Ulu Öndərin elm siyasəti
Siyasət

Ulu Öndərin elm siyasəti

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasında ümummilli lider, qüdrətli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi dövlət səviyyəsində geniş şəkildə qeyd edilir.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Bu fenomeni dahi şəxsiyyətin öz xalqına, vətəninə həsr olunan ömür kitabı, Azərbaycana uzunmüddətli rəhbərlik fəaliyyəti, xalqın ona ümid və nicat mənbəyi kimi baxdığı öz həqiqi liderinə olan böyük sevgisi və inamı yaratmışdır.

Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını yaratdı.

Azərbaycanın müstəqilliyinə yönəlmiş bu müdrik ideologiyanın təməli hələ sovetlər dövründə - XX əsrin 70-ci illərində qoyulmuşdur. Məhz bu illərdə xalqın azadlıq idealları, azərbaycançılıq dəyərləri şüurlarda geniş meydan tapdı. Ulu öndər 1969-cu il avqustun 5-də keçirilən Mərkəzi Komitənin plenumundakı tarixi məruzəsində Azərbaycan Respublikasının iqtisadiyyatının bütün sahələri kimi, elm və təhsilinin də gələcək inkişaf istiqamətlərini açıqlamış, Azərbaycan EA institutlarının fəaliyyətini daha da gücləndirməyin, xüsusilə elmi kadrlar hazırlanmasına tələbkarlığın artırılmasının vacibliyini göstərmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının, bütövlükdə elmimizin yüksək tərəqqi dövrü də Heydər Əliyevin XX əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi ilə bilavasitə bağlıdır. Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində yüzlərlə tələbə keçmiş Sovet İttifaqının qabaqcıl ali məktəblərinə, gənc alimlər isə ölkənin ən nüfuzlu elmi mərkəzlərinə göndərilirdi. Bunun nəticəsində respublikada müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrlar hazırlandı, elmin müxtəlif sahələrində müasir tələblərə cavab verən tədqiqatlar xeyli genişləndi. Bu qayğı və diqqətin sayəsində ulu öndərin respublikaya rəhbərliyinin birinci dövrü 1969-1982-ci illərdə Azərbaycanda elmi-tədqiqat müəssisələrinin sayı 1.5, bu müəssisələrdə çalışan elmi işçilərin sayı 2.5, elmlər namizədləri təqribən 2, elmlər doktorları 2.5, Elmlər Akademiyasının müxbir və həqiqi üzvləri 2 dəfədən çox artmışdı.

Həmin illərdə respublikamızda sosial-iqtisadi və mənəvi potensialın formalaşması və əldə edilən tərəqqiyə Akademiyanın təsiri əhəmiyyətli dərəcədə artdı. Elm sahələrinin hamısında mühüm nəticələr qazanıldı. O cümlədən, fiziklərin yarımkeçiricilər və dielektriklər fizikası polimer əsaslı kompozitlər, onlar əsasında yaradılmış strukturlar və çeviricilər, nüvə fizikası, elektrofizika və elektroenergetika istiqamətlərində tədqiqatları daha da genişləndi. Bu tədqiqatlar nəticəsində keçmiş İttifaqda yeni effektiv selen çeviricilərinin istehsalı üzrə sənaye sahəsi təşkil olunmuş, laylı quruluşa malik yeni yarımkeçirici kristallar əsasında lazerlər yaradılmış, bərk cisim fizikasının yeni obyekti olan elektron-deşik mayesi aşqar edilmiş, yeni seqnetoelektrik yarımkeçirici materiallar sinfi müəyyənləşdirilmiş, çoxkomponentli kompozit materialların elmi əsasları işlənmiş və texnologiyası yaradılmışdır. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş üçqat yarımkeçiricilərin alınma texnologiyası və fizikası sahəsində fundamental tədqiqatlar aparılmış, bir neçə elementar və binar yarımkeçiricilərdə fiziki hadisələrin mexanizmi müəyyənləşdirilmiş, yüksək fotohəssaslıqlı darzolaqlı yarımkeçiricilərdə aşqar və səth hallarının nəzəriyyəsi yaradılmış, termoelementlərin metal-yarımkeçirici sərhədində elektron və fiziki-kimyəvi hadisələrin mexanizmi, foto və termoelektrik çeviricilərində elektron proseslərinin təbiəti müəyyənləşdirilmiş, yeni fotoelektrooptik effekt aşqar edilmiş, keçmiş İttifaqda ilk dəfə olaraq respublikamızda fotoelektronika elmi-texniki istiqaməti yaradılmışdır. Yeni fotoqəbuledicilərin, elektron-optik çeviricilərin, infraqırmızı texnika üçün elektron mikrosoyuducuların, qeyri-standart elektron-ölçü cihazlarının işlənməsinin, istehsalının və sınaqdan keçirilməsinin tam tsikli təşkil edilmişdir.

