Azərbaycan diasporu güclənir
Diaspora

Azərbaycan diasporu güclənir

2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başlayıb

Dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişaf etməsi sahəsində qurultayların keçirilməsi müstəqil Azərbaycanın tarixində əlamətdar  hadisələrdən biridir. İlk qurultay 2001-ci il "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib. Qurultayın keçirilməsində əsas məqsəd xaricdə yaşayan soydaşlarımızı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirmək yolunda lazımi addımların atılması və diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin əsasının qoyulmasından ibarət idi. 70 ildən sonra  müstəqilliyini bərpa edən Azərbaycan yalnız 2001-ci ildə ulu öndərin təşəbbüsü ilə ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, İsveçrə və digər ölkələr olmaqla 36 xarici dövlətdən 406 nümayəndə olmaqla 63 qonaq da iştirak etmişdir. Açılış nitqində bir çox məqamlara toxunan Heydər Əliyev tədbir iştirakçılarını əmin etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində xalqını qələbə xəbərləri ilə müjdələyən Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycana ən sevincli günü yaşatdı. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!..”. Dövlət başçısının bu sözləri təkcə ölkə daxilində deyil, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların qəlbinə məlhəm kimi yayılmışdı. Şuşa şəhəri  Azərbaycan və azərbaycanlılar üçün xüsusi bir önəm kəsb edir. 28 il düşmən tapdağı altında olan bu əsrarəngiz şəhər, Qarabağın incisi olmaqla yanaşı, türk dünyasının mənəvi beşiyi sayılır. Azərbaycan xalqına Bülbülü, Xurşidbanu Natəvan Üzeyir Hacıbəyli, Niyazi, Xan Şuşinski və bir çox dünyaşöhrətli  dahiləri bəxş edən Şuşanın uzun illər erməni işğalında olması təkcə gözəl və dillərə dastan olan şəhərimizin deyil, mədəniyyətimizin tacının  itirilməsi idi. İkinci Qarabağ müharibəsinin şah əsəri olan Şuşa əməliyyatı Şanlı Ordumuzun adını  dünyanın hərb tarixinə qızıl hərflərə yazıb. Beləliklə, 2020-ci ildə ümummilli liderin əminliklə qeyd etdiyi arzuları artıq reallaşmışdı və 2022-ci il aprel ayının 22-də Qarabağ torpağında, Şuşa şəhərində  Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başladı. Həmvətənlilərimizin qürur mənbəyi olan Şuşa şəhəri dövlət başçısının söylədiyi kimi, həmin gün soydaşlarımızı günəşli hava ilə qarşıladı və bu, bir daha onu göstərdi ki, bura bizim tarixi torpaqlarımızdır. Hətta təbiət, günəş də azərbaycanlıların gəlişinə sevinib onlarla həmrəy olmuşdu.  Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib.

Aprelin 22-də Qarabağ torpağında, azad Şuşada  keçirilən  Dünya Azərbaycanlılarının V Qurultayının Zəfər Qurultayı adlandırılmasının Müzəffər Ali Baş Komandan səbəbini belə izah edir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir”.

Dövlət başçısı Zəfər Qurultayında etdiyi çıxışında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultayın keçirilməsi, Qarabağ münaqişəsinin həll edilməsi, postmünaqişə dövrü, torpaqlarımızın 30 il ərzində düşmən işğalında qalması, ordu quruculuğu, Minsk qrupunun yarıtmaz fəaliyyəti, səfirlik və diaspor təşkilatlarının yeni reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq kimi bir sıra vacib məqamlara diqqət çəkib.

Azərbaycan diasporu Vətən müharibəsi ərəfəsində dünyanın bir çox ölkələrində haqq işimizin dəstəklənməsində böyük əmək sərf etmişdir. Xüsusilə, Avropanın bir çox ölkələrində və ABŞ-ın bəzi ştatlarında sayca çoxluq təşkil edən ermənilərin qarşısında əzmlə mübarizə apararaq qazandığımız qələbəyə öz töhfələrini vermişdilər. Ölkəmizin xaricdə tanınması, dilimizin və mədəniyyətimizin təbliğində diaspora təşkilatlarının üzərinə xüsusi vəzifə düşür. Nəzərə alsaq ki, onlar dünyada nüfuzlu və güclü olan erməni lobbisi ilə qarşı-qarşıyadırlar, buna görə də fəaliyyət istiqamətləri çoxşaxəli və təxirəsalınmaz olmalıdır. Bir ölkənin dünya arenasında və beynəlxalq müstəvidə söz sahibi olmasında insan faktorunun böyük önəmi var. Bu baxımdan, dövlət başçısı  ikinci, üçüncü nəsil azərbaycanlıların öz mədəniyyətinə bağlı olmalarını, Azərbaycan dilini bilmələrini vacib hesab edir. Xarici ölkələrdə həmvətənlilərimizin Ana dilindən istifadə etməsi onların milli mənsubiyyətini, hansı ölkəyə məxsus olmalarını zahirə vuran əsas əlamətlərdir.

Musa BAĞIRLI,

“Respublika”.