Xalq-Lider birliyinin təntənəsi
Tarix

Xalq-Lider birliyinin təntənəsi

4 oktyabr 1994-cü ildə Ulu Öndər milli televiziya və radio vasitəsilə xalqa müraciət edib

90-cı illərin əvvəlləri Azərbaycanın həyatında mürəkkəb hadisələrin baş verdiyi, cəmiyyətimizin çox çətin vəziyyətə düşdüyü illər kimi xarakterizə olunur. Lakin buna baxmayaraq, xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın müstəqilliyini qorumağa nail olub və dövlətinə sahib çıxmaq üçün ayağa qalxıb. Təbii ki, bütün bu proseslərin önündə hər zaman xalqına, onun iradəsinə güvənən Heydər Əliyev olub. Ulu öndər respublikamızın çətin günlərində əvvəlki rəhbərlərdən fərqli olaraq, Vətənimizin üzərinə hücum çəkən daxili və xarici qüvvələri cəsarətliliyi ilə zərərsizləşdirib.

Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra çətin, ağrılı, acılı yollardan keçib. Ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, 1 milyondan artıq soydaşımızın öz doğma dədə-baba yurdundan didərgin düşməsi böyük problemlər içərisində olan Azərbaycanı daha da pis duruma gətirib çıxardıb. O dövrdəki iqtidar və müxalifət rəhbərləri vəzifə bölgüsündə qarşıdurma yaratmışdı.

Nəhayət, 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdan görkəmli siyasi xadim Heydər Əliyev qısa zaman ərzində taleyüklü məsələlərin həll olunması istiqamətində ciddi işlər gördü. Həmin il oktyabr ayının 3-də dövlət başçısı seçilən ümummilli lider 10 illik prezidentlik dövründə müasir tariximizə şanlı səhifə yazdı.

Heydər Əliyev ölkə başçısı seçildiyi gündən etibarən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasını, zəngin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılmasını qarşısına hədəf qoymuşdu. Və heç bir il keçməmiş, hər iki məsələ öz həllini tapdı. Azərbaycan xalqının mənafeyinə xidmət edən "Bişkek" protokolunun və "Əsrin müqaviləsi"nin imzalanmasına baxmayaraq, dövlətimizin güclənməsinə, siyasi-iqtisadi müstəqillik əldə etməsinə xor baxanlar yenidən fəallaşmağa başladı.

Müstəqilliyin ilk illərində respublikada adi hala çevrilən dövlət çevrilişi bu dəfə ulu öndər Heydər Əliyevə qarşı yönəldi. Belə ki, AXC-Müsavat cütlüyünün hakimiyyətinin süqutuna səbəb olan ovaxtkı baş nazir Surət Hüseynov 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün xaricdən təşkil edildiyi də heç kimə sirr deyildi. Təsadüfi deyil ki, müqavilənin imzalanmasından bir gün sonra sentyabrın 21-dən 22-nə keçən gecə cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. Bunlar 1993-cü ilin iyununda Azərbaycanda Talış-Muğan Muxtar Respublikasının yaradılmasına çağırış edən, separatizmi dəstəkləyən, əvvəllər müdafiə nazirinin müavini olmuş Əlikram Hümbətov, həmçinin keçmiş müdafiə naziri Rəhim Qazıyev, Baba Nəzərli və Arif Paşayev idi. Həmçinin sentyabrın 29-da dövlət xadimlərinə qarşı sui-qəsd təşkil olundu və Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Bundan sonra oktyabr ayının 2-də Surət Hüseynovun qanunsuz yaratdığı silahlı dəstələr, onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq-mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər. Analoji hadisələri digər rayonlarda davam etdirməyə çalışdılar. Paytaxt Bakıda Rövşən Cavadovun qardaşı, Xətai rayon prokuroru Mahir Cavadov və onun nəzarətində olan 8 nəfər silahlı şəxs isə Respublika Prokurorluğunun inzibati binasına basqın etdi. Baş Prokuror Əli Ömərov qiyamçılar tərəfindən əsir götürüldü. XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov da qiyamçılar arasında idi.

Həmin ərəfədə - sentyabrın 25-dən 30-dək Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasında iştirak edirdi. BMT Baş Məclisinin sessiyasında çıxış edən ulu öndər Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq aləmdə tutduğu mövqe barədə dünya ölkələrinə məlumat verərək ölkəmizin beynəlxalq aləmdə mövqelərini açıqladı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini və bunun nəticəsində torpaqlarımızın bir hissəsinin işğal altına düşdüyünü və soydaşlarımızın yaşadıqları ərazilərdən didərgin olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdığı bir ərəfədə ölkədə baş verən hadisələrdən xəbərdar olan Heydər Əliyev ölkəyə geri döndü.

