Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

VLADİMİR PUTİNİN “VAQNER” RƏHBƏRİ İLƏ GÖRÜŞDÜYÜ TƏSDİQLƏNİB

Rusiya prezidenti Vladimir Putin iyunun 29-da “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və qruplaşmanın digər komandirlərilə görüşüb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, görüş Kremldə baş tutub və tədbirdə 35 nəfər iştirak edib.

Bununla yanaşı, Dmitri Peskov görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunduğunu diqqətə çatdırıb. “Komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayıblar”, - deyə mətbuat katibi əlavə edib.

Məlumat üçün qeyd edək ki, Vladimir Putinin Kremldə Yevgeni Priqojinlə görüşdüyünü Fransa mətbuatı yazıb.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” xüsusi hərbi şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin qruplaşmanın arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

 

ŞAVKAT MİRZİYOYEV YENİDƏN ÖZBƏKİSTAN PREZİDENTİ SEÇİLİB

Şavkat Mirziyoyev yenidən Özbəkistanın prezidenti seçilib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının brifinqində məlumat verilib.

Açıqlamaya görə, Mərkəzi Seçki Komissiyasının sədri Nizomiddin Zayniddinovun sözlərinə görə, Şavkat Mirziyoyev seçkilərdə 87,05 faiz səs toplayıb.

Verilən xəbərə əsasən, Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı təxminən 80 faiz təşkil edib.

Xatırladaq ki, Özbəkistanda iyulun 9-da keçirilən prezident seçkiləri 2023-cü il aprelin 30-da keçirilmiş referendumun nəticələrinə əsasən konstitusiyaya əlavə və dəyişikliklərin qəbulundan sonra ilk seçki olub.

Qeyd edilir ki, konstitusiyaya edilən dəyişikliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutur.

 

ŞİMALİ KOREYADAN ABŞ-A SƏRT XƏBƏRDARLIQ

ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreyanın hava məkanını pozarsa dərhal vurulacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə Şimali Koreyanın müdafiə qurumunun rəsmi nümayəndəsinin yaydığı bəyanatda qeyd olunur.

Açıqlamaya görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər.

Vurğulanıb ki, iyulun əvvəlində Amerikanın iki kəşfiyyat təyyarələri, həmçinin “RQ-4 Global Hawk” strateji pilotsuz uçan aparatı Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.

Belə ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən Şimali Koreyanın hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.

“Hazırda maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır”, - deyə qurumun açıqlamasında bildirilir.

 

300 NƏFƏR OKEANDA MÜƏMMALI ŞƏKİLDƏ İTKİN DÜŞÜB

Seneqaldan İspaniyaya məxsus Kanar adalarına gedən 3 qayıq Atlantik okeanının sularında müəmmalı şəkildə yaxa çıxıb. Bu barədə “Röyters” agentliyinin yaydığı məlumatda qeyd olunur.

Miqrantları Avropaya daşıyan “Caminando Fronteras” qeyri-hökumət təşkilatının nümayəndəsi Helena Maleno bildirib ki, qayıqlarda ümumilikdə 300 nəfər olub.

Eyni zamanda, təşkilat rəsmisinin sözlərinə görə, qayıqların birində təxminən 65 nəfər, digərində isə 50-60 nəfər olub. Onlar 15 gün əvvəl yoxa çıxıblar. Göyərtəsində təxminən 200 nəfərin olduğu başqa bir gəmi iyunun 27-də Seneqalı tərk edib və o vaxtdan bəri harada olduğu məlum deyil.

Məlumat üçün qeyd edək ki, Afrikanın qərb sahillərində yerləşən Kanar adaları İspaniyaya çatmağa çalışan miqrantların əsas məkanına çevrilib.

“Ailələr çox narahatdırlar. Seneqalın eyni bölgəsindən təxminən 300 nəfər. Onlar Seneqaldakı qeyri-sabitliyə görə ölkəni tərk ediblər”, - deyə Helena Maleno bildirib.

 

STOLTENBERQ TÜRKİYƏNİN Aİ-yə ÜZVLÜYÜNÜ DƏSTƏKLƏDİYİNİ BİLDİRİB

NATO İsveçin mümkün qədər tez alyansa qoşulması üçün çalışır və Vilnüsdə keçiriləcək sammitdə müsbət qərar veriləcəyinə inanır. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə Litva prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Alyansın baş katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzv olmasının təsdiqlənməsi üçün Avropa İttifaqının “Türkiyənin bloka qoşulması” istiqamətində yolunun açılması çağırışına da münasibət bildirib. Yens Stoltenberq Türkiyənin Aİ-yə üzv olmaq ambisiyasını dəstəklədiyini bildirib.

Eyni zamanda, baş katib əlavə edib ki, Türkiyə İsveçə verilən şərtlərin ilkin siyahısına sadiq qalmalıdır. Stoltenberq Türkiyənin İsveçlə bağlı haqlı narahatlıqlarının olduğunu da etiraf edib, lakin rəsmi Stokholmun bu narahatlığı həll etmək istiqamətində çalışdığını xatırladıb.

Yens Stoltenberq vurğulayıb ki, Türkiyə İsveçi alyansda görmək istəyən digər müttəfiqlərin də qanuni narahatlıqlarını başa düşməlidir, çünki belə bir addım NATO-nu gücləndirəcək.

 

MARTİN SKLENAR: MƏRKƏZİ AVROPADA NÜVƏ SİLAHINA EHTİYAC YOXDUR

Slovakiya hazırda Mərkəzi Avropada nüvə silahının yerləşdirilməsi üçün heç bir səbəb görmür. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Martin Sklenar Polşanın öz ərazisində nüvə silahı yerləşdirmək istəyini şərh edərkən bəyan edib.

Qeyd edək ki, bir müddət öncə Polşa hökumətinin başçısı Mateuş Moravetski bildirib ki, ölkə hakimiyyəti son nəticədə alyansın nüvə silahından birgə istifadə proqramı çərçivəsində bu cür silahların yerləşdirilməsinin zəruriliyinə NATO tərəfdaşlarını inandırmaq niyyətindədir.

“Bu məsələ Polşa ilə onu nüvə silahı ilə təmin edə bilən dövlətlər arasında müzakirə edilməlidir. Bizim fikrimizcə, bu regionda nüvə silahı yerləşdirməmiz üçün hələ də heç bir səbəb yoxdur”, - deyə Slovakiyanın müdafiə nazir vurğulayıb.

 

İTALİYADA DEMOQRAFİK BÖHRAN NARAHATLIĞI

İtaliya əhalisi 2070-ci ilə qədər 59 milyon nəfərdən 47,2 milyona düşə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, ölkənin demoqrafik gələcəyi kifayət qədər qaranlıq görünür, belə ki, heç bir dəyişiklik olmadığı halda yaxın onilliklərdə İtaliya əhalisinin sayı ciddi şəkildə azalacaq.

Ölkənin hökumət başçısı Ciorcia Meloninin sözlərinə görə, doğum səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Qeyd edilir ki, ölkə əhalisinin azalması 1993-cü ildən başlayıb.

Eyni zamanda, nəşrin məlumatına görə, son illər İtaliyada hamiləlik problemi ilə bağlı ümumi yığıncaqlar keçirilir. Əsas narahatlıq əhalinin qocalması və tezliklə pensiyaçıların maliyyələşdirilməsinin mümkün olmaması ilə bağlıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.