Birgə tariximizin önəmli hadisəsi - Şuşa Bəyannaməsi
Tarix

Birgə tariximizin önəmli hadisəsi - Şuşa Bəyannaməsi

Azərbaycan Respublikasının müstəqillik tarixində önəmli hadisələrdən biri də Şuşa Bəyannaməsinin imzalanmasıdır. 2021-ci il iyunun 15-də imzalanan bu sənəd Azərbaycan və Türkiyə əlaqələrinin müttəfiqlik səviyyəsinə ucalmasının nümayişi idi. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi 2022-ci il fevralın 1-də Milli Məclisin plenar iclasında müzakirə edilib və parlament Bəyannaməni təsdiqləyib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi özündə bütün sahələrdə müttəfiqliyi ehtiva etsə də, hərbi müstəvidə nəzərdə tutulan əməkdaşlıq  xüsusi əhəmiyyət kəsb edir. Bununla da bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyini yaradır.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi, həmçinin iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi.  Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 iyun tarixində və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması xüsusi rəmzi mənaya malikdir. Qeyd olunduğu kimi,  Bəyannamədə hərbi əməkdaşlığın qeydə alınması bu gün təcavüzkar Ermənistana, habelə bir sıra dövlətlərə çox mühüm ismarışdır. Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını bütün dünyanın nəzərinə çatdırır.

Şuşa Bəyannaməsində qeyd olunası digər bir məqam da 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər sayəsində işğaldan azad olunmuş torpaqlarda minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətin dəstəklənməsidir. Bu da öz növbəsində, "Böyük Qayıdış" prosesinin sürətlə həyata keçməsində əsas rol oynayır. Həmçinin Şuşa Bəyannaməsində regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strategiyanın həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu vurğulanır. Sazişdə göstərilir ki, Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Habelə iki ölkənin ərazisindən keçən Şərq-Qərb və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir.

İkinci Qarabağ müharibəsində qazanılan qələbənin regiona gətirdiyi əsas reallıqlardan biri də Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatına əsasən tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Musa BAĞIRLI,

"Respublika".