DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MAKRON FRANSA-ALMANİYA MÜNASİBƏTLƏRİNİ GƏRGİNLƏŞDİRİR

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya dəstək üçün bu ölkəyə Qərb qoşunlarını göndərmək təklifi NATO-da ciddi etirazlara səbəb olub. Makron həmçinin Fransa-Almaniya münasibətlərini gərginləşdirən açıqlama verərək, almanları üstüörtülü şəkildə “qorxaq” adlandırıb. “The Times” nəşri Fransa liderinin NATO ölkələri arasında həmrəyliyi pozduğuna diqqət çəkib.

Eyni zamanda, nəşrin məlumatına görə, hazırda Makronun mövqeyi kəskin şəkildə dəyişib. Fransa prezidenti müharibənin əvvəlində danışıqlarda israr edir, Rusiyanı tənqid etməməyə çağırır və onun üçün təhlükəsizlik zəmanətləri istəyirdi. Lakin daxili siyasi maraqlar Fransa prezidentinin bu siyasətində dəyişikliklərə səbəb oldu. Ölkə daxilində nüfuzunu qorumağa çalışan Makron buna görə əsas daxili siyasi rəqiblərinə hücum etmək qərarına gəldi.

“The Times” qəzetinin açıqlamasına əsasən, 60 ildir Avropanın təhlükəsizliyinin “təməl daşı” olan Almaniya-Fransa münasibətləri aşağı səviyyəyə enib. Tərəfdaşlıq artıq liderlər arasındakı Avropanın təhlükəsizliyi ilə bağlı müxtəlif baxışlara görə mürəkkəbləşib: Almaniya Vaşinqtonla münasibətləri prioritet hesab edir, Fransa isə Avropada liderliyə can atır. Nəşrin fikrincə, Moskva belə münaqişələrə yalnız sevinə bilər.

BORİS CONSONUN VENESUELA PREZİDENTİ İLƏ GİZLİ GÖRÜŞÜ

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson fevral ayında Karakasa gizli səfər edib. Səfər çərçivəsində Boris Conson Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb. “Trend” agentliyinin məlumatına görə, bu barədə “The Sunday Times” qəzeti mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, Boris Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəlib. Ümumilikdə o, Venesuelada 24 saatdan az vaxt keçirib.

Qeyd olunub ki, keçmiş baş nazir N.Maduro ilə Venesuelanın Rusiyaya silah və digər hərbi texnika tədarükünün mümkünlüyü ilə bağlı spekulyasiyalar fonunda Ukraynadakı münaqişəni müzakirə edib.

Eyni zamanda, mənbələrin açıqlamasına görə, danışıqlar zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması şərtləri diqqət mərkəzində olub.

“ƏL-QAİDƏ”NIN ƏN TƏHLÜKƏLİ LİDERLƏRİNDƏN BİRİ ÖLDÜRÜLDÜ

Yəmən ərazisində fəaliyyət göstərərn “Əl-Qaidə Ərəbistan Yarımadasında” terror qruplaşmasının lideri Xalid əl-Bətarfi öldürülüb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Terror təşkilatı liderlərinin ölümü ilə bağlı əlavə təfərrüatları açıqlamayıb. Xəbər verilir ki, ABŞ hökuməti Xalid əl-Bətarfi haqda istənilən məlumat üçün 5 milyon dollar vəsait təklif etmişdi.

Bununla yanaşı, “Əl-Qaidə Ərəbistan Yarımadasında”nın son illərdə daxili çəkişmələr və ABŞ-ın PUA hücumları nəticəsində liderlərini itirdiyinə görə zəiflədiyi güman edilsə də, “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürülməsindən sonra hələ də fəaliyyət göstərən terror təşkilatının ən təhlükəli qolu hesab olunur.

Eyni zamanda, xəbər verilir ki, “Əl-Qaidə” Xalid əl-Bətarfinin terror təşkilatının  bayrağına bükülmüş cənazəsini göstərən video yayımlayıb. Əl-Bətarfinin 40 yaşlarında olduğu güman edilirdi.

PİLOTLAR UÇUŞ ZAMANI EYNİ ANDA YUXUYA GETDİLƏR

İndoneziyada uçuş zamanı pilotların eyni anda təxminən yarım saat yatdıqları üzə çıxıb. “TRT” telekanalının  xəbərinə görə, yanvarın 25-də İndoneziyanın Kendari şəhərindən paytaxt Cakartaya uçarkən həm pilot, həm də ikinci pilotun eyni vaxtda 28 dəqiqə yuxuya getməsi ciddi naviqasiya xətalarına səbəb olub. Belə ki, təyyarə dəqiqələrlə kursdan yayınıb.

Bununla yanaşı, İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin ilkin hesabatına görə, uçuş zamanı 153 sərnişin və 4 bələdçi daxil olmaqla, heç kim xəsarət almayıb və təyyarəyə ziyan dəyməyib.