Qabaqcıl sahələr üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması və aparılmış fundamental tədqiqatlar respublikada elektronika, cihazqayırma, energetika və digər elm tutumlu sənaye sahələrinin yaradılmasına imkan verdi. Məhz həmin dövrdə fizika sahəsində də müxtəlif ittifaq nazirliklərinin tabeliyində olan və mühüm dövlət əhəmiyyətli qurğular yaradıb istehsalata tətbiq edən təcrübə zavodlu Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutu, Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi, Geofizika Elm Mərkəzi, "Azon" və indiki "Alov" zavodları, bir neçə XKB və təcrübə zavodu yaradılaraq uğurla fəaliyyət göstərdi. Fizika və Tətbiqi Fizika institutlarında alınmış elmi nəticələr əsasında ilk dəfə olaraq tətbiqi yüksək səmərə verən çoxfunksiyalı yaddaş elementləri, yüksək parametrli selen çeviriciləri, yüksək möhkəmliyə malik alət poladları, tibbi xidmətlər üçün elektron soyuducuları, yüksək və ultra yüksək gərginlikli elektrik verici xətlərinin çəkilməsi və istifadəsi zamanı yaranan qısaqapanma cərəyanlarını, ifrat gərginlikləri azaltmaq üçün qurğular, elektron soyuduculu xüsusi təyinatlı fotoqəbuledicilər, termonüvə sintez qurğusunda, yerin təbii sərvətlərini aşkar edən kosmik aparatda, Mars planeti və onun Fobos peykini tədqiq edən kosmik aparatlarda, lazer nişanlamada, yer üzərində strateji obyektləri aşkar edə bilən uçan pilotsuz aparatlarda, xüsusi təyinatlı yerüstü, uçan və sualtı qurğularda və s. tətbiq olunan fotoqəbuledicilər yaradılaraq kütləvi istehsalı təşkil olundu.

Həmin illər elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı yüksək mükafat - "Xalqlar dostluğu" ordeni də Akademiyaya 1975-ci ildə Heydər Əliyev tərəfindən təqdim edildi.

Bu arada bir hadisəni xatırlatmaq istərdik. 1970-ci ildə Akademiyada prezident seçkiləri ərəfəsində respublika rəhbəri Heydər Əliyev o dövrün bəzi rəhbər işçiləri ilə birlikdə akademik Həsən Abdullayevin direktoru olduğu Fizika İnstitutuna gəldi, institutun fəaliyyəti ilə yaxından tanış oldu. Bu hadisədən bir neçə gün sonra Həsən Abdullayev Akademiyanın prezidenti seçildi.

Tədqiqatların nəticələrinə görə həmin dövrdə İnstitutun alimlərindən bir neçəsinə SSRİ və Azərbaycan SSR Elmlər Akademiyalarına üzv seçilmiş, orden və medallar, fəxri adlar verilmişdir. Həmçinin 25 nəfər Azərbaycan Dövlət mükafatına, 2 nəfər SSRİ Dövlət mükafatına, 2 nəfər Ukraynanın Dövlət mükafatına, bir nəfər Ümumittifaq, üç nəfər Respublika Komsomolu mükafatına, 2 nəfər SSRİ EA Yabloçkov adına, 1 nəfər D.İ.Mendeleyev, 4 nəfər Vavilov adına mükafatlara layiq görülmüşlər.

İnstitut Bakıda bir neçə Ümumittifaq və beynəlxalq konfrans və simpoziumlar keçirmişdir. İnstitut əməkdaşlarının 16 monoqrafiyası Bakı, Moskva Elm nəşriyyatlarında, habelə ABŞ-da çap olunmuşdur.

XX əsrin 80-ci illərinin ikinci yarısından respublikada elmin inkişafına sərf olunan vəsaitin azalması, elmi-tədqiqat institutlarında müasir avadanlığın çatışmazlığı Azərbaycan elminin inkişafına böyük maneələr yaratdı. Xalqımızın uzun illərdən bəri əldə etdiyi milli sərvət - ən böyük elmi potensial olan Azərbaycan Elmlər Akademiyası, elmi-tədqiqat və layihə institutları, XKB-lər 90-cı illərin əvvəllərində məhvə doğru gedirdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət rəhbərliyinə ikinci dəfə qayıdışından sonra ölkəmizdə mədəniyyətin, xüsusilə elmin inkişafında yeni dövr başlandı.

