Qələbələrdən qələbələrə...
Tarix

Qələbələrdən qələbələrə...

İkinci Qarabağ müharibəsinin başlanmasından üç il ötdü

Reanimasiya otağındakı yaralı əsgər gözlərini açanda başının üstündə ağ xalatlı həkimləri və tibb bacılarını gördü. Ciyərləri yanırdı, heç su istəməyə də taqəti yox idi. Yaşamaq istəyirdi, yaşamaq istəyirdi ki, yenidən döyüşlərə atılsın. Yaşamaq istəyirdi ki, Azərbaycan əsgərinin gücünü, iradəsini erməni daşnaklarına göstərsin. Həkimlər yaralını nə qədər sakitləşdirmək istəsələr də o, ipə-sapa yatmır, dəli bir nərə çəkir:

- Həkim, ölmək istəmirəm, yaşamaq istəyirəm, hələ mənim döyüşüm qabaqdadır! Məni Qarabağ gözləyir, - deyirdi.

Həkimlərdən biri onun qara saçlarını tumarlayaraq təsəlli verirdi: "Sən yaşayacaqsan! Sənin gələcəyin qabaqdadır. Bir də ki, sən əsgərsən, əmri yerinə yetirib döyüşmüsən, özü də qəhrəmancasına...".

Keyləşdirici və yuxu gətirən iynələrdən sonra sakitləşib gözlərini yummuş, ağrılarını bir qədər unutmuşdu. Xəyalında olub keçənləri canlandırır, şəhid yoldaşlarının intiqamını almaq üçün tez sağalıb cəbhəyə dönəcəyi günü gözləyirdi. O gün isə gəlməyəcəkdi, çünki düşmən mərmisi çiçək arzuları hələ öndə olan, yenidən cəng meydanına atılmaq istəyi ilə alışıb-yanan bu igid əsgərin sağ ayağını yarıdan qoparıb aparmışdı...

Vətən müharibəsi... Bəli, xatırlatdığımız bu epizod da İkinci Qarabağ müharibəsində yaşanan minlərlə acı səhnədən biridir...

44 gün çəkən torpaq savaşı çoxlarının arzusunu gözündə qoydu, dünən oyuncaq silahlarla "düşmən-düşmən" oynayan oğullar 44 gündə əsl müharibənin odundan-alovundan keçdi, çoxları bir xəyal kimi uçub getdi:

 

Eşidin, bu elin şəhid oğluyam,

Şəhid var, deməli, torpaq da vardır.

Zəmidə sünbüllər, süfrədə nemət,

Vətənin başında papaq da vardır,

 

- deyib canından oldu: "Qarabağdan xoş müjdələr gələndə, nisgilli analar deyib-güləndə, dava, ölüm sovuşanda, həsrətlilər qovuşanda, bir yaz səhəri sabah yellərinə dönüb, Qələbə, Zəfər günündə o geniş qapılarımızdan girəcəklərinə, gələcəklərinə söz verdilər".

Övladların gözü yolda qaldı, "söz verib ad günlərinə gələ bilməyən ataların" uzaq bir səfərdə olduğunu anlatdılar cocuqlara. Üç ildir ki, atasız balalara bir acı həqiqəti deməyə gücləri çatmır böyüklərin. Üç ildir ki, boy-boya verən şəhid məzarların başından eşidilən anaların ağısı, naləsi yandırıb hər kəsi:

 

Yaran sızıldayırmı,

Yarana qurban olum.

Vaxtsız qara geyinən

Yarına qurban olum...

 

44 günün hər anı tarix oldu, yaddaşlara yazıldı. O tarixi yazanların xatirələri çözələnir indi hərdən, çünki qazanılan Qələbədə payı olanların danışmağa haqqı daha çoxdur.

"İkinci Qarabağ müharibəsi işğala son qoyduğuna, azərbaycanlı gənclərin vətənpərvərliyini, ordu ilə xalqın birliyini yüksəltdiyinə, hərbi qüdrətimizi dünya dövlətlərinin diqqətinə çatdırdığına görə tarixdə daim yaşayacaq", -deyir kapitan İbad Əsədov. "Mən Azərbaycan Ordusunun zabiti olduğum bu şanlı tarixin hansısa səhifəsində izim qaldığı üçün qürurluyam". Baş leytenant Nicat Həsənov deyir bu sözləri.

Müharibədən sonra hərbi xidmətə çağırılan əsgərlərə xatirələrini danışan Elvin Məmmədovun da fikirləri maraqlıdır: "İkinci Qarabağ müharibəsi haqqında döyüş təəssüratlarımı, ermənilərin illərlə qurub yaratdığı istehkamların necə dağıdıldığını danışır, bildirirəm ki, Ermənistan işğal dövründə güclü sədlər yaratmışdı. Azərbaycan Ordusu düşmənin bu sədlərini - "Ohanyan səddi"ni darmadağın etdi. Biz addım-addım irəliləyir, düşmən geri çəkilirdi. Qələbəyə doğru gedirdik, onu da qazandıq".

