Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
CƏMİYYƏT

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Bu ilin yanvar-mart ayları ərzində ümumilikdə müsadirə olunmuş 1 ton 787 kiloqram 303,666 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Həmin müddətdə qanunsuz dövriyyədən çıxarılmış bu narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36 min manat kimi qiymətləndirilir.

"Respublika" xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun

2024-cü ilin yanvar-mart aylarının yekun hesabatında yer alıb.

Bildirilib ki, bu ilin yanvar-mart aylarında narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirib.

2024-cü ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 909 cinayət faktı aşkarlanıb. Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.