DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

STOLTENBERQ: UKRAYNAYA TEZ BIR ZAMANDA HƏRBİ YARDIM GÖSTƏRİLMƏLİDİR

“Ukraynanın lazımi qədər silah-sursatı yoxdur”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq brifinqdə çıxışı zamanı bəyan edib. O bildirib ki, buna baxmayaraq, Ukrayna lazımi cəsarətə sahibdir.

“NATO üzvləri ciddi tarixi səhvə yol verməmək üçün Ukraynaya tez bir zamanda əlavə hərbi yardım göstərməlidirlər. Biz birlikdə Ukraynanı lazım olan hər şeylə təmin edə bilərik. Bunun üçün siyasi iradə nümayiş etdirməliyik”, - deyə baş katib vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, hərbi tədarükün gecikdirilməsi döyüş meydanında mənfi nəticələrə səbəb ola bilər: “Bu, kritik məqamdır. Rusiyanın üstünlüyü əldə etməsinə imkan vermək böyük tarixi səhv olar”.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha öncə bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkilmək məcburiyyətində qalacaq. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bu ərəfədə xəbər verilib ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

ABŞ SƏRHƏDÇİLƏRİ YÜKSƏK HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLİB

Fövqəladə vəziyyətin tətbiq olunduğu Haitidən mümkün miqrant axını ilə əlaqədar ABŞ-ın Mayami şəhərindəki sərhəd mühafizəsi yüksək hazırlıq vəziyyətinə gətirilib. “The New York Post” qəzetinin məlumatına əsasən, Haitidəki qeyri-sabit vəziyyətə görə qayıqla ABŞ sahillərinə keçməyə çalışan qanunsuz mühacirləri geri qaytarmaq ehtimalı azdır.

“Sahil Mühafizə Xidməti Haitidən gələn gəmiləri dayandırmaya bilər. Qanunsuz mühacirlərin kütləvi şəkildə ABŞ-a keçməsi bölgədə təhlükəsizliyi zəiflədəcək”, - deyə nəşr bildirib.

Martın 3-də silahlı dəstələrlə hüquq-mühafizə orqanları arasında qarşıdurma səbəbindən Haitinin Qərb departamentində və paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib. Martın 11-də baş nazir Ariel Anri ölkədə həftələrdir artan təzyiq və davam edən zorakılıqlardan sonra istefa verməyə razılaşıb.

Bununla yanaşı, BMT-nin açıqlamasına görə, son günlər təxminən 15 min haitili məcburi köçkün vəziyyətinə düşüb.

NİKOLAS MADUROYA QARŞI SUİ-QƏSD HAZIRLAYANLAR SAXLANILIB

Venesuelada prezident Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. “Report” agentliyinin məlumata görə, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab bildirib.

Verilən xəbərə görə, işlə bağlı Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalifətdə olan “Delo R” təşkilatının üzvü Uiker Xose Pinya saxlanılıb.

Saxlanılan şəxslər vatsap statuslarında Maduroya qarşı təhdidlər yazmaqda ittiham olunurlar. Nəşrin məlumatına görə, həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkarlanıb.

Xatırladaq ki, Venesuelada son bir il ərzində prezidentə qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.

BAYDENİN OĞLU 25 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLƏ BİLƏR

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Bu barədə “CNN” telekanalının məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər.

Daha əvvəl Delaver ştatındakı məhkəmənin böyük münsiflər heyəti ABŞ prokurorları tərəfindən Hanter Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib.

Həmçinin iki cinayət faktı Hanter Baydenin  2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkotik vasitələrdən asılı olan şəxin odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur.

Xəbər verilir ki, ittihamların cəminə əsasən, Hanter Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 min dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 min dollar cərimə nəzərdə tutur.

