Milli və bəşəri dəyərimiz - xalça
Mədəniyyət

Milli və bəşəri dəyərimiz - xalça

Azərbaycan qədim tarixi adət-ənənələri olan dövlətdir. Həmin ənənələrdən bir çoxu bu gün də yaşayır. Odlar yurdunun rəmzi hesab edilən  xalçanın isə həm incəsənətdə, həm də xalq sənətində xüsusi yeri var. Qarışıq, lakin gözoxşayan naxışlarla incə-incə işlənən bu sənət əsəri böyük zəhmət hesabına ərsəyə gəlir. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olur. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən demək olar ki, Azərbaycanda xalçaçılıqla hələ eramızdan əvvəl Tunc dövründən məşğul olunub. Hazırda respublikamızda bir sıra xalçaçılıq məktəbləri mövcuddur. Burada sənətsevərlər bu sahənin incəliklərini öyrənir, həmin peşəyə yiyələnə bilirlər.

Bu gün Azərbaycanda xalça sənəti inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi, dövlətimizin səyləri ilə muğam və aşıq sənətindən sonra milli xalça sənətimizin də UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. Bundan başqa, 2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında tanınması baxımından böyük əhəmiyyətə malikdir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyi ölkəmizə gələn turistlərin diqqət mərkəzindədir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Həmçinin muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir.

Ölkə başçımızın 2016-cı il 5 may tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Burada əsas məqsəd xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Həmin ildə Prezident İlham Əliyevin 25 noyabr tarixli Sərəncamı ilə "Xalçaçı günü" peşə bayramı təsis edilib. Bu günə qədər bir çox beynəlxalq sərgilərdə Azərbaycan xalçaları nümayiş etdirilib.

2024-cü il mayın 4-də paytaxt Bakıda xalçaçıların peşə bayramına həsr edilmiş ilk Milli Xalça festivalının açılışı olub. Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə baş tutub. Proqrama qədim, müasir, eləcə də müəllif xalçalardan ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir.

Festivalda bir çox ölkələrin rəsmi nümayəndələri, Azərbaycan əsilli, dünyaşöhrətli fotoqraf Reza Deqati bizimlə söhbətində deyib: "Azərbaycanın qədim incəsənət nümunələrindən biri də xalçadır. Bu gün İçərişəhər xalçalarla bəzədilib. Bu xüsusi vurğulanmalıdır. Çünki İçərişəhər Bakının ürəyidir. Belə festivalların çox olmasını arzulayıram".

Sərgidə bir çox bölgələrdən olan xalçalar nümayiş etdirilir. Hər birinin özünəməxsus gözəlliyi olan bu xalçalar  insanları valeh edir.

Ustad dərsləri zamanı "Azərxalça" ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi də Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunur.

Töhfə SƏMƏDOVA,

"Respublika".