Təhlükəsizlik təhdidləri Orta Dəhliz və
Siyasət

Təhlükəsizlik təhdidləri Orta Dəhliz və "Rəqəmsal İpək Yolu" layihəsinin önəmini bir daha sübut etdi

Dünyada baş verən proseslər Orta Dəhlizin önəmini getdikcə artırır. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizlərini iflic etdiyi kimi, Avropa ilə Asiyanı birləşdirən "köhnə dünya"nın dəhlizi olan Süveyş kanalı da tez-tez husilərin hücumlarına məruz qalır. Belə ki, martın 5-də dünyanın aparıcı sosial şəbəkələri olan, "Meta" şirkətinə məxsus "Facebook" və "Instagram"da yaranan probleminə səbəb Qırmızı dənizdə kabellərin zədələnməsi olub.

Honq-Konq provayderi "HGC Global Communications Limited" Qırmızı dənizdə kabellərə hücumun Yəmənin husi quruplaşması tərəfindən törədildiyini bildirib. Bu isə qruplaşmanın həmin ərazidə törətdiyi saysız-hesabsız təxribatlardan biridir.

Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir ki, husilər tərəfindən həmin gəmilərə müxtəlif maneələr törədilir. Ekspertlərin fikrincə, yaranmış bu təhlükə qlobal ərzaq böhranına səbəb olacaq. Artıq bütün dünya üçün çalınan həyəcan təbili Orta Dəhlizin gələcəkdə ən etibarlı yol olmasını bir daha təsdiqləyir.

Husilərin Qırmızı dənizdə yaratdığı təhlükəsizlik təhdidləri səbəbindən ən azı 3000-ə yaxın gəmi Afrikanın cənub ucunda Ümid burnu vasitəsilə daha uzun marşrut üzrə yönləndirilib. Bu da Asiya ilə Avropa arasında səyahət müddətini təxminən 10 gün uzadır ki, nəticədə daşıma və sığorta xərcləri də artır. Yəmənin bombalanması, Qəzzada baş verənlər və digər geosiyasi qarşıdurma fonunda Yaxın Şərqdə sabitliyin tezliklə bərpa olunacağı güman olunmur. Alternativ və sərfəli daşıma marşrutları isə, demək olar, çox məhduddur. Bütün bunlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların sürətlə artması ilə nəticələnib. Bu da Azərbaycanın önəminin əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxarır. Qırmızı dənizdə baş verən olaylar 51 ölkə arasında olan ticarət mübadiləsini, demək olar ki, sıfıra endirir. Bu da həmin ölkələri alternativ yollar haqqında düşünməyə vadar edir. Hələ 2021-ci ildə ingilis gəmi şirkətləri Süveyş kanalının yerləşdiyi mövqeyə istinadən bildirmişdilər ki, Qırmızı dənizdə baş verən gözlənilməz hadisələr qloballaşan dünyanın alternativ daşınma xətlərinə ehtiyacı olduğunu bir daha sübut edir.

Qırmızı dənizdə vəziyyətin gərginləşməsi və qlobal ticarəti təhdid edən amillər bütün diqqəti ən təhlükəsiz və etibarlı nəqliyyat marşrutu olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yönəldir. Bu isə gözlənilən idi. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Çin Rusiya üzərindən Avropaya daşımaları həyata keçirə bilmir. Bu da gəmilərlə daşımalara ehtiyac yaratdı. Ancaq bütün daşımaları Hind okeanı və Qırmızı dəniz vasitəsilə həyata keçirmək də mümkün deyil. Çünki bu, yol xərclərini hədsiz dərəcədə artırır və gəliri qat-qat azaldır. Üstəlik, husilərin gəmilərə hücumlarından və son olaraq kabellərə törətdiyi təhlükələrdən sonra Süveyş kanalı ilə Avropaya yükdaşımalar kəskin şəkildə azalıb. Bu da Çinin Qazaxıstan üzərindən keçməklə Azərbaycan vasitəsilə daşımalara yönələcəyini göstərir. Statistik məlumatlar da bunu təsdiq edir. Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9 milyon 11 min ton olub və bu da 2022-ci ilə nisbətən 20 faiz yüksəlmə deməkdir.

Beləliklə, Qırmızı dənizdə yaranmış təhlükələr Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmini bir daha sübut etdi. Bu dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə daha da genişlənib və Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına sıralar genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlkin olaraq, bütün marşrut boyunca vahid "bir kəmər, bir yol" prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin, dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin bütün diqqətini Orta Dəhlizə yönəldir. Dəhliz üzərindən daşınan yük həcmlərinin artan statistikası da bunu göstərir.

Husilərin Qırmızı dənizdə internet kabellərini zədələməsi isə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsini gündəmə gətirib. Respublikamızla Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni yaranmış həmin layihə hazırda regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. 2023-cü il sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında layihənin əməkdaşlıq üçün yeni sahə olduğunu qeyd etmişdi. Bu gün yaranan reallıq isə bunu birbaşa sübut edir.

"Rəqəmsal İpək Yolu" layihəsi 2022-ci il "Dubay Ekspo" ümumdünya sərgisində və "Capacity Middle East 2022" qlobal telekommunikasiya tədbirində də geniş təqdim edilib. Burada məqsəd rəqəmsal kontent və internet xidmətinin Avropanın internet mərkəzlərindən Azərbaycan vasitəsilə Asiya ölkələrinə daşınmasıdır. Regionlar arasında rəqəmsal əlaqələrin daha sürətli, təhlükəsiz və effektiv olması baxımından ən əlverişli layihə olaraq qəbul edilən "Rəqəmsal İpək Yolu" layihəsi son vaxtlar telekommunikasiya nəqlində yaranan çətinliklərdən dolayı bir daha gündəmə gəlib. "Google", "Amazon", "Netflix", "Facebook" və digərlərinin kontentinin daşınmasında Azərbaycanın tranzit ölkə olmasını, gələcəkdə isə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya, həmçinin, digər region dövlətlərinə daşınmasını özündə ehtiva edən "Rəqəmsal İpək Yolu", həmçinin, qlobal ticarəti inkişaf etdirmək üçün də yeni imkanlar təqdim edir. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan "Rəqəmsal İpək Yolu" regionda rəqəmsallaşmanın inkişafına mühüm töhfə verə bilər.

Beləliklə, tranzit sahəsində artan təhlükəsizlik təhdidləri və onların qarşısını almaq üçün tələb olunan maliyyə aparıcı dövlətləri alternativ dəhliz axtarışına yönəldib. Bu isə Orta Dəhlizin və "Rəqəmsal İpək Yolu" layihəsinin önəmini get-gedə artırır. Avropa ilə Asiya arasında körpü rolunu oynayan ölkəmiz gələcəkdə həm də təhlükəsiz transit daşımalarının əsas təminatçısına çevriləcək. Qlobal layihələrin mərkəzində dayanan Azərbaycan yürütdüyü xarici siyasət nəticəsində nəhəng dövlətlərin daim ehtiyac duyduğu etibarlı tərəfdaşa çevrilib. Bu isə dövlətimizə olan inamın və iqtisadi yüksəlişin gündən-günə artması deməkdir.

Tacir SADIQOV,

"Respublika".