Azərbaycan mediası xüsusi inkişaf yolu keçib
Gündəm

Azərbaycan mediası xüsusi inkişaf yolu keçib

Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə, bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var.

Bu barədə media üzrə ekspert Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan mediası peşəkardır və öz funksiyasını yüksək səviyyədə, peşəkar formada həyata keçirir:

“Cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi məhz Azərbaycanın peşəkar, milli, kütləvi informasiya vasitələri ilə həyata keçirilir. Bundan əlavə olaraq, Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin, həm jurnalistlərin xüsusi bir cəhəti də vardır ki, Azərbaycan jurnalistləri peşəkar olmaqla yanaşı, vətənpərvər, milli və təəssübkeşdilər. Cənab Prezident də bu iki xüsusiyyətin vəhdətdə təşkil olunmasını xüsusi qeyd edir”.

Ekspertin sözlərinə görə, ölkə başçımız öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanda ictimai rəyin sabit tutulmasında, düşmən təxribatının qarşısının alınmasında, vətəndaşların doğru, düzgün, etibarlı informasiya ilə təmin olunmasında Azərbaycan mediası və jurnalistləri yüksək rol oynayırlar:

“Təbii ki, Azərbaycan jurnalistlərinin öz peşələrini yerinə yetirməsində, peşəkar və vətənpərvər olmalarında dövlətin də onlara göstərdiyi qayğının payı vardır. Dövlət başçımız dünyada az sayda prezidentlərdəndir ki, media sahəsində ən çox fərman və sərəncamlar imzalayıb, KİV-in maddi texniki bazasının təmin olunması üçün çoxsaylı proqramlar qəbul edib. Təbii ki, dövlətin bu diqqəti, qayğısı da qarşılıqsız qalmayıb. Azərbaycan mediası bu təşəbbüslərə yüksək qarşılıq verib və həm dövlətin media siyasətinin düzgün olması, lazımi dəstəyin çatdırılması, eyni zamanda bizim media qurumları, jurnalistlərin peşəkar və vətənpərvər olması, nəticə etibarilə dövlətimizi qazandırır, onun qüdrətli, möhkəm və düşmən üzərində qalib gəlməsini təmin edən faktorlardan birinə çevrilir”.

Röya RÜSTƏMLİ,

“Respublika”.