Qubadlı: Əbədi yurdumuz qürur və iftixar gününü qeyd edir
Tarix

Qubadlı: Əbədi yurdumuz qürur və iftixar gününü qeyd edir

30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-i hərb tariximizə Qubadlı şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur. Sərəncam Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

O günlərin yaddaşlarımıza əbədi həkk olan tarixi xronologiyasını bir də xatırlayaq: Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb. Qubadlı şəhərinin işğaldan azad olunması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tviter hesabından paylaşım edib: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Qubadlı şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatmış müharibənin gedişatında önəmli dönüş nöqtəsi oldu. Qubadlının qurtuluş əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonlarının Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva öz "Instagram" hesabında Qubadlı şəhərinin azad olunması münasibətilə paylaşım edib: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!". Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

Onu da qeyd edək ki, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində məskunlaşıb. Erməni hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu işğal etmişdi. Vandalizmi ilə tanınan düşmən 94 kənd və qəsəbəni, o cümlədən 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni məhv edib. 826 kvadratkilometr əraziyə malik Qubadlıdan 31 mindən çox əhali didərgin düşmüşdür. 1993-cü il avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olmuş, onlardan 9 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Tarixi mənbələrə görə, Qubadlı Zəngəzur mahalının tərkibində olmaqla qədim etnoqrafik bölgələrdən biridir. Rayon ərazisindəki Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında xeyli sayda təbii və süni mağaraların olması onların hələ burada Paleolit dövründən məskunlaşdığını təsdiq edir. İbtidai insan düşərgələri olan belə mağaralar sonralar müqəddəsləşdirilmişdir. Ümumiyyətlə, Qubadlı rayonunun ərazisində Son Tunc - İlk Dəmir dövrünə aid Qubadlı şəhərində "Xırman yeri" adlı yaşayış məskəni, Əliquluuşağı kəndində Koroğlu qalası və Qalaça, Muradxanlı kəndində Maltəpəsi abidələri qeydə alınmışdı. Tarixi qaynaqlarda Qubadlı rayonunun Həkəri kəndinin adına erkən orta əsr mənbələrində rast gəlinir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Bərgüşad, Həkəri və onların qolları, Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s. Qubadlının ərazisindən axır.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli addımlar atılır, praktik işlər görülür. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri, səfər çərçivəsində təməlqoymalar, açılışlar dediklərimizi bariz şəkildə təsdiq edir. Qubadlı şəhərinin baş planı müasir normalara uyğun hazırlanıb. Baş plana əsasən Qubadlının təbiəti və tarixi keçmişi özünəməxsus memarlıq həllinə qovuşacaqdır.

İşğaldan azad olunandan sonrakı dönəm Qubadlı tarixinin özünəməxsus yeni inkişaf dövrüdür. Qubadlı şəhəri, onun bütün kəndləri yenidən qurulacaq. Qubadlı ağrılı keçmişini unutmayacaq, ancaq onu bir daha yaşamayacaq. Bu əminliyi bizə tarixi Zəfərimiz, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi, şanlı Ordumuzun qüdrəti, dövlət-xalq birliyinin sarsılmazlığı, ümumən işimizin haqq işi olması və o haqqı qorumağı bacaran dövlətimiz verir.

Mustafa KAMAL,

"Respublika".