Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Daily Sabah": Türkiyə-Azərbaycan tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün həlledicidir

Türkiyə Azərbaycanla getdikcə böyüyən əməkdaşlığı daha da dərinləşdirmək əzmində olduğunu vurğulayaraq Avropanın və regionun enerji təhlükəsizliyinin təmin edilməsində Bakı ilə tərəfdaşlığın mühüm rol oynadığını bildirib.

Bu barədə "Daily Sabah" xəbər saytı məlumat yayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar azərbaycanlı həmkarı Pərviz Şahbazovla görüşdən sonra iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. "Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq Avropanın və regionun enerji təhlükəsizliyində həlledici rol oynayır", - deyə o qeyd edib: "İnanıram ki, bu əməkdaşlıq gələcək dövrdə də inkişaf edəcək".

Azərbaycanda səfərdə olan Bayraktar Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə də görüşüb və xalqlar arasında konstruktiv ikitərəfli əməkdaşlığı inkişaf etdirmək əzmində olduqlarını ifadə edib.

"Turkic World": Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya komissiyaları yaxın vaxtlarda görüşəcəklər

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.

Bu barədə "Turkic World" saytı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun jurnalistlərə verdiyi açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, iki ölkə arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri sərhədlərin müəyyənləşdirilməsi məsələsidir. Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüş keçirdiyini xatırladan nəşr növbəti təmasların yaxın günlərdə yenidən baş tutacağını vurğulayıb.

Xəbərdə Ceyhun Bayramovun səsləndirdiyi digər fikirlərə də yer verilib. Qeyd olunub ki, AŞPA-da rəsmi Bakıya qarşı atılan qərəzli addım qətiyyətlə pislənilir. Azərbaycan nümayəndə heyəti də bununla bağlı artıq öz mövqeyini bildirib. Yazıda, həmçinin Fransa ilə əlaqələrin ən aşağı səviyyədə olduğuna diqqət çəkilib. O da vurğulanıb ki, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud vəziyyətin səbəbkarı Fransa olub.

Yazıda Cənubi Qafqazda sülh perspektivlərinə də nəzər salınıb. Bildirilib ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi davam etdiriləcək.

"TASS": Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək

Rusiyanın məşhur "TASS" Agentliyi" bu il Azərbaycanın Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyinin işini bərpa etməyi planlaşdırdığı barədə məlumat yayımlayıb. Bunu "TASS"a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu söyləyib: "2024-cü ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinin işinin bərpası planlaşdırılır ki, bu da ikitərəfli turizm əlaqələrini daha da gücləndirəcək".

"Biz gələcəyə nikbin baxırıq və onun parlaq olması üçün əlimizdən gələni edəcəyik", - deyə diplomat əlavə edib.

"Vestnik Kavkaza": Keçmiş məcburi köçkünlər Füzuliyə qayıtmağa davam edir

Yanvarın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

"Vestnik Kavkaza" Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 27 ailə (115 nəfər) köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 527 ailənin (1969 nəfər) daimi məskunlaşması təmin edilib.

"BNN Breaking": ATƏT müşahidəçiləri Azərbaycanda prezident seçkilərinə hazırlığı izləyirlər

BNN xəbər agentliyi Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə hazırlıq barədə xəbər yayımlayıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) müşahidəçilərinin seçki prosesini yaxından izlədiyini bildirən agentlik, seçkilərin şəffaflığının və ədalətli olmasının təmin edildiyi barədə də məlumat verib.

Qeyd edilib ki, müşahidəçilər ölkənin ən ucqar guşələrinə, o cümlədən hazırlıqların qızğın getdiyi Beyləqan rayonuna qədər nəzarət imkanlarına malikdirlər. Belə ki, ATƏT DTİHB-dən Yevgeni Loginov və Lars Nyholm Beyləqan rayonunda yerləşdirilib. Onların missiyası seçki hazırlıqlarını diqqətlə izləməkdir və bu vəzifəni böyük fədakarlıqla öhdələrinə götürüblər.

"Respublika".