Azərbaycanofobiya xəstəliyi
Siyasət

Azərbaycanofobiya xəstəliyi

Haqlı olduğumuz Vətən müharibəsi zəfərlə sona çatdı və biz əzəli torpaqlarımıza qovuşduq. Lakin ermənilərin bu illər ərzində dədə-baba yurdumuzda törətdiyi vandalizm qəlbimizdə dərin yaralar buraxdı.

Onların hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri, həmçinin Cəbrayıl rayonu ərazisində bölgənin qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri və daha neçə-neçə mədəniyyət abidələri dağıdıldı. Vaxtilə düşmən işğalı altında olan torpaqlarımızda ölkəmizin mədəni irsini təşkil edən mədəniyyət nümunələri xüsusi qəddarlıqla məhv edildi. Haylar ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 mədəniyyət sarayını qarət edib və yandırıblar. Nəticədə xalqımıza mənəvi-psixoloji zərbə vuruldu, iqtisadi cəhətdən böyük ziyan dəydi.

Təcavüzkarlıq, soyqırım, vandalizm, sui-qəsd, mina terroru və bu kimi insanlıq əleyhinə olan cinayət əməllərinə münasibətdə Ermənistanla Fransa eynilik təşkil edir. Anti-Azərbaycan siyasəti yürüdən Fransa ermənipərəst mövqedən çıxış edərək ölkəmizə qarşı radikal davranışlar sərgiləyir. Belə ki, Fransanın Evian şəhərində Azərbaycan parkında ölkəmizə aid yazı və əlaqəli simvolların yığışdırılması, Xurşidbanu Natəvanın abidəsinə dövlət rəsmiləri səviyyəsində vandal davranışlar əslində Fransanın əsl üzünü ortaya çıxarır. Özünü Avropada elmin, mədəniyyətin, incəsənətin himayəçisi kimi təqdim edən, hətta Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun mənzil qərargahını belə bu ad altında Parisdə yerləşdirməyə nail olan Fransa siyasi məqsədlər naminə mədəni dəyərləri yerlə-yeksan etməyə hazır olduğunu göstərdi.

UNESCO-dan söz açmışkən qeyd edək ki, adından da göründüyü kimi, təşkilat elm, təhsil və mədəniyyət sahələri çərçivəsində irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhə və təhlükəsizliyə xidmət etməlidir. Lakin bu təşkilatın rəhbərliyi azərbaycanofobiya və türkofobiya xəstəliyinə yoluxub. Qurumun baş direktoru fransız Odre Azule özünü elə aparır ki, sanki bu təşkilatın təsisçisi BMT yox, Fransa senatıdır. Bu xanım səlahiyyətlərini icra etməyə başladığı gündən etibarən Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyir. Sözsüz ki, belə bir qurumun rəhbərinin bu mövqeyini yalnız qeyri-peşəkarlıq kimi dəyərləndirmək olar. Hər halda o, Fransanın keçmiş mədəniyyət naziri vəzifəsini daha düzgün yerinə yetirsəydi, hazırda təmsil etdiyi qurumun nüfuzuna xələl gətirməzdi.

Otuz ilə yaxın müddətdə işğalçı Ermənistanın Azərbaycanın mədəni, tarixi və dini abidələrini dağıtmasına lazımi qiyməti verməli olan UNESCO susub. Onlar yalnız Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Halbuki həmin torpaqlarda işğaldan əvvəl mövcud olan mədəni irsin 95 faizi məhv edilib və azərbaycanlıların dini inanc yerləri təhqir olunub. Dəfələrlə müraciət edilsə də, o, Azərbaycanın onilliklər boyu işğal altında olan torpaqlarına faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq verməyib. UNESCO-nun Baş direktoru Odri Azule ötən il Ukraynaya ikigünlük səfəri çərçivəsində müharibə nəticəsində dağıdılmış və ziyan dəymiş mədəni abidələr də daxil olmaqla, bu ölkənin mədəniyyət obyektlərini ziyarət etmişdi. Təbii ki, bu addım qurumun həqiqi funksiyasını və missiyasını göstərmək məqsədilə atılmışdı. Bəs həmin vəhşiliklər Azərbaycan ərazisində törədiləndə bu qurum hara baxırdı? O zaman niyə öz vəzifə borcunu yerinə yetirmirdi? Çünki Emmanuel Makronun idarə etdiyi Fransa buna mane olur.

"UNESCO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir". Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

Doğrudan da Odri Azule tutduğu mövqe ilə özünü Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı kimi aparır. Sözügedən şəxs yol verdiyi səhvləri düzəltməlidir, əks təqdirdə vandalları müdafiə etdiyinə görə daimi qınaq obyektinə çevriləcək. O, Azərbaycanın UNESCO-nun nüfuzunun artırılması istiqamətində bu quruma ciddi töhfələr vermiş ölkələrdən biri olduğunu unutmamalıdır.

Röya RÜSTƏMLİ,

"Respublika".