Xalq-dövlət birliyi sarsılmazdır
Siyasət

Xalq-dövlət birliyi sarsılmazdır

1993-cü il iyunun 9-da xalqın qətiyyətli tələbi ilə ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Ümummilli Liderin dediyi kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxildəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu təsdiq edirdi. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək bərpa etdiyi müstəqilliyini əldən vermək üzrə idi. Bu dəfə düşmənlərin daha dəhşətli plan hazırlaması ölkəyə, xalqa və dövlətə faciəvi sonluq vəd edirdi. Belə bir vəziyyətdə türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəni bəlalardan, müsibətlərdən xilas etdi.

İyirminci əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il ömür sürdü. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edəndən sonra yenidən xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxildəki xəyanətkarların əməlləri nəticəsində müstəqilliyini itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdülər.

AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən ümummilli lider Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.

Ulu Öndər o dövrün Azərbaycanını belə xarakterizə edirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

İyunun 4-də Gəncədə baş verən hadisələrdən sonra ölkədə hamı ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. O zaman dövlətimizin nicat yolu dahi şəxsiyyətin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində, şəxsi keyfiyyətlərində idi. Tək Bakıdan deyil, ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərini bir amal birləşdirirdi: "Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa, Azərbaycan xilas ola bilməyəcək". Sadə insanlar "Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır", - deyərək gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bu şəkildə ifadə edirdilər: "Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz". Ali Sovetin deputatları, hökumətin üzvləri, hətta o dövrdəki prezident başda olmaqla, bütün dövlət adamları ulu öndər Heydər Əliyevə müraciət göndərir, onun Naxçıvandan Bakıya gəlməsini israrla xahiş edirdilər.

Ümummilli Liderimiz ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışdı və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etdi. Ona görə də 1993-cü ilin iyununda Ümummilli Liderimizin Naxçıvandan Bakıya qayıdışı xalq tərəfindən alqışlarla qarşılandı. Xalq bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz Ulu Öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Ulu Öndər hadisələrin gərginliyinə, təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən böyük dəstək idi.

Ulu Öndərin möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Naxçıvanın tarixi dövlətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən dahi şəxsiyyət xalqın ona bəslənən bütün ümidlərini doğrultdu, Azərbaycanı yox olmaqdan xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində uğurlu bir mərhələ başladı.

Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hazırda öz inkişafının ən qüdrətli dövrünü yaşayır. Dahi şəxsiyyət Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır.

Azərbaycan Respublikasının beynəlxalq

 aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin uzaqgörən siyasi xadim olaraq milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması hazırda əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər bir-birinə təkan verməklə vahid bir prosesə çevrilir.

Qətiyyətlə söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur.

Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki güclü iqtisadi bazanı Ümummilli Liderimiz artıq yaradıb və davamlı sosial-iqtisadi inkişaf kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir. Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.

Xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Məhz Ali Baş Komandanımızın uğurlu siyasəti, qurduğu güclü ordu sayəsində işğal olunmuş ərazilərimizin geri qaytarılması bunu sübut edir ki, Heydər Əliyev siyasəti yaşayır, uğurla davam etdirilir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır, yeni zirvələr fəth edir.

Bayram SALMANOV,

"Respublika".