Respublika Klinik Xəstəxanası daha bir uğura imza atıb
Səhiyyə

Respublika Klinik Xəstəxanası daha bir uğura imza atıb

Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri Namidə İsayeva bildirib ki, 2 yaşından etibarən hemofiliya A xəstəliyindən əziyyət çəkən 2009-cu il təvvəllüdlü pasiyent Hüseynov Kənan dispanser qeydiyyatına alınaraq Respublika Klinik Xəstəxanasında müalicəsinə başlanılıb.

2014-cü ilə qədər VIII faktor konsentratları ilə müalicə olunan pasiyentdə həmin  ildə hemofiliya A ingibitor aşkar olunduğuna görə FEYBA preparatı ilə müalicəsi davam etdirilib. Hazırda diz oynaqlarında hemofilik artropatiya vardır. Pasiyentin özünün və anasının razılığı ilə müasir müalicə üsulu olaraq qeyri-faktor Emicizumab preparatı ilə  profilaktik müalicə kursu təyin edilib.

Bu müalicə üsulunun üstünlüyü ondandır ki, preparat digər dərmanlardan fərqli olaraq hər gün iki dəfə olmaqla vena daxilinə deyil, ayda bir dəfə dəri altına inyeksiya edilir. Müalicənin nəticəsindən və tibbi xidmətdən razı qalan valideyn və pasiyent Kənan Hüseynov xəstəxana rəhbərliyinə, hematologiya  şöbəsinin müdiri həkim-hemotoloq Mina Adıgözəlovaya və müalicə həkimi Vüqar Şirzadova öz təşəkkürlərini bildirirlər.

Məlumat üçün qeyd edək ki, hemofiliya A xəstəliyinin müalicəsində istifadə olunan preparatlar dövlət büdcəsindən hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində təmin olunur.

"Respublika".