4 günlük savaşdakı Qələbədən 44 günlük müharibədəki tarixi Zəfərə
Tarix

4 günlük savaşdakı Qələbədən 44 günlük müharibədəki tarixi Zəfərə

Ermənistanın ötən əsrdə dəfələrlə təkrarlanan işğalçılıq siyasəti 1990-cı illərin əvvəllərində yenidən reallaşdı. Qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiası nəticəsində 20 faiz torpağımız zəbt edildi, 1 milyona yaxın vətəndaşımız məcburi köçkünə çevrildi.

Yurd-yuvasından didərgin düşən insanlar ölkənin müxtəlif yerlərində məskunlaşdılar. Ovaxtkı hakimiyyətin onlara heç bir ümid verməməsinə baxmayaraq, insanlarda gələcəyə, doğma yurdlarına qayıdacaqları günə olan inamı ölmədi. Uzun illər bu niyyətlə yaşadılar. Torpaq itkisinin ağrısını sinələrinə çəkib, yurda qayıdacaqları günü gözlədilər. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra apardığı siyasət artıq geri dönüşün başlanğıcı oldu. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində islahat və yenilikləri isə ölkəmizi addım-addım qələbəyə yaxınlaşdırırdı.

Ermənilər uzun illər işğalda saxladıqları ərazilərimizdən hərtərəfli yararlanaraq yeni ərazi iddiaları ilə mütəmadi olaraq atəşkəsi pozurdular. Əlbəttə ki, hər dəfə də layiqli cavablarını alırdılar. Belə genişmiqyaslı hücumlardan biri də 2016-cı ilin aprelində oldu. Düşmən növbəti hücumu ilə dinc sakinləri hədəf alaraq öz azğın, vəhşi məqsədini həyata keçirmək istədi. Bu döyüşlər hər iki tərəfin nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistan ordusu, hər zaman olduğu kimi, işğalçılıq mövqeyindən hərəkət edərək təxribatçı əməllərə əl atsa da, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan ərazilər uğrunda apardığı haqlı mübarizəsində düşmənə dərs verdi.

Ordumuzun bu qələbəsi Aprel döyüşləri kimi tarixə düşdü, xalqımızın heç vaxt erməni işğalı ilə barışmayacağını və torpaqlarının azadlığı uğrunda ordumuzun qabiliyyətini göstərdi. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etməyə qadirdir. Elə bunun nəticəsi olaraq döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələndi. Hərbçilərimizin azad etdikləri ərazilər xalqda böyük ruh yüksəkliyinə səbəb oldu. İllərlə davam edən yurd itkisinin sona çatacağı günə addım-addım yaxınlaşırdıq. Aprel döyüşləri bu mənada böyük qələbənin müjdəçisi idi. Axı cəmi 4 günə kifayət qədər böyük ərazi işğaldan azad edilmişdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Ermənistan əsl həqiqətin nədən ibarət olduğunu anladı və bildi ki, artıq qarşısındakı 1990-cı ildəki Azərbaycan deyil. Lələtəpə yüksəkliyi də daxil olmaqla 2000 hektardan artıq ərazi azad olunmuşdur. Aprel döyüşlərini həm də güclənməkdə olan Azərbaycan Ordusunun hərbi təliminin ilk qələbəsi kimi də qiymətləndirmək olar.

Artıq məğlubiyyətin acı şərbətini dadan Ermənistan ordusu və cinayətkar erməni rəhbərləri də öz narahatlıqlarını yeni hücum planları ilə davam etdirirdilər. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində yenidən hücum edərək təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdular. Lakin Azərbaycan əsgərinin şücaəti nəticəsində düşmən məqsədinə nail ola bilmədi. Hətta onların əlavə qüvvələr göndərmək cəhdləri və hücumu davam etdirmək planları da baş tutmadı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi, düşmənin 320-dən artıq canlı qüvvəsi məhv edildi və 500-dən çox erməni hərbi qulluqçusu yaralandı. 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki mühüm əhəmiyyət kəsb edən yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Nəticədə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində azərbaycanlıların təhlükəsiz yaşaması mümkün oldu. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzaladı. Ümumiyyətlə, Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. O da danılmaz faktdır ki, bu döyüşlər strateji mənada düşmənin bütün planlarını alt-üst etdi. Cəmi dörd gün davam edən döyüşlər Azərbaycan-Ermənistan münaqişəsində əsaslı dönüş nöqtəsi oldu. Eyni zamanda ölkəmizin ordu quruculuğunun nə qədər güclü olduğunu göstərdi. İqtisadi baxımdan çökən və xaricdən gələn ianələr hesabına ayaqda durmağa çalışan Ermənistan ordusunun isə nə qədər zəif və gücsüz olduğunu nümayiş etdirdi. Artıq onların keçilməz səngərləri, istehkamları Azərbaycan əsgərinin ayaqları altında idi. Aprel döyüşləri həm də bütün dünyaya xalqımızın həmrəyliyini, əqidəsindən, yaşından asılı olmayaraq hər bir vətəndaşın Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu təsdiqlədi.

Bu, həm də ideoloji baxımdan ermənilərə böyük zərbə idi. Bəli, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağı düşmən işğalından tamamilə azad etməsi ilə nəticələndi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi. Böyük qələbəyə gedən yol Aprel döyüşlərindən başladı. 4 günlük savaş 44 günlük müharibədə Qələbənin ilk addımı oldu.

Ramidə YAQUBQIZI,

"Respublika".