Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir
CƏMİYYƏT

Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, builki Qurban bayramının müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Milli Qurtuluş Günü ilə eyni günə təsadüf etdiyini bildirən şeyxülislam bu iki müqəddəs günün üst-üstə düşməsinin həm dini, həm də milli dəyərlərimizi daha da möhkəmləndirdiyini, həmrəyliyimizi gücləndirdiyini söyləyib. QMİ sədri qeyd edib: "Bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman Azərbaycan əsgərinin Xankəndidə, Əsgəranda, Xocalıda dövlətimizin üçrəngli Bayrağını ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, məbədlərimiz bərpa və inşa edilir, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Ali Baş Komandan İlham Əliyevə xeyir-dualar diləyirik!"

Şeyxülislam builki Qurban bayramının müstəqil dövlətçilik tariximizdə mühüm tarix - Milli Qurtuluş Günü sevinci ilə eyni zamana təsadüf etdiyini bir daha xatırladaraq əlavə edib: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin xilası günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlət müstəqilliyimizin daimi, zəfərlərimizin davamlı olmasını diləyirik. Dünya ictimaiyyəti Azərbaycanın siyasi Liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə, biz Azərbaycanın gələcəyinə böyük inam, ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaq".

"Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, builki bayram qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə iyunun 16-na təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü - iyunun 16-17-də qeyri-iş günü elan edib və bu xüsusi münasibətinə görə biz müsəlmanlar dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, qurban kəsimi üç gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda mübarizədə şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, qazilərimizə, yaralılarımıza Allahdan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur. Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycanı və dövlətimizin başçısını qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!", - deyə A.Paşazadə təbrikində bildirib.