İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımızın lisenziya turnirində uğuru

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb. Yarışın sonuncu günündə mübarizə aparan Eldəniz Əzizli (55 kq) finalda braziliyalı rəqibinə 9:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həsrət Cəfərov (72 kq) da həlledici mərhələdə üstünlük qazanaraq çempion tituluna yiyələnib. Daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə yarışın bürünc mükafatını qazanıb.

Paraüzgüçümüz ikinci olub

Fransanın Limoj şəhərində keçirilən üzgüçülük üzrə Dünya Seriyasında paraüzgüçümüz uğurlu çıxış edib. Ölkəmizi təmsil edən paraüzgüçü Əli Vəliyev 50 metr məsafədə sərbəst üsulda finişə ikinci çataraq gümüş medal qazanıb.

Badmintonçularımız beynəlxalq turnirdə 9 medal qazanıblar

Türkiyənin Ankara şəhərində keçirilmiş "Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri sona çatıb. Azərbaycan badmintonçuları yarışı 9 medalla başa vurublar. Yarışın son günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. 4 kateqoriya üzrə finalda ölkəmizi təmsil edən badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Komandamız kişi və qadın badmintonçuların şəxsi və qarışıq qoşa kateqoriyalarında qızıl, gümüş, bürünc medallara yiyələniblər.

Stolüstü tennisçilər beynəlxalq yarışda iştirak edəcəklər

Tatarıstanın paytaxtı Kazanda keçiriləcək "BRİCS Sports Games Kazan 2024" beynəlxalq multiidman tədbirində stolüstü tennisçilərimiz də iştirak edəcəklər. İyunun 13-dən 18-dək davam edəcək yarışlarda ölkəmizi 8 idmançı təmsil edəcək. Milli komandanın tərkibində Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə yer alıb. Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan "BRİCS Sports Games Kazan 2024" beynəlxalq multiidman tədbirinə 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə qatılacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".