Verilən xəbərə əsasən, ikinci pilot bir gün öncə kapitana kifayət qədər istirahət etmədiyini bildiribmiş. Təyyarə Kendaridən ayrılaraq kruiz hündürlüyünə çatdıqdan sonra kapitan dincəlmək üçün icazə istəyib, ikinci pilot təyyarəni idarə edib. Enişdən təxminən 90 dəqiqə əvvəl ikinci pilot da “təsadüfən” yuxuya gedib.

Araşdırma zamanı ikinci pilotun bir aylıq əkiz körpələrinin olduğu və həyat yoldaşına kömək etmək üçün körpələrə baxmaqla əlaqədar yuxusuz qaldığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

SENATOR: ABŞ NATO-DAN ÇIXMALIDIR

“Alyansdakı Qərb ölkələri Ukraynaya hərbi personal göndərərsə, ABŞ NATO-dan çıxmalıdır”. Bu fikri ABŞ Konqresinin senatoru Mayk Li “The American Conservative” jurnalı üçün yazdığı məqalədə bildirib.

“Biz qırmızı xətt çəkməliyik: ya Ukrayna, ya da ABŞ. Əgər müttəfiq qüvvələrin çəkmələri Ukrayna torpağına toxunarsa, biz NATO-dan tamamilə çıxmalıyıq”, - deyə Mayk Li vurğulayıb.

Senatorun fikrincə, rəsmi Kiyevin Qərb müttəfiqləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə edərkən “həddindən artıq irəli gediblər”. O, qeyd edib ki, Avropanın ABŞ-ı “nüvə eskalasiyası riskinə” sürükləməyə haqqı yoxdur və Birləşmiş Ştatların özünün “əsas milli maraqlarına uyğun olaraq NATO-da iştiraka üstünlük verməsinin” vaxtı çatıb.

Bununla yanaşı, senator əlavə edib ki, ABŞ hətta Ukrayna NATO-ya daxil olsa belə, alyansdan çıxmaq barədə düşünməlidir. Onun sözlərinə görə, “nüvə silahı olan düşmənin yanında alyansın genişlənməsi təhlükəli bir oyundur”.

İRAN QAZ YATAĞINDAN 900 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDƏCƏK

İranın Qətərlə müştərək qaz yatağı olan “Cənubi Pars”dan əldə edəcəyi gəlir 900 milyard dollar təşkil edəcək. “Trend” agentliyinin məlumatına görə, bunu İranın neft nazirinin müavini və İranın Milli Neft Şirkətinin icraçı direktoru Möhsün Xocəstəmehr “Cənubi Pars” qaz yatağında təzyiqin artırılması ilə bağlı milli layihənin icra olunması istiqamətində müqavilənin imzalanması üzrə tədbirdə bildirib.

M.Xocəstəmehrin sözlərinə görə, sözügedən qaz yatağında təzyiqin artırılması  üçün ümumilikdə 20 milyard dollar dəyərində vəsaitin xərclənməsi nəzərdə tutulub.

İran rəsmisi əlavə edib ki, nəticədə “Cənubi Pars”dan qaz hasilatına təxminən 2,55 trilyon kubmetr və 2 milyard barrel qaz kondensatı əlavə olunacaq.

Nazir müavini qeyd edib ki, qaz yatağında 28 platforma mövcuddur. Bu platformalar tam şəkildə bir-birinə bənzəyir. Yerli istehsala arxalanaraq sürətlə təzyiqin artırılması milli layihəni icra etmək mümkündür.

RUSİYADA MİQRANTLAR ÜÇÜN QANUN SƏRTLƏŞDİRİLİR

Rusiyadakı miqrantlar öz profillərinə uyğun işləməsələr ölkə ərazisini tərk etməli olacaqlar. Bu barədə “Report” agentliyinin xəbərində qeyd olunur.

Məlumata görə, söhbət təşkilati işə qəbul çərçivəsində gələn vətəndaşlardan gedir. Bildirilir ki, onlar dəvət olunduqları müəssisələrdə işləməkdən imtina edirlər - məsələn, tikinti əvəzinə kuryer işləyirlər. Belə hal müşahidə olunarsa, bu şəxslər 15 gün ərzində Rusiyanı tərk etməli olacaqlar.

Xəbər verilir ki, müvafiq qa

nun layihəsi hökumət adından Əmək Nazirliyi tərəfindən hazırlanıb və Dövlət Dumasında artıq dəstəklənir. Həmçinin, işə düzəlmək üçün əcnəbilər konkret işəgötürənlə müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənəd almalıdırlar.

Qanun layihəsi xarici vətəndaşın Rusiyada müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənədin yaradılmasını nəzərdə tutur. Praktikada bu o deməkdir ki, təşkilati işə qəbulun bir hissəsi kimi, miqrant işçi icazələrə uyğun olaraq konkret işəgötürəndə işləyəcək. Bu halda avans ödənişləri birbaşa xarici mütəxəssisi işəgötürən şirkət tərəfindən həyata keçiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.