Akademiyanın kollektivi fəxr edir ki, Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışından sonra ictimaiyyətlə ilk görüşü Akademiyadan başlayıb. Belə ki, 1993-cü ildə Naxçıvandan Bakıya - müstəqil dövlət quruculuğuna qayıdan Heydər Əliyev ilk görüş yeri kimi Elmlər Akademiyasını seçdi. Həmin il sentyabr ayının 21-də Elmlər Akademiyasında ziyalılarla keçirilən görüşdə Heydər Əliyev Azərbaycan Elmlər Akademiyası barədə gedən neqativ söhbət və mülahizələrə son qoyaraq qəti şəkildə öz fikrini bildirdi: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu Akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir". Bunun ardınca ulu öndər vurğulayırdı: "Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, İnstitutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacayıq. Azərbaycan elmi inkişaf etməlidir".

Azərbaycanda iqtisadiyyatın ağır böhran vəziyyətində olduğu 1993-cü ildə söylənilmiş bu ibrətamiz fikirlər respublikamızın indiki səviyyəsində bir daha ulu öndərin uzaqgörənliyini, Elmlər Akademiyasına, ümumiyyətlə elmə böyük qayğı və diqqətini əks etdirir. Bununla ulu öndər həm də yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı.

Ulu öndər alimlərə çox böyük qiymət verirdi. O deyirdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur".

1997-ci il yanvarın 31-də Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini, aparıcı alimlərin bir qrupunu qəbul edərək Azərbaycan elmi sahəsində yeni islahatların aparılmasının vacibliyini xüsusi vurğulamış, elmin inkişaf strategiyasının əsas müddəalarını və Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirmişdir. Bu görüş tariximizdə elmə və alimə verilən ən böyük qiymət kimi qalacaq. Heydər Əliyev deyirdi: "Azərbaycan Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük bir səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz, alimlərimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxşaxəli olmayıbdır. Müstəqil Azərbaycan Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir. Azərbaycan Milli Elmlər Akademiyası - bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq".

Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövrü ərzində ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Elmlər Akademiyasına "Milli Elmlər Akademiyası" statusu verildi. Bununla da, respublikada akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğu bir daha təsdiqləndi.

Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə elmimizin inkişafı məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imzalayıb, Azərbaycan elmi daim onun diqqət mərkəzində olub. Heydər Əliyev deyirdi: "XXI əsrdə yüksək elmi potensiala və elmi tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq".

Ulu öndərin elmə, elm adamına diqqət və qayğı siyasəti hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçımız 2011-ci il aprel ayının 26-da keçirilən AMEA-nın illik ümumi yığıncağında demişdir: "Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycan milli maraqlarına həmişə olduğu kimi xidmət etsin. Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır… Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir".

Ulu öndərin və onun siyasətinin davamçısı İlham Əliyevin respublikamızın müstəqilliyinin ilk iqtisadi cəhətdən ağır dövründə Elmlər Akademiyasına və Akademik elmə göstərdiyi bu qayğı sayəsində elmin bütün sahələri üzrə yeni intibah dövrü başlandı və alimlərimiz çətinliklərə baxmayaraq yeni nailiyyətlər əldə etdilər. Bu intibah fiziklərin və Fizika İnstitutunun fəaliyyətində də özünü göstərdi.

Fizika İnstitutunda kondensə olunmuş halın fizikası, optoelektronikanın fiziki əsasları istiqamətində nanosistemlər də daxil olmaqla kondensə olunmuş halın nəzəriyyəsi, qeyri-trivial topologiyalı sistemlər, onların elektron strukturu və optik spektrləri, struktur faza keçidləri və kvant faza halına keçidlər, meqatronika, elektron texnikası üçün funksional materialları və onlar əsasında yüksək effektivli elektron çeviriciləri, naziktəbəqəli, nanoölçülü struktur sahələrində fundamental və tətbiq xarakterli elmi-tədqiqat işləri genişləndi. Bu tədqiqatlarla Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsi yaradıldı, bu tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olması göstərildi. İlk dəfə olaraq mürəkkəb tərkibli kristallarda elektron, maqnon, eksiton spektrlərinin təhlilinə qrup nəzəriyyəsi üsulu tətbiq edilərək, psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zona quruluşu, üçqat birləşmələrin elektron və fonon spektrlərinin ilkin prinsiplərdən tapılması üsulu verilərək bir sıra birləşmələr üçün spektrlər, aşağı ölçülü sistemlərdə, o cümlədən yarımkeçirici və yarımmaqnit yarımkeçirici kvant nöqtələrində elektron və fononların enerji spektrləri hesablandı. Parabolik potensiallı yarımkeçirici kvant çuxurunda elektrik keçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsi quruldu, mənfi maqnit müqavimətinin yaranmasının yeni mexanizmi aşkar edildi və s.

