürcüstan regionda və beynəlxalq məkanda Azərbaycanın ən yaxın strateji tərəfdaşlarındandır. Hər iki ölkənin geosiyasi maraqlarının üst-üstə düşməsi və digər amillər Azərbaycan və Gürcüstan arasında etibarlı əməkdaşlığın yaranmasına səbəb olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulmuşdur. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasında birbaşa rol oynayırdı.  Belə ki, xarici və daxili siyasətdə ortaq maraqları təmin edən strategiyanın tətbiq olunması bunu deməyə əsas verir.

Mühüm əhəmiyyət kəsb edən amillər - hər iki ölkə üçün beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda mövcud siyasi sabitliyin yaradılması, trans-Qafqaz və trans-Xəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması məsələləri əməkdaşlığın əsasını təşkil edir. Məhz bu çərçivədə, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdi. Diplomatik münasibətlərin əsas predmeti kimi regional və qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış etmişdir. Hər iki hökumət arasındakı münasibətlərin genişlənməsi, dövlət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərləri siyasi, iqtisadi, hərbi və sosial sahələrdə əsaslı inkişafa şərait yaratmışdır.

Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəviyə qədəm qoymuşdur. Hər iki ölkə prezidentinin, digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin mütəmadi xarakter alması məhz bundan xəbər verir. Bu gün Gürcüstanla Azərbaycan iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr reallaşdırırlar. Digər tərəfdən, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni birləşdirən amillərdən sayılır.

Ölkə başçımızın oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olması regional əhəmiyyətli layihələrin və Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinin müzakirəsi üçün önəmli rol oynadı. Mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri təkbətək görüş çərçivəsində aparılan müzakirələr haqqında da məlumat verdilər.  İqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələri ilə bağlı danışıqlara əsasən hər iki ölkənin etibarlı əməkdaşlığı daha da yüksəltməyi hədəfləməsi diqqətə çatdırıldı. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alır. Bununla yanaşı, tərəflər Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə də toxundular. Prezident İlham Əliyev Gürcüstanın bu prosesdəki rolunun vacibliyini bir daha xatırlatdı: "Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər".

Qeyd edək ki, regional sülhün təmin edilməsi çərçivəsində də Gürcüstanın səyləri danılmazdır. Belə ki, qonşu dövlətin Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı bildirib: "Gürcüstan Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün Azərbaycan və Ermənistan ilə işləməyə hazırdır". Onun sözlərinə görə, Gürcüstan hökuməti müharibədən qaçmaq üçün bütün zəruri tədbirləri görür. Gürcüstanın əsas məqsədi sülh və sabitliyə nail olmaqdır.

Enerji layihəsi çərçivəsində TANAP və TAP layihələrinə qoşulmaqla Gürcüstan Azərbaycanın müəllifi olduğu uğurlu enerji diplomatiyasının əsas iştirakçılarındandır. Ölkələr arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. Qeyd etmək lazımdır ki, Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 1-ci yerdədir. Azərbaycan Dövlət Neft Şirkəti bu ölkəyə 1,5 milyard dollardan artıq investisiya yatırmışdır və Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Ölkəmizdə 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, həmçinin 650-yə yaxın Azərbaycan sərmayəli şirkət fəaliyyət göstərir. Bütövlükdə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açır.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın formaları, hüquq-müqavilə bazası, qarşılıqlı səfərlər, keçirilmiş tədbirlər regional təhlükəsizlikdə əsas rol oynayır. Kibertəhlükəsizlik, enerji və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi, birgə təlimlərin keçirilməsi, hava məkanının təhlükəsizliyi və s. iki ölkə arasında əməkdaşlığa xidmət edir. Bu sahələrin inkişafı hər iki dövlətin milli təhlükəsizliyinin və sərhədlərinin toxunulmazlığının möhkəmləndirilməsi, regional təhlükəsizliyə nail olunması, qlobal layihələrin reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. 

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri aprelin 7-də Prezident İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Qəbələdə təkbətək görüşü çərçivəsində müzakirə edilmişdir. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində keçirilən görüşlərin məhz regionlarda baş tutmasının çox önəmli və vacib bir ənənə olduğunu bildirmişdir. Görüş zamanı birgə həyata keçirilən enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulanmış, bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olunmuşdur.

Nurlan ABDALOV,

"Respublika".