Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"MENAFN": Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir

"MENAFN" xəbər saytı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşü barədə məlumat yayımlayıb. Məlumatda, müdafiə nazirlərinin birgə Eskişəhərdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimi zamanı çıxış etdiyi qeyd olunub. Yaşar Gülər çıxışı zamanı, Türkiyənin Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verdiyini bildirib. Türkiyənin milli müdafiə naziri, həmçinin sərhədlərin müdafiəsinin lazımi şəkildə qorunduğunu da diqqətə çatdırıb.

 

"Pakistan Observer": Azərbaycan Çin ilə enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çinin Beynəlxalq Enerji Qrupunun sədri Liu Zexiang ilə görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələr, şirkətlə əməkdaşlıq perspektivləri, eləcə də ölkəmizin "yaşıl" enerji potensialı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr müzakirə edilib.

Bu barədə "Pakistan Observer" saytı məlumat yayıb.

Qeyd edilib ki, Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində rəsmi səfərdədir. Səfər çərçivəsində digər tədbirlərlə yanaşı, Pekində Azərbaycan Ticarət Evinin açılışı da nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycanın iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti Çinə səfəri zamanı "Bir kəmər, bir yol" təşəbbüsü və perspektivli infrastrukturun inkişafı layihələri çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Sentyabrın 1-də Azərbaycan Çinlə investisiya əməkdaşlığı haqqında saziş imzalayıb.

 

 

"Eurasia Daily": Macarıstan Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

Sentyabrın 4-ü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib.

Hər iki dövlət arasında əlaqələri müşahidə edən Rusiyanın "Eurasia Daily" nəşri qeyd edib ki, səfər çərçivəsində Azərbaycan-Macarıstan strateji dialoqunun iclası zamanı nazir Ceyhun Bayramovun Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşü baş tutub.

Həmçinin qeyd edilib ki, son dövrlərdə Macarıstan tərəfinin türk dövlətləri ilə iqtisadi-siyasi və ticarət əlaqələrinin inkişafına xüsusi can atması hiss olunur.

Həmçinin avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan başda olmaqla digər türk ölkələrinin rəhbərinin Macarıstana səfər etdikləri də diqqətə çatdırılıb.

 

"Hürriyyət": Aİ-nin Laçın dəhlizi və Ağdam yolu təklifi

Avropa İttifaqı Şurasının (Aİ) sədri Şarl Mişelin Laçın dəhlizi və Ağdam yolunun açılması üçün mərhələli bir təklif təqdim etdiyi açıqlanıb. Bu barədə "Hürriyyət" nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Aİ Şurası yazılı bəyanatında Şarl Mişelin Qarabağda ermənilərin vəziyyəti ilə bağlı mübahisənin həlli məqsədilə Bakı, İrəvan və Qarabağ erməniləri ilə əlaqə saxladığı bildirilib. Bəyanatda Şarl Mişelin Laçın dəhlizinin və Ağdam yolunun açılması ilə bağlı mərhələli təklif təqdim etdiyi açıqlanıb. Bəyanatda qeyd olunur ki, Aİ Laçın dəhlizi ilə paralel Ağdam-Xankəndi yolunun da istifadəsini dəstəkləyir.

Bununla yanaşı, Aİ sədri Bakı ilə Qarabağ erməniləri arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməli olduğunu vurğulayıb. Bu məqsədlə Aİ bir neçə təklif də irəli sürüb. Bildirilib ki, bütün səylərin yeganə məqsədi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, həmçinin daimi sülhü təmin etməkdir. Bu kontekstdə Aİ digər beynəlxalq qurumlarla da müntəzəm əlaqə saxlayır.

 

"Dtt-net": Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

"Dtt-net" xəbər saytı məlumat verir ki, Serbiya parlamenti bu həftə keçiriləcək növbəti iclasında Qvineya və Qabonlu diplomatik pasport sahibləri və adi pasportlara malik Azərbaycan vətəndaşları üçün vizaları ləğv edən qanunları təsdiqləməyə hazırlaşır.

 

"Anadolu Agentliyi": Azərbaycanda 5,2 bal gücündə zəlzələ olub

Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Türkiyənin "Anadolu Agentliyi" bu barədə yazı dərc edib. Xəbərdə bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb. Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında 3-4 bal gücündə hiss olunub.

Xəbərdə o da qeyd olunub ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zəlzələ ilə bağlı dağıntı və insan tələfatı qeydə alınmayıb.

"Respublika".