Eyni zamanda, eksperimental olaraq yeni spintronik cihazların, supercəld kvant kompüterlərin yaradılmasına, mayorani fermionlarının öyrənilməsinə köməklik göstərəcək materiyanın yeni kvant halı olan ilk antiferromaqnit topoloji izolyatorun, yuxarı temperaturlu ifratkeçiricilərin, lüminessensiya intensivliyi həcmi kristallardan yüksək olan nanostrukturların, yüksək effektivlikli həcmi və nanostrukturlu termo və fotoelektriklərin, infraqırmızı oblastda yüksək fotohəssaslıqlı epitaksial təbəqələrin, müxtəlif çeviricilər üçün şüşəvari xalkogenidlərin və maqnit yarımkeçiricilərin, terahers tezlikli çeviricilər üçün funksional materialların, effektiv günəş elementlərinin və detektorlarının hazırlanması üçün nanoqəfəsli təbəqələrin, bunlar əsasında çevirici strukturların yaradılmasının fiziki əsasları işləndi, təcrübi nümunələr alınaraq onların elektron strukturu və kompleks fiziki xassələri tədqiq olundu, tətbiq imkanları müəyyənləşdirildi.

Nüvə fizikası və yüksək enerjilər fizikası istiqamətində koordinatdan asılı kütləli qeyri-realivistik kvant dinamiki sistemlərini tədqiq etmək üçün bir-birinə kommutasiya etməyən impuls və kütlə operatorlarının bütün mümkün nizamlamalarını nəzərə alan yeni ümumiləşmiş sərbəst Hamilton operatoru təklif olunaraq kvant dinamiki sistemlərin modelini qurmaq üçün tətbiq olundu. İlk dəfə olaraq neytral zərrəcik olan neytrinoların sürətləndirilməsinin mexanizmi irəli sürüldü.

Kvant mexanikasının dəqiq həll oluna bilməyən yarımsonsuz kvant çuxuru problemi qeyri-düzbucaqlı profilə və koordinatlardan asılı kütləyə malik olduğu halda dəqiq həll edilərək, bu problemə uyğun gələn enerji spektrinin və dalğa funksiyasının analitik ifadələri tapıldı. Əldə edilən nəticənin böyük elmi dəyəri nəzərə alınaraq xarici alimlər tərəfindən yüksək reytinqli beynəlxalq jurnalda İnstitutumuzda dəqiq həlli tapılmış bu qeyri-relyativistik kvant sisteminə müəlliflərin şərəfinə "Cəfərov-Nağıyev yarımsonsuz kvant çuxuru" adı verilmişdir.

Energetikanın fiziki-texniki problemləri istiqamətində yüksək temperaturlu ifratkeçirici əsaslı və xətti hibrid cərəyan məhdudlaşdırıcısı olan mürəkkəb elektrik dövrələrində elektromaqnit dalğa proseslərinin modelləşdirilməsinə dair riyazi model qurulmuş, güclü elektrik sahələrinin və qazboşalmalarının sənaye texnoloji proseslərdə tətbiqi istiqamətində müxtəlif aqreqat halında olan materialların modifikasiya prosesləri üzrə tətbiqyönümlü, yeni effektiv üsullar işlənmişdir.

Son illərdə energetika sisteminin etibarlılığını təmin edən rəqəmsal texnologiyanın tətbiqi istiqamətində tədqiqatlar genişləndirilmiş, toksik qaz və azottərkibli aromatik maddə aşkarlaya bilən portativ sensor cihazları hazırlanmış, dörd rəngdə lüminessent lampalar işlənib istehsal olunmuş, çox parlaq işıq diodları ilə kombinasiya əsasında müxtəlif işıq mənbələri yaradılmışdır.

İnstitut apardığı tədqiqatlar istiqamətində dünyanın qabaqcıl elmi mərkəzləri ilə əlaqələr saxlamış, həmin mərkəzlərlə birgə tədqiqatlar aparılmışdır.

Fizika İnstitutu əməkdaşlarının bu nailiyyətləri dünya elmi ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilir. Alınmış fundamental elmi nəticələr üzrə hər il dünyanın ən nüfuzlu jurnallarında 150-ə qədər məqalə dərc olunur, nəticələr müxtəlif ölkələrin qabaqcıl elmi mərkəzlərində keçirilən beynəlxalq konfranslarda məruzə edilir. Alınmış nəticələr Fizika İnstitutunun elmi-tədqiqat istiqamətlərinə uyğun sahələrinin inkişafına, habelə bu istiqamətlərdə yeni çeviricilərin yaradılmasına, mövcud çeviricilərin və enerji sistemlərinin effektivliyinin artırılmasına kömək edir.

Ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğı göstərdiyi, müdrikliklə xalqımızın tarixi nailiyyəti, milli sərvəti hesab etdiyi, qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğuladığı Akademiya, onun İnstitutları, həmin İnstitutların əməkdaşları öz fundamental və tətbiqi tədqiqatları ilə elmi daha da zənginləşdirmək əzmindədirlər.

Arif HƏŞİMOV,

AMEA-nın həqiqi üzvü,

Səlimə MEHDİYEVA,

 müxbir üzv.