DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN ABŞ-LA BƏZİ ƏMƏKDAŞLIQ MEXANİZMLƏRİNİ DAYANDIRDIĞINI AÇIQLAYIB

Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra cavab tədbiri olaraq Vaşinqtonla bəzi ikitərəfli dialoq və əməkdaşlıq mexanizmlərini dayandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. XİN-in açıqlamasına əsasən, ABŞ-la müdafiə sahəsində üç dialoq mexanizmi, qeyri-qanuni miqrasiya, məhkəmə əməkdaşlığı, transsərhəd cinayətlər, narkotiklərlə mübarizə və iqlim dəyişikliyi sahələrində beş dialoq mexanizmi ləğv edilib.

Müdafiə sahəsində Çin və ABŞ arasında Cəbhə Komandirləri dialoqu, Müdafiə Siyasəti Koordinasiyasının danışıqları və Hərbi Dəniz Məşvərət Anlaşması müzakirələrinin artıq keçirilə bilməyəcəyi bildirilib.

Tayvanı öz ərazisinin bir hissəsi kimi tanıyan Pekin Pelosinin səfərini onun suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirdiyini vurğulayıb və kəskin əks tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

BMT-NIN BAŞ KATİBİNDƏN ARTAN NÜVƏ TƏHLÜKƏSİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

“Nüvə silahından istifadə təhlükəsi indi dünyada getdikcə aktuallaşır”. “Report” agentliyinin məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş avqustun 6-da Xirosimada ABŞ qoşunları tərəfindən şəhərin atom bombası ilə bombalamasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bəyan edib.

Antonio Quterreşin sözlərinə görə, hazırda təhdidedici nüvə çalarları ilə böhranların sürətlə yayılması müşahidə olunur. O, Yaxın Şərq, Koreya yarımadası və Ukrayna ətrafındakı vəziyyəti xatırladıb.

Qeyd edək ki, baş katib daha əvvəl Nyu-Yorkda Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında oxşar narahatlığı dilə gətirmişdi. O, həmçinin bəşəriyyətin Xirosimanın bombalanmasından dərs çıxarıb-çıxarmaması ilə bağlı suala cavab tapa bilmədiyini açıqlamışdı.

 

NENSİ PELOSİNİN ASİYA TURNESİ BAŞA ÇATIB

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turnesini Yaponiyanı tərk etməklə başa vurub. “Report”un “Nikkei” nəşrinə istinadən verdiyi xəbərə görə, Pelosi Tokioda bir sıra görüşlər, o cümlədən baş nazir Fumio Kişida və parlamentin aşağı palatasının sədri Hiroyuki Hosoda ilə görüşlər keçirmişdir.

Məlumata görə, tərəflər görüş zamanı ABŞ-Yaponiya müttəfiqliyinin gücləndirilməsinin, həmçinin “azad və açıq Hind-Sakit okean regionu” prinsipinin həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüşdə Şimali Koreyanın raket, nüvə proqramı və Ukraynadakı vəziyyət kimi regional təhlükəsizlik məsələləri də qaldırılıb.

Qeyd edilir ki, Pelosinin Asiya turuna Sinqapur, Yaponiya, Cənubi Koreya və Malayziyaya səfərləri daxil idi. İlk dayanacaqlar Sinqapur və Malayziya olub, Çinin sərt etirazlarına baxmayaraq o, Tayvana da gedib.

Bildirilir ki, bu səfər ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri olub və Pelosini son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisidir.

 

JURNALİSTİN TELEFONUNU DİNLƏYƏN KƏŞFİYYAT RƏHBƏRİ İSTEFA VERDİ

Yunanıstan Milli Kəşfiyyat Xidmətinin rəhbəri Panayotis Kontoleon jurnalist və siyasətçiyə qarşı telefon dinləmə skandalı ifşa edildikdən sonra istefa verib. “Teleqraf.com”un xəbərinə görə, Kontoleon istefa ərizəsini “məlumat toplama prosesində diqqətsizlik” səbəbilə baş nazir Kiryakos Mitsotakisə təqdim edib.

