Qərbin səlibçi siyasəti Yaxın Şərqi qana boyayır
Gündəm

Qərbin səlibçi siyasəti Yaxın Şərqi qana boyayır

Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurmasının şahidi oluruq. Lakin güc dairələri münaqişənin həlli istiqamətində addım atmaq əvəzinə məsələni daha da qızışdırırlar.  Belə ki, ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, Fransa isə tərəfləri sülhə çağırmaq əvəzinə "HƏMAS"a qarşı koalisiya ideyası irəli sürür. Makron problemə səlibçi təfəkkürü ilə yanaşır. Məhz Qərbin münaqişəni alovlandırmasını nəzərə alaraq deyə bilərik ki, III dünya müharibəsi təhlükəsi günü-gündən reallaşır.

Qərbin olduğu hər yerdə mütləq şəkildə bir aqressiya və qızışdırıcılıq ritorikası mövcuddur. Supergüclər dünyanın hansı coğrafiyasında məsələlərə qarışırsa, orada mütləq gərginlik yaranır. Bu gün İsrail-Fələstin qarşıdurmasında da güc faktorlarının öz maraqlarını təmin etməyə çalışdığını görürük. Qeyd edim ki, HƏMAS-ın İsraildəki musiqi festivalına hücum etməsi prosesin daha da gərginləşməsinə səbəb oldu. Amma istənilən halda hesab edirəm ki, bu gün Makronun səlibçi düşüncəsi, Fransanın neokolonialist yanaşması bölgədə vəziyyəti daha da gərginləşdirir. Əslində, Fransa bu addımlarla nəinki İsrail-Fələstin qarşıdurmasında, dünyanın fərqli coğrafiyalarında digər məsələlərdə belə hər hansı formada söz demək haqqını itirmiş dövlətdir. Lakin buna baxmayaraq, ABŞ və Qərb imperializmi Makronun vasitəsilə İsrail-Fələstin qarşıdurmasında vəziyyətin nəzarətdən çıxmasına çalışırlar. Eyni zamanda, son baş verən hadisələrdə, bütövlükdə, hərbi ritorikadan istifadə imkanları genişlənib.

III dünya müharibəsinin ilkin qızışdırıcı ehtimallarının şahidi oluruq. "HƏMAS" ilə İsrail arasındakı qarşıdurmada prosesin sakit və sülh şəraitində həll edilməsi lazım ikən, bunu istəməyən qüvvələrin varlığı ilə rastlaşırıq. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı təcili sülhlə bağlı çağırış edib, amma həm İsrailin, həm də "HƏMAS"ın mövqeyi onu göstərir ki, bu qarşıdurmada nisbi sakitliyin və atəşkəsin əldə edilməsi ehtimalları kifayət qədər aşağıdır. Rusiya-Ukrayna müharibəsində olduğu kimi, İsrail-"Həmas" qarşıdurmasında da vəziyyətin sakitlik və barış nöqteyi-nəzərindən həll edilməsi təəssüf ki, o qədər də inandırıcı görünmür.

Tural İSMAYILOV,

politoloq.