Hay separatizminin
Siyasət

Hay separatizminin "son payızı"

Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində törətdikləri terror və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir. Bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin üzvü, "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakel Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

İstintaq zamanı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 1992-ci il fevralın 24-də "xolostoy" ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində olub. Babayan Xocalı faciəsinin törədilməsində də iştirak edib. Onun sözlərinə görə, qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qoca olmaqla, 150 nəfərdən çox əliyalın şəxsi pusquya salaraq qətlə yetiriblər.

Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa, 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü də müşahidə edib. O, törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib: "Uşaq, kişi, qadın təxminən 150 meyit var idi. Üzərlərində nə qədər üzük, sırğa var idisə, hamısını çıxarmışdılar. Bu ərazidə evlər var idi. Sonradan onları söküb, poliqon düzəldirdilər. Biz 6 nəfəri burada post qurmaq üçün gətirdilər ki, o tərəfdən gələnlər Xocalıda talanda iştirak edə bilməsinlər. On dörd nəfər isə orada talan etmək üçün qaldı. Sonra gördüm ki, üç maşın gəldi. Çayın kənarına nəsə boşaltdı. Xocalı qırğınında öldürülmüş camaatın heyvanlarını yığıb, Xankəndiyə, oradan isə bu fermaya gətirdik".

Bundan əlavə, Madat Babayan əsir götürülmüş və Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

Babayandan əvvəl də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Xaçaturyan Vaqif Çerkezoviç cinayət məsuliyyətinə cəlb olunub. İstintaqla müəyyən edilib ki, Xaçaturyan Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib, 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bu cinayətlərə görə, uzun zamandır rəsmən axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviç 29 iyul 2023-cü il tarixdə səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Hazırda iş üzrə məhkəmə iclasları davam edir.

Yəni hazırda separatçı erməni qatill

əri əlləri qandallı, başları aşağı paytaxt Bakıya gətirilərək Azərbaycan qanunları qarşısında cavab verirlər.

Keçmişdə bir çoxları üçün xəyal kimi görünən bu proseslərin reallaşması isə təsadüfi deyil. Belə ki, əslində gələcəkdə yaşanılacaq hadisələrin anonsunu 2023-cü il sentyabrın 20-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev vermişdi: "Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar".

Bəli, qüdrətli Azərbaycan dövləti cəmi üç il ərzində həm torpaqlarını işğaldan azad etdi, həm ərazi bütövlüyünü, həm də suverenliyini tam təmin etdi.

Qarabağda separatizmə son qoyan dövlətimiz Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə xalqımıza qarşı soyqırımı, qətliam törədən, əsirlikdə, girovluqda olan azərbaycanlılara olmazın işgəncələr verərək öldürən erməni qatillərinin layiqli cəzalarını verir. Yaxşı deyiblər, "haqq nazilər, amma üzülməz".

Jalə QASIMZADƏ,

"Respublika".