VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

29 oktyabr

  • Prezident İlham Əliyev Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib.
  • Şanlı 100 il
  • 100 il bundan öncə, 29 oktyabrda yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi. Qazi Mustafa Kamal Paşa Atatürkün dövlət başçısı seçilməsi ilə dünyada əzəmətli bir dövlətin əsası qoyuldu. 1923-cü ildə elan edilən Türkiyə Cümhuriyyəti tarixin çətin sınaqlarından keçmiş, öz siyasi gücü, iqtisadiyyatı, xalqı üçün yaratdığı perspektivləri ilə adını dünya nəhəngləri sırasına yazdırmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb.
  • Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və yüksəliş yolunda inamla irəliləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə qardaş ölkə tarixinin dirçəliş dövrünü yaşayıb və həmin proses bu gün də davam edir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda, bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bununla yanaşı, hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də bəyannamədə qeyd olunub.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Günü münasibətilə paylaşım edib.
  • Azərbaycan müdafiə naziri Zakir Həsənov Çinə işgüzar səfər edib.

30 oktyabr

  • Prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  • Daha 70 sakin Laçına yola salınıb.

31 oktyabr

  • Prezident İlham Əliyev Azərbaycanın "2023-cü il üzrə Ümumdünya Məskunlaşma Gününün Beynəlxalq Səviyyədə Qeyd Edilməsi" tədbirinə ev sahibliyi etməsi ilə bağlı müvafiq Fərman imzalayıb.
  • Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmə keçirilib.

m1 noyabr

  • Prezident İlham Əliyev İnqilab Günü münasibətilə Əlcəzair dövlət başçısını təbrik edib.
  • Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib.
  • Azərbaycan Prezidentinin neokolonializmlə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
  • Həqiqətləri dünyaya bəyan edən qətiyyətli LİDER
  • Azərbaycanın beynəlxalq arenada səsləndirdiyi həqiqətlər bu gün dünya tərəfindən təsdiqlənməkdədir. Dünyanın ən ali təşkilatı hesab edilən BMT-nin ölkə başçımızın fikirlərinə xüsusi önəm verməsi deyilənlərin əyani sübutudur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
  • Tarix boyu müstəmləkəçiliyi dövlət siyasətinin bir hissəsinə çevirmiş, ən qəddar qərb ölkəsinin beynəlxalq humanitar hüquqazidd davranışları qəbuledilməzdir. Soyqırımları, maddi-mədəni irsin dağıdılması və yox edilməsi, milyonlarla insanın kölə halına salınması kimi saysız-hesabsız bəşəri cinayətlərin müəllifi olan Fransa hələ də əməllərinə görə cavab vermir. Möhtəkirliyin, riyakarlığın pik həddə olduğunu ölkə başçımız Qoşulmama Hərəkatı kimi BMT-dən sonra ikinci ən böyük təsisata rəhbərliyi çərçivəsində bu acı həqiqətləri dəfələrlə vurğulamışdır.
  • Fransalı hüquq müdafiəçiləri Qarabağda etnik təmizləmənin olmadığını təsdiqləyiblər.
  • Azərbaycanın multikulturalizm modeli Astanada keçirilən beynəlxalq konfransda müzakirə edilib.

2 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib.
  • İşğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyətində beynəlxalq təşkilatların iştirakı müzakirə edilib.
  • Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır.

3 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirak edib.
  • Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
  • Türk liderlərini bir araya gətirən çağırış
  • Noyabrın 3-də Astanada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirildi. Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşü çərçivəsində Astanaya gələn liderlər görüşün ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdilər. Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: "Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir". Azərbaycan və Türkiyənin regiondakı tarixi birliyi TDT-nin fəaliyyətinə yeni nəfəs gətirmişdir. Bunun nəticəsidir ki, təşkilata üzv olan digər türkdilli ölkələr bu birliyin timsalında qarşılıqlı əməkdaşlığı gücləndirirlər. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də buna əyani sübutdur. Beləliklə, ümumi dil, din, tarix və mədəniyyət amillərinə uyğun olaraq, həyata keçirilən digər layihələr türk dövlətləri arasında iqtisadi və siyasi qarşılıqlı əlaqələri dərinləşdirir, həmçinin təhlükəsizlik tərəfdaşlığının yaradılmasını məntiqə uyğun edir.
  • Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilib.
  • SOCAR və "Tatneft" PSC şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.

4 noyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər naziri Annalena Berboku qəbul edib.
  • Milli Məclisdə mina təhlükəsi ilə bağlı ictimai dinləmə keçirilib.
  • Tanınmış səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

“Respublika”.