Ali Məhkəmənin sədri İstanbulda türkdilli ölkələrinin Məhkəmə-Hüquq şuralarının sədrlərinin toplantısında iştirak edir
Türk dünyası

Ali Məhkəmənin sədri İstanbulda türkdilli ölkələrinin Məhkəmə-Hüquq şuralarının sədrlərinin toplantısında iştirak edir

İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuralarının sədrlərinin ikinci toplantısı davam edir.

"Respublika" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov iştirak edir.

Toplantının açılış mərasimində Türkiyənin Hakimlər və Prokurorlar Şurasının Baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin ədliyyə naziri, ölkənin Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç çıxış edərək türkdilli ölkələr arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin önəmini vurğulayıblar.

Toplantı TDT-nin Baş katibinin müavini Sadi Cəfərovun moderatorluğu ilə “Ölkələrin təqdimatı: Hüquq-məhkəmə orqanlarının strukturu, vəzifəsi, səlahiyyətləri” mövzusunda panel iclasla davam etdirilib.

Paneldə çıxış edən İnam Kərimov belə tədbirlərin keçirilməsinin qarşılıqlı təcrübələrindən faydalanmaq, əməkdaşlığın gücləndirilməsi və ümumi maraqlar üçün fəaliyyətin birgə təşkili baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Qeyd edək ki, mayın 25-dək davam edəcək tədbir çərçivəsində iştirakçıların növbəti toplantının müəyyənləşdirilməsi ilə bağlı texniki toplantıları keçiriləcək, yekun bəyannamə imzalanacaq.

TDT ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü də nəzərdə tutulur.