Vəziyyətin son dərəcə təhlükəli məcraya yönəldiyini görən dahi lider oktyabrın 4-də gecədən xeyli keçməsinə baxmayaraq, milli televiziya və radio ilə xalqa müraciət etdi, milləti dövlətçiliyimizi qorumağa çağırdı: "Mən sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarında olarkən çox ağır xəbər aldım. Həmin gün axşam Azərbaycan Respublikasının iki dövlət xadimi - Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qəddarcasına, vəhşicəsinə qətlə yetirilmişlər. Mən bu xəbəri BMT Baş Məclisinin sessiyasında çıxış etməyə gedərkən eşitdim. Bu acı xəbər məni çox üzdü, sıxdı, eyni zamanda məni səfərbər etdi və bildirdi ki, bəli, respublikamızda sabitliyi pozmaq, Azərbaycan dövlətinə, ölkəmizin müstəqilliyinə təcavüz etmək istəyən qüvvələr var. Onlar həm Azərbaycanın daxilində, həm də onun xaricindədir. Bu hadisə ilə bağlı mən Nyu-Yorkda bəyanat verdim, onun mətni Azərbaycanda mətbuatda dərc olunmuş, əhaliyə çatdırılmışdır. Ona görə də bir daha təkrar etmək istəmirəm, sadəcə olaraq demək istəyirəm ki, bu, adi bir terror hadisəsi, iki nəfər dövlət xadiminin qətlə yetirilməsi deyil, müstəqil Azərbaycan dövlətinə qarşı yönəldilmiş siyasi terrordur. Şübhəsiz ki, Azərbaycan xalqı buna qarşı öz cavabını, sözünü deməlidir".

Heydər Əliyev xalqa müraciətində məhbusların qaçırılması, dövlət xadimlərinə qarşı sui-qəsd və nəhayət, oktyabrın 2-də başlayan dövlət çevrilişinə cəhd hadisələrini Azərbaycanın müstəqilliyinə qarşı təcavüz adlandırdı və bu hərəkətlərin qarşısının alınmasını özünün və xalqının borcu olduğunu bildirdi. Xalqına güvənən lider bir daha əhalini ayağa qalxmağa səslədi: "Hər bir vətəndaş, vətəninə sadiq olan hər bir qeyrətli, vətənpərvər insan bu məsələləri özü götür-qoy etməli, öz mövqeyini bildirməli, Vətənimizdə, ictimai-siyasi həyatımızda öz yerini tutmalıdır. Biz hamımız əl-ələ verməliyik, bu ağır vəziyyətdən çıxmaq üçün birləşməliyik. Buna görə də mən xalqı milli həmrəyliyə, milli birliyə dəvət edirəm. Xalqı dəvət edirəm ki, bu ağır günlərdə bütün dedi-qodular bir kənara atılsın, bütün umü-küsülərə son qoyulsun, xalq birləşsin. Çünki respublikanın, müstəqil Azərbaycanın dövlətçiliyi təhlükə qarşısındadır. Bəzi qüvvələr hərəsi bir tərəfdən hərəkət edərək Azərbaycanı dağıtmağa can atırlar. Buna görə də kim Azərbaycanı sevirsə, kim onun müstəqilliyini istəyirsə, kim bir Azərbaycan vətəndaşı kimi öz vətənpərvərlik hisslərini və duyğularını bildirmək istəyirsə, hamı ayağa qalxmalı, səsini ucaltmalı, münasibətini göstərməlidir".

Məhz bu çıxışdan sonra gecə vaxtı yüz minlərlə insan Prezident sarayının qarşısına toplaşdı. Baş vermiş hadisələr Azərbaycan Respublikasının müstəqilliyinə qarşı təcavüz və ölkə daxilində xaos, anarxiya yaratmağa nail olmaq idi. Daxili və xarici düşmən qüvvələrin birgə fəaliyyəti nəticəsində qiyam planlaşdıranlar Azərbaycanın müstəqilliyinə son qoymağa çalışsalar da "Xalq-Lider" birliyi sayəsində dövlət çevrilişinin qarşısı qətiyyətlə alındı. Oktyabr ayının 5-də isə bir milyona yaxın insan liderinin çağırışı ilə ümumrespublika həmrəylik mitinqində iştirak etmək üçün Azadlıq meydanına toplaşdı.

Musa BAĞIRLI,

"Respublika".