İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımızın yeni reytinq cədvəli

Gənclər və İdman Nazirliyi tərəfindən Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il mayın 1-nə olan reytinq cədvəli açıqlanıb.

Siyahıya 545 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir. Cüdo üzrə son Avropa çempionu Hidayət Heydərov 445 xalla ikincidir. Bədii gimnast Zöhrə Ağamirova isə 435 xalla 3-cü sırada qərarlaşıb. Xalların hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda fərdi proqramda mübarizə aparan gənc komandalar arasında qaliblər müəyyənləşib.

Turnirin ikinci günündə İsrail komandası 126 800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bolqarıstan komandası 121 700 xalla ikinci, Rumıniya komandası isə 120 850 xalla üçüncü yeri tutub. Azərbaycanı təmsil edən Fidan Qurbanlı, İlahə Bahadırova, Gövhər İbrahimova və Şəms Ağahüseynovadan ibarət kollektiv isə 117 900 xalla beşinci pillədə qərarlaşıb.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan gənclərdən ibarət komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub. Qalibə 1300, ikinci yeri tutana 1000, üçüncü yerin sahibinə isə 700 avro verilib.

Bununla da Avropa Kubokunun ikinci gününə yekun vurulub.

Qeyd edək ki, turnirin ümumi mükafat məbləği 40 min avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.

Paytaxtımız beynəlxalq şahmat festivalına ev sahibliyi edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə "Baku Open - 2024" beynəlxalq şahmat festivalı təşkil ediləcək.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların son siyahısı iyunun 15-dək müəyyən ediləcək. Qeyd edək ki, iyunun 29-da start götürəcək "Baku Open - 2024" beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".