Öz alovunda yanan Qərb 
Siyasət

Öz alovunda yanan Qərb 

Təəssüf ki, bu gün "dünyanın mədəniyyət beşiyi" kimi təqdim edilən Qərbdə irqçi, islamofob, antisemist, antipasifist və təxribatçı addımlar bir-birini əvəzləyir.

Belə ki, avrosentrizm maraqlarının bəşəriyyəti məhvə sürüklədiyi bir dövrdə Avropada bütün cinayət ünsürlü əməllər qanuni yolla həyata keçirilir. Qərb azadlıq və sərbəstlik fonunda bütün mədəni körpüləri bir-bir dağıdır. Məhz "daha müasir" hesab etdikləri Avropada bu gün dövlətin icazəsi ilə dini kitablar yandırılır, cinsi azlıq məsələsi getdikcə normallaşır, qarşılıqlı hörmət sıfıra enir.

Bakının 1-3 may tarixləri arasında ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mövzularından biri də dünyada artan təhdidlər oldu. Ölkəmiz bu cür mötəbər tədbirin keçirilməsində, mədəni-etnik, dini azlıqlara qarşı hörmətini bir daha nümayiş etdirdi. Azərbaycanda daima azlıqlara xoş münasibət sərgilənib, onlar yerli xalqdan heç vaxt ayrı tutulmayıb. Bundan əlavə, ölkəmizdə rəsmi olaraq İslam dininin qəbul edilməsinə baxmayaraq, digər dinlərə münasibətdə daima qarşılıqlı ehtiram müşahidə olunub, dözümsüzlük halları qeydə alınmayıb. Statistikaya əsasən, hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var. Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar arasında qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanan münasibət mövcuddur. Respublikamızda təkcə səmavi dinlər deyil, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb.

Lakin okeanın o tayında, "dünyanın ən müasir" qitəsində vəziyyət tamamilə fərqlidir. Xristianlığın geniş yayıldığı bu torpaqlarda islamofob düşüncələr son dövrlərdə kəskin şəkildə artıb. Göz boyamağa davam edən Avropa isə mütəmadi olaraq dərc etdiyi statistikalarda öz rəzil durumları barədə heç bir fikir bildirmir, daima öz kölələrinə çevirdikləri Afrikada vəziyyət şişirdilir. Özünü ağıllı hesab edən Qərb qüvvələri bu gün dünyanı cəngəllik, öz qitələrini isə bağça hesab edirlər. Lakin əsl həqiqət heç də bunu demir. Belə ki, son dövrlərdə Avropada Quranın yandırılması hallarına tez-tez gəlinir. Təkcə bu ay İsveçdə 2 dəfə İslamın müqəddəs kitabı olan Quranın yandırılması faktı qeydə alınıb. Bütün keçirilən tədbirlər isə birbaşa polisin icazəsi ilə baş tutub. Bu o İsveçdir ki, hər il hesabatlarda dünyanın ən xoşbəxt ölkələrindən biri olaraq seçilir. İfrat meyillərin çoxluq təşkil etdiyi İsveçin paytaxtı Stokholmda demək olar ki, hər həftə bir Quran kitabı yandırılır. Bir müddət əvvəl İsveçdə Quranın yandırılmasına qadağa qoyulsa da ötən ilin aprelində bu qadağa aradan götürülüb. Əlavə olaraq, Stokholmda bu ay baş tutacaq "Avroviziya" mahnı müsabiqəsindən 2 gün əvvəl də eyni halın törədilməsi üçün rəsmi müraciət olunub və dövlət tərəfindən Quranın yandırılmasına icazə verilib.

Avropanın daha bir ölkəsi olan Fransa isə başqa bir məsələdə, cinsi azlıq mövzusunda öz "hünər"ini göstərməyə davam edir. Belə ki, bir müddət öncə LGBT üzvü olan Qabriel Attalı ölkənin baş naziri, onun "sevgili"si Stefan Sejurneni isə xarici işlər naziri təyin edən Fransa prezidenti Emmanuel Makron bu il keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transvestitin iştirakını təsdiqləyib. Müasirlik adı altında bəşəriyyətə yeni bəlalar düçar edən Avropa özü ilə bərabər, dünyanın qalan hissəsini də zəhərləməyə davam edir. İrqçiliyin, islamofobiyanın və cinsi azlıqların təbliğatını aparan Qərb öz "qoca" ləqəbinə də xəyanət edir. Bu gün aydın olur ki, "bağça" haradır, "cəngəllik" hara. Məhz cəngəllik həyatı yaşayan Avropa öz daxilində bütün bəşəri nifrətə sahib olan meyilləri mühafizə edir. Bu baxımdan, nə Qərb cənnətdir, nə də dünyanın qalan hissəsi "bataqlıq".

Avropanın öz göstəricilərində daima aşağıladığı, xor baxdığı digər ölkələr ya birbaşa, ya da dolayısıyla Qərbin təsirinə məruz qalıb. Yer kürəsinin ən stabil mərkəzlərindən biri olan Cənubi Qafqazda da eyni əməlləri törətmək istəyən dairələr bu ilin əvvəlindən başlayaraq öz hücumlarını artırıblar. Ölkəmizi hədəfə alan Qərbin bu gün mitinqsiz günü demək olar ki, yoxdur. İsveç başda olmaqla qitədə məskunlaşan digər dövlətlərdə islamofob meyillər birbaşa dövlət və ya polis tərəfindən mühafizə olunur. Məcburi assimilyasiya da Avropanın ən böyük günahları sırasında öz yerini qoruyur. Azərbaycan digər dövlətlərlə münasibətlərini inkişaf etdirmək və dünyada artan təhdidlərin qarşısını almaq məqsədilə forumlar, görüşlər və tədbirlər keçirir. Qərb isə buna cavab olaraq ölkəmizi günahlandırmağa davam edir, öz ölkələrində isə müqəddəs kitablar yandırılır, küçədə LGBT nümayəndələri istədiklərini edirlər. Avropada qarşılıqlı hörmət və mədəniyyət artıq öz funksiyasını çoxdan itirib. İndi siz deyin cənab Borrell, "bağça" haradır, "cəngəllik" hara?

Tacir SADIQOV,

"Respublika".