Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının bağlanış mərasimi olub
Gündəm

Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının bağlanış mərasimi olub

Avqustun 12-də Heydər Əliyev Mərkəzində Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası – “Bakı 2023" layihəsinin bağlanış mərasimi keçirilib. 

"Respublika" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov tədbirdə çıxış edərək Bakının mədəni mübadilə üçün beynəlxalq mərkəzə çevrildiyini, müxtəlif ölkələrdən olan gənclər arasında səmərəli dialoqları inkişaf etdirdiyini vurğulayıb. “Gənclərin gücünə çox inanır, onların yerli və beynəlxalq ictimaiyyətə müsbət təsir göstərə biləcək bütün təşəbbüslərini dəstəkləyirik”, - deyə R.Cabbarov bildirib.

Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov açıq dialoqa və pozitiv dəyişiklərə eyni dərəcədə maraq göstərən müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələrinin Bakıda bir araya gəlməsinin önəmini vurğulayaraq deyib: “Bu on gün ərzində biz gənclərlə birlikdə işləməyin necə böyük fərqliliklər gətirə biləcəyini müşahidə edə bildik. Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu və onun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi tədbirin hər mərhələsində güclü dəstək göstərdi. Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanizmi, əməkdaşlığı təbliğ edən layihələrin həyata keçirilməsi ilə məşğul olan xeyriyyə təşkilatıdır. Fond Mehriban xanım Əliyevanın fədakar rəhbərliyi sayəsində innovasiya və yardım mərkəzinə çevrilib. İlkin olaraq sosial və mədəni təşəbbüslərə yönəldilən Fondun fəaliyyətinin əhatə dairəsi illər ərzində genişlənib. Fond bu gün gənclərin inkişafı, ictimai səhiyyə, iqtisadiyyat və Azərbaycan mədəniyyətinin xaricdə təbliği sahələrində təşəbbüslərlə çıxış edir, layihələr həyata keçirir. Bundan əlavə, Heydər Əliyev Fondunun tabeliyində olan “Regional İnkişaf” İctimai Birliyi gənclərin cəmiyyətdəki rolunun artırılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Hazırda İctimai Birliyin müxtəlif yaş kateqoriyalarına və sosial qruplara aid mindən çox könüllüsü müxtəlif istiqamətlərdə təcrübə qazanır”.

Gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edən Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Məhəmməd Əliyev tədbiri yeni innovativ hadisənin başlanğıcı və gənclərin nailiyyətlərinin simvolu adlandırıb. Gənclərin gələcəyi formalaşdıran qüvvə olduğunu qeyd edən M.Əliyev bildirib: “Bizim kimi insanlar yerli icma ətrafında böyük dəstəkləyici təsir göstərə biləcək gələcək liderlərdir. Böyük nailiyyətlər kiçik addımlardan başlayır, uğurun təməlini fərd olaraq insan özünəinamı ilə qoyur”.

Sonra tərəfdaşlara sertifikatlar təqdim olunub. Sessiya estafeti qardaş ölkə Türkiyəyə ötürülüb.

Tədbir bədii hissə ilə davam edib.