O qəhrəman oğullar illər uzunu gözləmişdi bu savaşı. Bilirdilər ki, ürəyi Vətən sevgisi ilə döyünən bu nər igidlərin qarşısında erməni heç bir qüvvə ilə dayana bilməyəcək. Onlar döyüş əmrini çoxdan gözləyirdilər. Əmin idilər ki, bu əmrlə torpaqlarımız işğaldan qurtarılacaq, qələbə qazanılacaq. Və bu əmr 2020-ci il sentyabrın 27-də gəldi Ali Baş Komandandan. Bu, İkinci Qarabağ müharibəsi idi, Azərbaycanın haqlı, ədalətli müharibəsi. Həm də xalq müharibəsi idi, bu müharibə. Ön cəbhədə oğullar "Hər şey vətən üçün!"- deyib oda-alova atılanda arxa cəbhədəkilər: "Hər şey cəbhə, qələbə üçün!" - deyib çalışdılar, dəstək oldular, ordumuza inandılar.

Əsgər Elçin İbrahimov hərbi xidmətə İkinci Qarabağ müharibəsindən sonra çağırılıb. Deyir ki, məktəbdə müəllimlərindən, ailədə ata-analarından eşitdiklərini indi komandirlərinin dedikləri bir qədər də tamamlayır. Biz hərbi xidmətdə həm də İkinci Qarabağ müharibəsinin tarixini öyrənə-öyrənə mətinləşirik. Əsgərlərimiz 2022-ci il sentyabr döyüşlərində də Vətən müharibəsinin ovqatı ilə döyüşdülər, qələbə qazandılar: "2020-ci ilin noyabrında qazanılan Zəfər də, ötən ilin sentyabrında qazanılan qələbə də təsdiqlədi ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir".

...Tarixi Zəfərimizdən üç il keçir. Üç ildir ki, hər şey qələbə üzərində köklənib. Dövlətimiz işğaldan azad olumuş əraziləri bərpa edir, yenidən qurur. Eyni zamanda, 10 noyabr üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Qarşı tərəf isə təxribatlar törədərək, sülhdən uzaq düşür. Elə 2022-ci ilin 12-14 sentyabr tarixlərində də Azərbaycan Ordusu antiterror əməliyyatları keçirərək düşmənin layiqli cavabını verdi. Ermənistan daha bir tarixi dərs aldı, ancaq bundan da nəticə çıxarmadı. Kor tutduğunu buraxmadığı kimi, onlar da Qarabağdan, Azərbaycan torpaqlarından daha bərk yapışdılar. Nə vaxtsa erməni müəlliflərindən birinin bir yazısını oxumuşdum. O yazırdı ki, "erməni millətinin hər 40-50 ildən bir burnunu gərək yaxşı ovasan ki, ağlı başına gələ". Gəmidə oturub gəmiçi ilə savaşan bu gəlmələr dəmir yumruqla başları əzilsə də, can vermədilər, ölməsi üçün ulduzun çıxmasını gözləyən və son titrəyişlərini edən ilanın quyruğu kimi hələ də tərpənir. Bəlkə erməni tarixçisi, düz deyir, onların canı doğrudan da burunlarındadır. Hər halda o, öz millətini daha yaxşı tanıyır. Deyəsən, erməninin burnunu ovmaq da bu payıza qalmışdı...

Sentyabrın 19-da ermənilərin törətdiyi terror nəticəsində altı vətəndaşımız həlak oldu, Azərbaycan tərəfi təxirə salmadan lokal antiterror tədbirlərinə başladı. Qarabağın separatçılardan təmizlənməsi istiqamətində tədbirlər görüldü. Yenə də şəhidlər verdik, düşmən xeyli canlı qüvvə, hərbi texnika itirdi. Prezidentin dediyi kimi, görəsən məsələnin bu yolla həlli kimə lazım idi? Xalqa müraciət edən dövlət başçısı deyib: "Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq...".

Prezident müraciətini bu sözlərlə bitirib: "...bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

Bu yerlərdə yenə payızdır, yağışı, çiskini, dumanı ilə gəlib. Bu payız özü ilə daha bir qələbə gətirib bu yerlərə. Daha bir uğurlu döyüş əməliyyatı tarixə yazıldı: "Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır...".

Qoy ağrı-acılarımız, itkilərimiz bir də olmasın. Analar göz yaşı tökməsin, övlad itkisinin acısını yaşamasın bir daha. O yerlərdə gül-çiçək bitsin, insanlar partlayış, top-tüfəng səsinə yox, çal-çağır səsinə oyansın. Artıq bundan sonra Xocalı da, Xocavənd də, Xankəndi də... zəhər yuvasından cənnətə çevriləcək. Bax, o zaman torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhları rahatlıqla gəzəcək o yerlərdə.

 

Zümrüd QURBANQIZI,

"Respublika".