Azərbaycan Milli QHT Forumunun  X qurultayı keçirilib, İdarə Heyəti yaradılıb
Siyasət

Azərbaycan Milli QHT Forumunun  X qurultayı keçirilib, İdarə Heyəti yaradılıb

Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsəndirilib.

Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, "prezident" postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbirdə köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb.

Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib, 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

İdarə Heyətinin sədri postuna "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. O, QHT sahəsində 25 ilə yaxın iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır, ABŞ-ın, Britaniyanın, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.

İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb. Onlar aşağıdakılardır:

Pərvanə Vəliyeva - "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru.

O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, "Prezident təqaüdçüsü" olub. Uzun illərdir QHT sahəsində fəaliyyət göstərir, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevralında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.

 Azər Allahverənov - "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri.

Otuz ildən çoxdur QHT sahəsində fəaliyyət göstərir. O, Azərbaycan Gənclər İttifaqında, Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışıb. Miqrasiya sahəsində geniş spektrli beynəlxalq fəaliyyəti ilə seçilir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən  "İNJURİA" jurnalının redaksiya şurasının sədridir. Xarici elmi jurnallarda sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış onlarla elmi məqalələrin müəllifidir. "Tərəqqi" və digər medallarla təltif olunub.

Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri.

Uzun illərdir QHT sektorunda fəaliyyət göstərir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şurasında, keçmiş "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətində təmsil olunub. Erməni dilini bilir.

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri.

İyirmi beş ildən çoxdur QHT sektorunda fəaliyyət göstərir. "Konstitusiya" Araşdırmalar Fondunda vitse-prezident olub. Beynəlxalq təşkilatlarla sıx iş təcrübəsinə malikdir. İctimai iştirakçılıq, korrupsiyaya qarşı mübarizə və bir sıra istiqamətlər üzrə peşəkar təlimçidir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Xarici nəşrlərdə bir sıra elmi məqalələrin müəllifidir.

***

Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev tədbir iştirakçılarının səsverməsi ilə yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb. O deyib: "Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədər qoyur, estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir. Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktiki nəticələrini görəcəyimizə ümid edirik. Biz yeni İdarə Heyətini hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik".

PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək. Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkürünü bildirib və onu diplomla təltif edib. A.Əliyeva yeni heyətə təbriklərini çatdırıb. 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli etimada görə qurultay iştirakçılarına təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.