...bir də belə tanıyaq!
Maraqlı

...bir də belə tanıyaq!

mil Meriç

Xalq yolunda gözlərini itirən məşhur türk yazıçısı Cəmil Meriç... Tarixdən sosiologiyaya, fəlsəfədən ədəbiyyata qədər geniş bir sahəni əhatə edən zəkaya sahib olan bu yazıçı əsərlərini təsirli bir üslubla yazmış, düşüncə yüklü cümlələrə şeir dadı qatmağı bacarmış bir düha idi. "Gerçək hökmdarlar əbədi hökmranlardır. Xəzinələri yağmalandıqca zənginləşirlər. Ziyalılar haqda belə demişdi... O bunu deyərkən, bəlkə də qaranlığa qərq olmuş gözləri ilə ziyalılıq hərəkatının öncülü olacağını düşünməmişdi...

Yazıçı Hatayın Reyhanlı qəzasında Mahmud Niyazi və Zeynəb Zinət xanımın ailəsində dünyaya gəlib. Dörd yaşında oxumağı öyrənən balaca Cəmil elə həmin dövrlərdən gözləri zəif olduğu üçün eynək taxmağa başlayır. Yeddi yaşına qədər Antakyada yaşayır. Lisey təhsilini Antakya Sultanisində alan yazıçı, İskəndərunun Haymeseki kəndində müəllimlik edir. Bundan sonra onun həyatında dəyişikliklər başlayır. Müəllim təyin edildiyi il İskəndərun Tərcümə Bürosunda rəis müavini olur. İşdən çıxarıldıqdan sonra isə doğulduğu torpaqlara qayıdır, Reyhanlının Ayrançı kəndində müəllimlik edir. Bir müddət bələdiyyədə katib kimi çalışır. Elə həmin il həbs olunur.

Edam cəzası ilə mühakimə olunsa da, bəraət alır. Təkrar İstanbula gedir. Xarici Dillər Yüksək Okuluna qəbul olunaraq təhsilini davam etdirir. Təhsilini tamamladıqdan sonra məcburi olaraq fransız dili müəllimi kimi Elazığa göndərilir. Həmin dövrlərdə coğrafiya müəllimi olan Fevziyə Menteşoğlu ilə tanış olur. Onunla tanışlığı çox şikayətləndiyi yalnızlığına son qoyur. Qısa zamanda aralarında yaranan sevgi evliliklə nəticələnir. Bir qadının onunla evlənməyə, onun soyadını daşımağa razı olması yazıçıda qəribə duyğular oyadır.

"Həyatım bir tragediyadır. Birinci pərdə evlənənə qədər keçən zamandır. Ulduzsuz, Allahsız, nəşəsiz, qətran kimi bir gecə. Xoşagəlməz iztirablar. Bir neçə şəhəri fəth etməyə yetən bir enerji yel dəyirmanlarına hücum eləməklə tükənir. İkinci pərdə nigakla başlayır. Daha böyük, daha dərin, daha uzun acılar. Lakin bu vahələri olan bir çöldür və göyü ulduzlarla doludur: uşaqlarım, kitablarım…".

Evlənib yalnızlıqdan, müəllim olub kasıblıqdan canını qurtaran Cəmil Meriç Elazığda duyğusal insanların çox olduğu bir mühitə düşür. Hər nə qədər sevgi dolu bir mühitdə yaşasa da, gözündəki problem getdikcə artır. Bu problemə görə onu əsgər də aparmırlar. Uğursuzluqlar ard-arda düzülməyə başlayır, həmin dövrlərdə müəllimlikdən istefa edir. Bu ərəfədə arvadı Elazığda iki övladını itirir. Həkimlər ancaq İstanbulda övlad dünyaya gətirə biləcəyini deyirlər. Yaşadıqları bir çox haqsızlıqlardan sonra İstanbula gedirlər. İstanbula getdikdən sonra bir oğulları dünyaya gəlir. İlk dəfə ona atalıq duyğusunu daddıran oğluna Mahmud Əli adını verir. Bir il sonra ikinci övladları - qızları Ümid doğulur. Qızının dünyaya gəlməsi ona düşərli olur. Həmin il İstanbul Universiteti Ədəbiyyat fakültəsində fransız dili müəllimi kimi çalışmağa başlayır.

Həyatındakı fırtınalar sakitləşməyə, hər şey yoluna düşməyə başlayanda ən böyük zərbəni alır. Bu, elə bir acı fırtınası idi ki, onu ən sevdiyi kitablarından məhrum etməyə də gücü yetirdi. Cəmil Meriç gözlərini itirir. Yazıçının gözləri onun gərgin oxuma rejiminə tab gətirmir. Gözlərindən bir neçə dəfə əməliyyat olunsa da, nəticə uğursuz olur. Gözlərini itirməsi ən böyük sevgisi olan kitabları ilə arasına qaranlıq bir pərdə çəkir. Bədbinləşir, ümidsizləşir.

"Gözlərimi, yəni hər şeyimi itirmişdim. Təkrar çarxa ilişdim. Ölümü bir çarə kimi axtarırdım. Problemlərimi ancaq o, həll edə bilərdi. Qorxaq olduğum üçün intihar edə bilmədim... Gözlədiyim heç bir şey yox idi. Yazdıqlarım heç bir əks-səda yaratmamışdı. Nə yazacaqdım?!"