Xarici İşlər Nazirliyinin baş katibi Femistoklis Demiris 2019-cu ilin avqust ayından Milli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən Panayotis Kontoleonu əvəz edəcək. Demirisin yay tətilindən sonra baş verənlərlə bağlı Yunanıstan parlamentinin Təsisatlar və Şəffaflıq Komitəsini məlumatlandırması gözlənilir.

Panayotis Kontoleonun parlamentin müvafiq komitəsinə rəhbərlik etdiyi qurumun jurnalist Tanasis Koukakisin telefonunu dinlədiyini bildirdiyi iddia olunurdu. Müxalif “KINAL” hərəkatının lideri, Avropa Parlamentinin üzvü Nikos Andrulakis də eyni iddia ilə Ali Məhkəməyə müraciət etmişdi.

 

PESKOV: DANIŞIQLAR ZAMANI “BAYRAKTAR” MƏSƏLƏSİ MÜZAKİRƏ EDİLMƏYİB

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının alınması məsələsini müzakirə etməyiblər. “APA”nın verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, liderlər PUA-ların Türkiyədən alınması ilə yanaşı onların Rusiyada istehsalı məsələsinə də toxunmayıblar.

Qeyd edilir ki, Rusiya və Türkiyə

prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə 4 saatdan çox davam edən danışıqlardan sonra birgə bəyanatla çıxış ediblər.

Görüşdən sonra Putin və Ərdoğan ikitərəfli ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, Rusiya ilə Türkiyə arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti sahələrində qarşılıqlı əlaqəni artırmaq barədə razılığa gəliblər.

Eyni zamanda, tərəflər həmçinin Rusiya qazının Türkiyəyə tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.

 

ZELENSKİ UKRAYNAYA DƏYMİŞ ZİYANLA BAĞLI MÜŞAVİRƏ KEÇİRİB

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın vurduğu ziyana görə ölkəsinə təzminat ödənilməsi ilə bağlı iclas keçirib. “Report”un xəbərinə görə, bu barədə dövlət başçısının saytında məlumat verilib.

Bildirilir ki, kompensasiya mexanizminin yaradılması və həyata keçirilməsi üçün dövlət başçısı Prezident Aparatının rəhbəri Andriy Yermakın sədrliyi ilə Nazirlər Kabinetinin nümayəndələrinin, aparıcı ukraynalı və xarici beynəlxalq hüquqşünasların daxil olduğu xüsusi işçi qrupu təşkil edib.

Verilən xəbərə əsasən, iclas iştirakçıları Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə məcburi müsadirə edilməsinə dair danışıqlar prosesinin gedişini və bu istiqamətdə atılacaq addımları müzakirə ediblər.

Bununla yanaşı, iclas zamanı Ukraynanın tərəfdaşları ilə çoxtərəfli beynəlxalq müqavilənin bağlanması yolu ilə xüsusi kompensasiya komissiyasının yaradılması istiqamətində müzakirələr aparılıb. Bu komissiya müharibə nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı müraciətlərə baxa biləcək.

 

İLON MASK “TWITTER”LƏ BAĞLI ŞƏRTİNİ AÇIQLAYIB

Amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Twitter” sosial şəbəkəsini satın almaq üçün şərtini açıqlayıb. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, İlon Mask bildirib ki, “Twitter” sosial şəbəkədəki istifadəçilərin hesablarının həqiqiliyinin necə təsdiq olunduğunu göstərəcəyi təqdirdə, satınalma ilə bağlı danışıqlar bərpa oluna bilər.

Eyni zamanda, İlon Mask bildirib ki, bu halda danışıqlar əvvəlki şərtlər daxilində bərpa olunacaq.

Xatırladaq ki, dünyanın ən zəngin şəxsi bu ilin aprel ayında “Twitter”i 44 milyard dollara satın alacağını elan etmişdi. Daha sonra saxta istifadəçi hesablarının qarşısının alınması ilə bağlı mexanizmin təqdim olunmamasını əsas gətirən İlon Mask sövdələşmədən imtina etmişdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.