İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib

İyunun 15-dən 16-dək Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə Avropa Kuboku keçiriləcək. Turnirdə ümumilikdə 31 ölkədən 356 idmançının iştirakı gözlənilir. Ölkəmizi kişilər arasında 7 çəki dərəsində 14 cüdoçu təmsil edəcək. Yarışda Rövşən Əliyev, Kənan Hüseynov, Kənan İsmayılov (hamısı 60 kiloqram), Nazir Talıbov, Rəşad Yelkiyev (66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev, Rüfət Şövlətov, Kamran Süleymanov (hamısı 73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), İbrahim Ağakişiyev (90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Camal Feyziyev, İmran Yusifov (hər ikisi +100 kiloqram) mübarizə aparacaqlar.

Cüdo üzrə Avropa Çempionatı keçiriləcək

Bolqarıstanın paytaxtı Sofiya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Çempionatı keçiriləcək. Cüdoçular iyunun 27-29-da fərdi, iyunun 30-da isə komanda yarışlarında iştirak edəcəklər. Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib. Yarışda ölkəmiz 14 çəki dərəcəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq. Oğlanlar arasında Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kiloqram), Nihad Məmişov (55 kiloqram), Nihad Rəhimov (60 kiloqram), Səlim Soltanov (66 kiloqram), Cəsur İbadlı (73 kiloqram), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kiloqram), Hüseyn Eyvazlı (90 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) qüvvəsini sınayacaq. Qızların mübarizəsində isə Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova (52 kiloqram), Aytən Verdiyeva (57 kiloqram) və Mələk Bayramlı (70 kiloqram) tatamiyə çıxacaq.

Atletika Federasiyasının iki hakimi beynəlxalq dərəcə alıb

Azərbaycan Atletika Federasiyasının iki nümayəndəsi beynəlxalq dərəcəli hakim adını almaq üçün imtahanı uğurla keçib. Millimizin keçmiş üzvü, Olimpiya Oyunlarının iştirakçısı Arif Axundov, eləcə də federasiyanın Beynəlxalq Əlaqələr və İnkişaf Departamentinin müdiri Kənan Məhərrəmov Dünya Atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib. Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli müxtəlif nüfuzlu yarışlarda çalışmaq hüququ qazanıblar.

Şahmatçımız bürünc medal qazanıb

Hindistanın Qandinaqar şəhərində keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatı başa çatıb. Azərbaycan şahmatçısı Ayan Allahverdiyevanın (18 yaş) çıxışı uğurlu olub. O, 11 turun nəticələrinə görə 8,5 xal toplayıb. Bununla da o, bürünc medala sahib olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".