DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ QARA DƏNIZDƏ YENI QAZ YATAĞI AŞKARLADI

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxışı zamanı Ərdoğan deyib: “Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yatağı aşkarlayıb”.

Prezidentin sözlərinə görə, beləliklə, ötənilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Rəcəb Tayyib Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunmasını açıqlamışdı.

 

ŞIMALI KOREYA LIDERI UZUN MÜDDƏTDƏN SONRA ICTIMAIYYƏT QARŞISINA ÇIXIB

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In uzun müddətdən sonra iyunun 4-də ictimaiyyət arasında görünüb. “Report” agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o KXDR Əmək Partiyasının 8-ci çağırışının birinci iclasına sədrlik edib.

Bildirilir ki, toplantıda iyunun birinci ongünlüyündə partiyanın Mərkəzi Komitəsinin plenumunun keçirilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, Kim Çen In mayın 7-dən sonra ictimaiyyət arasında görünmürdü. Bu, onun ictimaiyyət qarşısına çıxmadığı ən uzun müddət sayılır.

KXDR liderinin uzun müddət görünməməsi ilk dəfə deyil. 2020-ci ilin yazında bir müddət insanlar arasına az çıxması ölkə lideri haqqında səhhətinin ağırlaşmasına dair söz-söhbətə səbəb olmuşdu.

 

KANADADA INSANLAR ARASINDA NAMƏLUM XƏSTƏLIK YAYILIB

Kanadanın Nyu-Brunsvik əyalətində nevroloji simptomlara malik naməlum xəstəlik baş qaldırıb. “Report” agentliyinin məlumatına görə, bu barədə “The New-York Times” nəşri xəbər yayıb.

İlk dəfə 2015-ci ildə qeydə alınmış xəstəliyin simptomları əyalətin 48 sakinində aşkarlanıb və onlardan altısı vəfat edib. Bununla belə, həkimlər hələ də bu xəstəliyin dəqiq diaqnozunu müəyyən edə bilmirlər. Belə ki, aşkar edilmiş xəstəliklər arasında dəqiq əlaqə mövcud deyil.

Məlumata əsasən, xəstələrdə yuxusuzluq, hərəkət funksiyasının pozulması, qarabasmalar, əzələ ağrıları, sürətlə inkişaf edən kəmağıllıq, depressiya, həyəcanlılıq və görmə qabiliyyətinin pozulması halları müşahidə olunur.

Aparılmış analizlər nəticəsində xəstələrdə beyinin atrofiyası və nevroloji disfunksiya müəyyən edilib.

 

VAKSINASIYA ZAMANI DÜNYANIN ƏN YAŞLI QADINI  AŞKARLANIB

Hindistan həkimləri koronavirusdan vaksinasiya zamanı dünyada ən yaşlı qadını aşkarlayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Metro” nəşri məlumat yayıb.

Həkimlər Baramul şəhərində evdə keçirdikləri vaksinasiya zamanı pasiyentlərdən biri 124 yaşlı Rexti Bequm olub. Qadın onlara yaşının əks olunduğu sənədi göstərib.

Təsadüfən aşkarlanmış Rexti Bequm dünyanın ən yaşlı qadın sakini Kane Tanakidən 6 yaş böyükdür. Sonuncu 2018-ci ildən Yer kürəsində yaşayan ən yaşlı insan sayılırdı. Bundan başqa, Hindistanın uzunömürlü sakini hətta 1997-ci ildə 122 yaşında vəfat etmiş fransız Janna Kalmandan da böyükdür.

Həkimlər bildiriblər ki, yaşının çox olmasına baxmayaraq, Rexti Bequm koronavirusdan vaksin edilib.

 

TRAMP BAYDENI IMPIÇMENT ETMƏK NIYYƏTINDƏDIR

Keçmiş ABŞ prezidenti Donald Tramp aktiv siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu və bununla bağlı mübarizə aparacağını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Bildirilir ki, Donald Tramp Konqresin rəhbəri olmaq və prezident Cozef Baydenin impiçment proseduruna başlamaq üçün 2022-ci ildə Nümayəndələr Palatasının spikerliyinə namizədliyini irəli sürməyi düşünəcəyini vurğulayıb.

Bir müddət öncə Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb, lakin konqres seçkilərində iştirak etmək fikri də onun üçün maraqlı görünür.

Nəşr bildirib ki, Donald Tramp 2022-ci ildə Nümayəndələr Palatasında yer uğrunda mübarizə aparmaq qərarına gəlsə, spiker olmaq üçün bu yarışda mütləq şəkildə qələbə qazanmalıdır.

 

RUSIYANIN “SU-57”LƏRI ABŞ QIRICILARINI TƏYYARƏ BAZARINDA SIXIŞDIRACAQ

Rusiyanın beşinci nəsil “Su-57” qırıcısı artıq xeyli müddətdir ki, xarici rəqiblərini qabaqlayıb və bu təyyarələrin daha sürətli, daha ağıllı və daha güclü olması üçün təkmilləşdirmə prosesi davam edir. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Çoxfunksiyalı “Su-57” qırıcıları Rusiya Aerokosmik Qüvvələri tərəfindən silahlanmaya bu yaxınlarda qəbul edilib. Beşinci nəsil qırıcısının ilk seriyası isə 2021-ci ilin əvvəllərində Cənub Hərbi Dairəsinə təhvil verilib.

Qərb mütəxəssisləri Rusiyanın “Su-57” qırıcıları üçün Qazaxıstan da daxil olmaqla, ondan çox ölkənin növbəyə dayandığını bildirirlər. Amerikanın “F-35” “gözəgörünməz” qırıcılarının bəzi uğursuzluqları və ABŞ Hərbi Hava Qüvvələrinin 2022-ci ildən etibarən bu təyyarələri almaqdan imtina etməsi fonunda Rusiyanın “Su-57” beşinci nəsil qırıcısını qlobal silah bazarında böyük gələcək gözləyir.

Mütəxəssislərin fikrincə, davamlı hərbi texnologiyalar yarışı şəraitində yenilənmiş “Su-57”nin parametrləri və xüsusiyyətləri NATO ölkələri üçün tamamilə əlçatmaz olacaq.

 

ABŞ SAKINI PEYVƏND OLUNDU 1 MILYON DOLLAR QAZANDI

ABŞ-ın Kolorado ştatının sakini Salli Slayqer “COVID-19”dan peyvənd edilənlər arasında keçirilən lotereyada 1 milyon dollar qazanıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” agentliyi bildirib.

Qalibin sözlərinə görə, o, uduşun köməyi ilə pensiya yığımlarını artıracaq və övladlarına yardım edəcək.

Məlumata əsasən, ştatda beş belə pul mükafatı qazanılacaq. Lotereyada iştirak üçün heç olmasa bir dəfə peyvənd edilmək və 18-dən yuxarı yaşa malik olmaq lazımdır.

Lotereya zamanı həmçinin 50 min ABŞ dolları üzrə təqaüdlər də oynanılacaq. Yarışda peyvənd edilən 12-17 yaş arası 25 şagird təqaüd ala biləcək.

Qeyd edilir ki, bu lotereya vaksinasiyanın sürətlənməsi üçün təşkil edilib. Pul yarışı həmçinin başqa ştatlarda, o cümlədən Ohayoda və Kaliforniyada da keçirilir.      

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".