Azərbaycan-Gürcüstan dostluğu regionun inkişafına mühüm töhfələr verir
Siyasət

Azərbaycan-Gürcüstan dostluğu regionun inkişafına mühüm töhfələr verir

"Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. ...Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik". Bu sözləri oktyabrın 8-də Gürcüstana işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bu səfər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, həm də regionun sülh və əmin-amanlıq şəraitində yaşayışını təmin etməyə xidmət edir. Ölkələrimizi qədim tarixi köklərlə yanaşı, mühüm enerji tərəfdaşlığı da birləşdirir. Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi isə əlaqələri daha da genişləndirir. Bu, Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Onu da qeyd edək ki, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə işgüzar səfərdə olmuşdu. Artıq qarşılıqlı görüşlər regionlarda da reallaşdırılır. Belə ki, Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri səfalı guşələrimizdən olan Qəbələdə baş tutmuşdu.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Strateji tərəfdaşlıq münasibətləri yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ölkələrimiz arasında olan mehriban qonşuluq və tarixi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf mərhələsinə yüksəlir. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında" müqavilə ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoyub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edərək siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə də formalaşıb. Son dövrdə isə bu əməkdaşlığa daha bir uğurlu layihə - "Yaşıl enerji dəhlizi" layihəsi də əlavə olunub.

Qarşılıqlı münasibətlərin yaxınlığına misal olaraq deyə bilərik ki, son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Bu il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasındakı iştiraklarını buna misal göstərmək olar. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. Ölkələrimiz arasında siyasi müstəvidə inkişaf edən əlaqələrlə yanaşı, iqtisadi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Sonuncu, 9-cu iclas isə ötən il dekabrın 15-də Tbilisidə keçirilib. 2022-ci ildən etibarən Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşıdır.

Həmin ildən etibarən iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edir. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Azərbaycan isə Gürcüstana davamlı investisiya yatıran ölkələrdəndir. Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya qoyulub. Hər iki ölkə arasında uğurlu regional əməkdaşlıq çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edə bilərik. Son illər regionda və Azərbaycanda zəngin yaşıl enerji potensialının mövcudluğu dünyanın diqqət mərkəzindədir. 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" sazişi qeyd etmək yerinə düşər. Cənubi Qafqazda Avropanın iqtisadi zəncirinin əsas halqalarını təşkil edən Azərbaycan və Gürcüstan dünya üçün mühüm və etibarlı tərəfdaşlardır.

Ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, Gürcüstanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Eyni zamanda, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" və yeni yaradılmış "Beez" Uşaq teatrı fəaliyyət göstərir. Azərbaycanın böyük mütəfəkkir yazıçıları M.F.Axundovun, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeyləri də mövcuddur.

Ölkə başçısının oktyabrın 8-də Gürcüstana səfəri dostluq və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Enerji, nəqliyyat, logistika, dəmir yolu, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafı və perspektivləri də müzakirələrin əsas mövzusu olub. Həmçinin Şərq-Qərb avtomagistralının başa çatmaqda olan inşasına da toxunulub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iki ölkənin bu qədər yaxın olmasında Prezident İlham Əliyevin töhfəsini yüksək qiymətləndirib. O, ikitərəfli münasibətləri belə xarakterizə edib: "Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır". Baş nazir həmçinin iki ölkə arasında olan münasibətlərin inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevi hörmətlə anaraq, bu münasibətlərin təməlini məhz ulu öndərin qoyduğunu xüsusi vurğulayıb. Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" - "Firavanlığın memarı" adlı fotosərgi ilə tanış olublar.

Ramidə YAQUBQIZI,

"Respublika".