Gözlərini itirincə qaranlıq dəhlizlərdə dustaqlığın, qorxunun, ümidsizliyin girdabına düşür. Çünki bir intellektual üçün gözlər yeganə xəzinəsidir. Kitablarla arasındakı yeganə bağdır. Belə demək mümkünsə, Cəmil Meriç gözlərini itirməklə hər şeyini itirdiyini düşünür. Buna görə də ölümü bir xilaskar kimi axtarır, intihar düşüncəsi bir bədxassəli şiş kimi beynində özünə yer edir.

İşıq bir vəfasız sevgili kimi onu tərk etmiş, qaranlıqlara gömərək vida etmişdi. Həm də nə vida!.. O, pessimist, ürkək, zəif bir insan idi artıq. Qanadları qırılmışdı. Çünki onun üçün korluq bir növ ölüm idi…

Belə bir əhvalda, uğursuzluq məngənəsində yoluna davam edərkən içində bir işıq yanmağa başlayır. Bu müddətdə hind ədəbiyyatı, hind düşüncəsi ilə tanış olur. Bu tanışlıq onun üçün Asiyanın kəşfi demək idi. Əslində isə özünün kəşfi. Çünki hind ədəbiyyatının sehrinə düşdüyü illərdə Konya səfəri onun üçün bir başqa dünyanın qapılarını açır.

Artıq o, yolunu tapmış "arafdakı adam" idi. Üsyanları, ümidsizlikləri, xaosları bir dua olmuşdu. İnkarlara son vermiş, inancın verdiyi güclə qəlb gözləri açılmışdı. Beləcə, Cəmil Meriç ard-arda əsərlərini təqdim etməyə başlayır. Hər şey yolunda gedərkən bu dəfə də əcəl ona imkan vermir. Bu ərəfələrdə beyninə qan sızır və bədəninin sol tərəfi iflic olur. 70 yaşlı yazıçı kor olan gözlərini bu dünyaya əbədi olaraq qapayır...

Tomas Midqli

O bu gün qlobal miqyasda üzləşdiyimiz ekoloji problemlərə böyük "töhfə" vermiş ən pis ixtiraçılardan biri hesab olunur. O, dünya tarixinə "ekologiyaya ən çox ziyan vuran alim" kimi düşüb. Söhbət Ozon təbəqəsinin məhvi də daxil olmaqla, dünyaya fayda əvəzinə zərər verən, bir çox fəlakətlərə səbəb olan amerikalı ixtiraçı, mühəndis və kimyaçı Tomas Midqlidən gedir…

Pensilvaniyada anadan olan Tomas Midqli Ohayo ştatının Kolumbus şəhərində böyüyüb boya-başa çatıb. Kornell Universitetində mühəndis-mexanik ixtisasına yiyələnən Tomas bir müddət sonra Amerika Kimya Cəmiyyətinin sədri seçilib. Elə bu ərəfələrdə pula olan hərisliyinə, tamahına güc gələ bilməyən mühəndis tetraetil qurğuşunu ixtira edib. Üzvü olduğu işçi qrupunun rəhbəri Çarlz Ketterinqlə telefon danışığı zamanı Midqli itkiləri bir kənara qoyub belə demişdi - "Bununla nə qədər pul qazanacağımızı təsəvvür edirsinizmi? 200 milyon dollar, bəlkə də daha çox qazanacağıq".

Qurğuşundan (o zamanlar qurğuşun çox ucuz idi) qaynaqlanan bu maddə bir çox sahədə istifadə edilməyə başlandı. İstifadə edilən sahələrin başında bildiyimiz kimi, avtomobillər dururdu. Daha acınacaqlı tərəfi qurğuşunun istifadə edildiyi zavod və fabriklərdə işləyən işçilər bu maddə səbəbindən ölməyə başladılar. Artan ölüm hadisələrindən sonra hökumət son çarə olaraq zavod və fabrikləri bağlatdırdı. Qurğuşunun təsirinə məruz qalan insanlarda korluq, yuxusuzluq, böyrək çatışmazlığı, xərçəng, lezion kimi xəstəliklər yarandı. Fəqət Midqlini heç nə dayandırmadı. Bu dəfə də o, dünyanın ən mühüm problemi olan ozon təbəqəsinin məhvində böyük rol oynadı. Kimyaçı Tomas dezodorantlar, dondurucular və bəzi sənaye sahələrində istifadə edilən xloroflorokarbonu (CFC) icad etdi. Qurğuşun kimi zərərli təsirləri sonralar ortaya çıxan xloroflorokarbon ancaq 70-ci illərdə qadağan edildi. Amma artıq çox gec idi, Tomas Midqli edəcəyini etmişdi... O çoxdan işini tamamlamış və dünyanı fəlakətlərə sürükləyən icadlarının təsirini ətraf mühitə yaymışdı. Verdiyi bu qədər zərərdən sonra onun ölümü də maraqlı olub. Qurğuşun zəhərlənməsi və uşaq iflici səbəbindən 51 yaşında yatalaq xəstəsi olan Tomas özünü yataqdan qaldıracaq bir aparat düzəldib. Ancaq 55 yaşında bu aparatın silindrli hissəsinə ilişərək boğulub ölüb. Bəlkə də ahını aldığı təbiətin, insanların qanında boğulub, lakin bu günün özündə də biz hələ Tomas Midqlinin ölümcül ixtiralarının ağır nəticələrini yaşayırıq. Pul üçün elm və insanlıq adına bütün etik sərhədləri aşan alim özünü də bu yolda qurban verib...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".