DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

STOLTENBERQ NATO-NU ÇOXİLLİK QARŞIDURMAYA HAZIRLAŞMAĞA ÇAĞIRIB

NATO Rusiya ilə onilliklərlə davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır. “Report” agentliyinin məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq bəyan edib.

Verilən xəbərə əsasən, baş katib bildirib ki, NATO Rusiya ilə müharibə istəmir. O, həmçinin Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb.

Baş katibin iddiasına görə, Rusiya Ukraynadakı müharibədən qalib çıxsa, bu dövlətin başqa ölkələrə hücum etməyəcəyinə kimsə zəmanət verə bilməz. “Hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoymaqdır”, - deyə Yens Stoltenberq vurğulayıb.

Eyni zamanda, Stoltenberq qeyd edib ki, Rusiya iqtisadiyyatı uzunmüddətli müharibəyə hazırlanır. Rusiya bütün iqtisadiyyatını müharibəyə yönəldir. Biz də təhlükəsizliyimiz üçün daha çox şey etməliyik”.

Xatırladaq ki, bir müddət öncə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə alyans arasında savaş başlaya bilər.

TÜRKİYƏ VƏ QIRĞIZISTAN ARASINDA 62 MADDƏLİK FƏALİYYƏT PLANI İMZALANIB

Türkiyə və Qırğızıstan Müştərək İqtisadi Komissiyanın protokolunu və müvafiq 62 bəndlik fəaliyyət planını imzalayıblar. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Xəbər verilir ki, fevralın 9-da Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Qırğızıstan Nazirlər Şurasının sədri Akilbek Çaparov arasında təkbətək və çoxtərkibli görüşlər keçirilib.

Görüşlərdən sonra Cevdet Yılmaz və Akilbek Çaparovun sədrliyi ilə Müştərək Türkiyə-Qırğızıstan İqtisadi Komissiyasının 11-ci toplantısı olub. Daha sonra iki ölkə arasında sazişlərin imzalanması mərasimi baş tutub.

Məlumata görə, imzalanma mərasimindən sonra Akilbek Çaparov ilə birlikdə mətbuata açıqlama verən Cevdet Yılmaz cari ikitərəfli ticarət həcminin 1,6 milyard dollara çatdığını və bu rəqəmi ən qısa zamanda yüksəldəcəklərini bildirib.

İSRAİL PARLAMENTİNİN SƏDRİ BMT BAŞ KATİBİ İLƏ GÖRÜŞMƏKDƏN İMTİNA EDİB

İsrail Knessetinin sədri Əmir Ohana BMT-nin baş katibi Antoniu Quterreşin Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatlarına görə onunla planlaşdırılan görüşü ləğv edib. “TASS” agentliyi bildirir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

BMT rəsmisinin sözlərinə görə, o, görüşün ləğvi barədə jurnalistlərdən xəbər tutub: “Həmkarlarınızdan biri zəng edərək baş katibin son mətbuat konfransında verdiyi açıqlamalara görə spikerin görüşü ləğv etdiyini bildirib”.

Bununla yanaşı, BMT baş katibinin nümayəndəsi əlavə edib ki, son mətbuat konfransında Quterreş Fələstin-İsrail münaqişəsi ilə bağlı “əvvəllər demədiyi heç nə ifadə etməyib”.

ALMANİYA XİN RƏHBƏRİNİN BABASI İDEOLOJİ NASİST ZABİTİ OLUB

Almaniyada ölkənin xarici işlər naziri Annalena Berbokun babasının ideoloji nasist olduğu barədə Vermaxt dosyesi üzə çıxıb. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə “Bild” nəşri arxiv sənədlərinə istinadən məlumat yayıb.

“Valdemar Berbok, sadəcə bir zabit deyil, həm də nasizmin qızğın tərəfdarı idi”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, xarici işlər nazirinin babası müharibə illərində zenit silahlarını təmir edən bölmələrin birində mühəndis vəzifəsində çalışıb və Hitlerin hərbi xidmətlərə görə “Xaç” ordeninə layiq görülüb.

Eyni zamanda, nəşrin şərh almaq üçün əlaqə saxladığı Almaniya Xarici İşlər Nazirliyindən Annalena Berbokun babasının tərcümeyi-halının bu təfərrüatlarından xəbərsiz olduqlarını bildiriblər.

Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri Olaf Şoltsun babasının SS generalı olduğu və Narva yaxınlığındakı döyüşlər zamanı ölümcül yaralandığı bildirilmişdi.

BAYDEN VƏ ŞOLTS UKRAYNA MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

ABŞ prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts görüş zamanı Qərbin Ukraynaya dəstəyini davam etdirməli olduğunu vurğulayıblar. “TRT” telekanalının məlumatına görə, Cozef Bayden Olaf Şoltsu Ağ Evdə qəbul edib.

ABŞ Konqresindəki respublikaçıları “Ukraynaya dəstəyin qarşısını almaqda” ittiham edən Cozef Bayden sözügedən yardımın Ukraynaya göndərilməsinin vacibliyini diqqətə çatdırıb. Bayden həm ABŞ, həm də Avropa ölkələrinin bu mövzu ilə əlaqədar birgə işləməyə davam edəcəyini bildirib.

Bununla yanaşı, Qərb ölkələrinin dəstəyi olmadan rəsmi Kiyevin öz ərazisini müdafiə edə bilməyəcəyini bildirən Olaf Şolts  ən qısa zamanda Ukraynaya növbəti yardımın göndərilməsinin vacibliyini bəyan edib.

Olaf Şolts həmçinin amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsini tənqid edib və onun tarixi məsələləri təhrif etdiyini dilə gətirib.

RUSIYA XIN XARİCİ AKTİVLƏRLƏ BAĞLI MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRİB

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova qeyd edib ki, Rusiya onun dondurulmuş suveren ehtiyatlarını (aktivlər) Ukraynaya dəstək məqsədilə girov kimi istifadə etmək cəhdlərinə sərt reaksiya verəcək. “Report” agentliyinin xəbərinə görə, Zaxarovanın bu şərhi Rusiya XİN-in saytında dərc olunub.

“Biz bu və ya digər şəkildə Rusiyanı suveren ehtiyatlarından məhrum etmək cəhdləri ilə bağlı istənilən qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Qanuni hüquq və mənafelərimizin müdafiəsi ilə bağlı cavabımız həm hüquqi, həm də mənəvi cəhətdən əsaslandırılacaq”, - deyə mətbuat katibi vurğulayıb.

Bununla yanaşı, Zaxarova bildirib ki, Rusiya aktivlərinin girov kimi saxlanılması və ya ondan başqa məqsədlər üçün vasitə kimi istifadə olunması davam edərsə, müvafiq istiqrazları almağa qərar verən hər hansı bir şəxs və fond, maliyyə və əmlak da daxil olmaqla Rusiyanın əks tədbirlərinə məruz qalacaq.

Mətbuat katibi qeyd edib ki, Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı istənilən addım Moskva tərəfindən oğurluq kimi qiymətləndirilir.

DÜNYANIN ƏN TƏMİZ DƏNİZİNDƏ EKOLOJİ FƏLAKƏT YAŞANIR

Dünyanın ən şəffaf və təmiz dənizi hesab olunan Aralıq dənizində suyun temperaturu getdikcə yüksəlir, turşulaşma artır və çirklənir. “Teleqraf.com” xəbər verir ki, İsrailin Okeanoqrafiya İnstitutu dənizdə xüsusilə plastik və civənin konsentrasiyasının artdığını açıqlayıb.

Məlumata görə, hesabat İsrail sahilləri boyunca kontinental şelfdə aparılan elmi araşdırmalara əsaslanır. Tədqiqatçılar qlobal istiləşmə nəticəsində Aralıq dənizində suyun üst qatının ildə təxminən 0,13 dərəcə istiləşdiyini bildiriblər. Bu, Ümumdünya İqlim Təşkilatının proqnozundan iki dəfə çoxdur.

Digər narahatedici tendensiya dəniz suyunun tədricən turşulaşmasıdır. Turşuluq dərəcəsi ildə təxminən 0,003 pH təşkil edir. Bu, havadan suya daxil olan karbon qazının artması ilə izah olunur.

Eyni zamanda, suyun oksidləşməsi dənizdəki müxtəlif bioloji proseslərə təsir göstərir, o cümlədən mərcan rifləri və molyuskların skelet və qabıqlarını formalaşdırmaq üçün lazım olan mineralları məhv edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.