Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar
İdman

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş “Montenegro Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından "Respublika"ya verilən məlumata görə, yığma üzvləri 6 qızıl, 5 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 17 medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova halqa və gürzlərdə qızıl, lent və toplarla hərəkətdə gümüş, Zəhra Cəfərova isə halqa və lent proqramında bürünc mükafata sahib çıxıb.

Gənclərin yarışında Nilufər Oruclu B kateqoriyasında halqa və toplarla çıxışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Müvəffəqi topla birinci, gürzlər və lentlə ikinci, halqada isə üçüncü yeri tutub. Mədinə Abbaslı isə top, gürzlər və lentlərlə hərəkətlərin icrasında bürünc mükafata yiyələnib.

Yeniyetmələrin mübarizəsində Nur Sadıqova və Məryəm Baloğlanova gürzlərdə qüvvəsini sınayıblar. Onlar müvafiq olaraq, qızıl və gümüş medal əldə ediblər.