SƏFƏRBƏRLİKLƏ BAĞLI YENİ QANUN QƏBUL OLUNACAQ

Ukraynada səfərbərlik haqqında yeni qanun mart ayının 31-də parlamentdə səsverməyə çıxarılacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, səfərbərlik haqqında yeni qanuna əsasən, 500 min əsgərin Ukrayna ordusuna cəlb olunacağı gözlənilir.

Eyni zamanda, qeyd olunub ki, bu qərar əsasən hazırda döyüş meydanında olan və “gücü tükənmiş” 330 min ukraynalı hərbçini əvəzləmək üçün nəzərdə tutulub. Digər yeni cəlb olunan hərbçilər isə vəziyyətdən asılı olaraq yaralı hərbçiləri əvəz edəcək və digər tapşırıqları icra edəcəklər.

Bununla yanaşı, xəbər verilir ki, yeni qanun səfərbərlik yaşının 2 il azaldılaraq 25 yaşa endirilməsini və kişilərin mütləq qaydada onlayn portalda qeydiyyatdan keçməsini nəzərdə tutur. Bu tələblərə riayət olunmaması cərimələrlə nəticələnə bilər, lakin cərimələrin məbləği hələlik müəyyən edilməyib.

DÜNYADA İLK DƏFƏ SÜNİ İNTELLEKT HAQQINDA QANUN TƏSDİQLƏNİB

Avropa Parlamenti dünyada süni intellekt texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, sənədin qəbulunun lehinə 523 deputat səs verib, 49-u bitərəf qalıb, yalnız 46 nəfər onun əleyhinə çıxıb.

Məlumata görə, sözügedən qanun süni intellektdən istifadə zamanı risklərin azaldılması prinsipinə əsaslanır. Qanun insanların birbaşa iştirakı olmadan neyron şəbəkələr tərəfindən yaradılmış şəkillərin etiketlənməsindən tutmuş bəzi məzmunların tamamilə qadağan edilməsinə qədər cəmiyyətin müdafiəsi üçün müxtəlif tədbirləri nəzərdə tutur.

Eyni zamanda, qanunda insanları müəyyən etmək və ya onların emosiyalarını tanımaq üçün fərdi, etnik və ya dini xüsusiyyətlərin istifadəsi ciddi şəkildə məhdudlaşdırılır. Lakin bu cür qadağalar təhlükəsizlik maraqlarına toxunulduğu hallarda tətbiq olunmaya bilər.

Qeyd edək ki, qanunun may ayında siyasi və texniki səviyyədə rəsmi təsdiqlənəcəyi gözlənilir. Qanunun nəzərdə tutduğu qadağalar noyabr ayında qüvvəyə minəcək, 2027-ci ilə qədər isə süni intellekt haqqında qanun tam şəkildə qüvvəyə minəcək.

DANİMARKADA HƏRBİ XİDMƏT QADINLAR ÜÇÜN MƏCBURİ OLACAQ

Danimarka NATO ilə bağlı hədəflərinə çatmaq üçün qarşıdakı 5 il ərzində müdafiə büdcəsini təxminən 6 milyard dollar artırmaq niyyətindədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə baş nazir Mette Frederiksen məlumat verib.

“Biz müharibə istədiyimiz üçün silahlanmırıq. Bəli, yenidən silahlanırıq, çünki müharibədən yayınmaq istəyirik”, - deyə baş nazir bildirib.

Eyni zamanda, ölkədə yeni islahatlar elan edən Mette Frederiksen hökumətin cinslər arasında tam bərabərliyə nail olmağa çalışdığını da vurğulayıb.

Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilsələr də, kifayət qədər könüllü olduğu və qanuni olaraq dörd ay xidmət etdikləri üçün kişilər lotereya sistemi ilə orduya çağırılır.

Beləliklə, Danimarka NATO hədəfləri çərçivəsində qadınları orduya götürməyə başlayacaq. Hökumət ilk dəfə olaraq qadınlara məcburi hərbi xidmət keçməyi və standart xidmət stajını artırmağı planlaşdırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.