Cənubi Qafqazda məkrli siyasət nəticə verməyəcək
Siyasət

Cənubi Qafqazda məkrli siyasət nəticə verməyəcək

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik davam edir, qarşıdurma pik həddə çatıb. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istəyirlər.

Aprelin 15-dən etibarən vüsət alan aksiyalar getdikcə alovlanır, cəmiyyəti qütblərə bölür, qarşı-qarşıya qoyur. Proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Qərb mediası aksiyaya informasiya dəstəyi verir. Bir neçə gündür ki, bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. İndi ölkədə 25 min aktiv QHT var, onların 90%-i xarici mənbələrdən maliyyə alır. Bu vəsaitlər haradan gəlir və hansı məqsədlər üçün xərclənir, ümumiyyətlə, heç cür və heç kim tərəfindən idarə olunmur. Söhbət yalnız qrant alanların xarici maliyyələşdirmə mənbələri barədə hesabat vermələrindən gedir. Xaricdən maliyyələşdirilən "müxalifət" ənənəvi dəyərləri məhv edən təxribatçı fəaliyyəti üçün nəzarətsiz olaraq milyonlarla dollar almağa davam etmək istəyir. Gürcüstan cəmiyyətinin sağlam bir hissəsi isə ən azı qanunvericilik səviyyəsində mübarizə aparmağa çalışır.

ABŞ və Avropa İttifaqı müstəqil dövlətin demokratik yolla seçilmiş siyasi hakimiyyətinin qəbul etmək istədiyi qərarın ləğv edilməsinə çalışır və bunu gizlətmir. Hətta bunun üçün siyasi və diplomatik təzyiqlər, iqtisadi sanksiya xəbərdarlıqlarından da istifadə olunur. Sanki Qərb təşkilat və qurumlara maliyyə vəsaitləri göndərilməsinə nəzarət olunmasını istəmir. Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Gürcüstan hökumətinin məqsədi yalnız ölkə xaricindən maliyyələşən QHT-lərin maliyyə mənbələrinin şəffaflığını təmin etməkdir. Bu, ABŞ və regionda marağı olan digər beynəlxalq güc mərkəzləri üçün əlverişli deyil. Şəffaflaşma onların Gürcüstandakı qeyri-leqal əlaqələrini kəsir, QHT və KİV-lərdən sui-istifadə hallarının qarşısını alır. Bu baxımdan güclərini ortaya qoyur, qanun layihəsinin qəbul edilməsini əngəlləmək istəyirlər. Bu arada qeyd edək ki, ABŞ-ın "xarici agent qanunu"na qarşı çıxması başqa bir paradoksal halı ortaya çıxarır. Məsələ ondadır ki, "Xarici agentlər haqqında qanun"un qlobal ideya müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Bu qanun ilk nümunə kimi 1938-ci ildə məhz ABŞ-ın özündə qəbul edilib.

Xatırladaq ki, eyni ssenari hələ 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. O zaman hakimiyyətə gətirilmiş Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Rusiya qoşunları isə Tbilisinin bir neçə kilometr yaxınlığına gəlib çatdılar. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu. Bunlar ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı təxribatı idi.

Onu da qeyd edək ki, Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır. Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb. Bu gün Ermənistan 2004-cü ildəki Gürcüstanın yolunu gedir, Paşinyanı da Saakaşvilinin aqibəti gözləyir. Həmçinin Moldovanın fəallığı da ona yaxşı heç nə vəd etmir.

Hazırda gürcü cəmiyyətinin müqaviməti Amerikanın və Qərbin regiondan qovulması prosesinin təzahürüdür. Bu proses ilk öncə Azərbahcanda başladı. Vaxtilə eyni şəbəkə Azərbaycanı da hədəf almışdı. Amma 2010-cu ildən başlayaraq ABŞ-ın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı. Milli Demokratiya Fondu (NED) ətrafında toplanan təxribatçılar gəncləri qiyama qaldırmağa cəhd etmişdi. Amma bu cəhdlər iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Ancaq onların kölgəsi altında olanlar yenə də qalıb. Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Qərbin qaranlıq dairələrinin məkrli siyasətinin Gürcüstan, Rusiya və digər ölkələrdə həyata keçirildiyi, növbənin Azərbaycana çatdığı müşahidə edilir. Cidd-cəhdlə "Abzas media", "Toplum TV" kimi "media" qurumları müdafiə edilir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışırlar. Bu gün istintaqa cəlb olunmuş şəxslər bütün əməllərini etiraf edir, adlar, təşkilatlar, maliyyə barədə ətraflı məlumatlar verirlər. Qərb təşkilatları tərəfindən onların üzərinə qoyulmuş vəzifələr həqiqətən də heyrətamiz və tükürpədicidir. Bunların hamısı artıq məlumdur və yaxın zamalarda açıqlanacaq.

Buna baxmayaraq, bir fakt var: ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. İndi də sanksiyalarla Azərbaycana qarşı təzyiq etməyə çalışırlar. Amma bu, alınan məsələ deyil. QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. ABŞ, Qərb Azərbaycan istəməzsə, bu regiona ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, bu məkrli siyasətin heç bir nəticəsi olmayacaq.

Mustafa KAMAL,

"Respublika".