Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə edilib
Siyasət

Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə edilib

Oktyabrın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyində 16 məsələ var. O, birinci məsələnin "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsinin olduğunu, layihənin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcəyini deyib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsi barədə məlumat verib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri deyib ki, gündəliyin növbəti 12 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Energetika haqqında" qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Notariat haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib. O qeyd edib ki, bu məsələlər "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov həmin qanun layihələrini təqdim edib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Peşə təhsili haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Ovçuluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşu zamanı heç bir əlavə təklifin olmadığı deyib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Poçt haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əli Məsimli "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Respublika”.