PAMBIQ YIĞIMI DAVAM EDİR
İqtisadiyyat

PAMBIQ YIĞIMI DAVAM EDİR

Uzun illər pambığın əkilib-becərilməsində böyük təcrübələr toplamış və nəticədə gözəl ənənələr yaratmış Azərbaycan dünyanın ən qabaqcıl pambıqçılıq ölkələrindən biri kimi tarixə düşmüşdür. Ancaq ən sürətli artım ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun titanik səyi nəticəsində nəinki pambıqçılıq, kənd təsərrüfatının bütün başqa sahələri də uğurla inkişaf etmişdir.

1969-cu ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə pambıqçılıq strateji əhəmiyyətli sahə kimi çox sürətlə inkişaf etmiş, sovet dövründə respublikalar arasında öndə getmiş, illik pambıq istehsalı bir milyon tona çatdırılaraq, dəfələrlə sovetlər dövrünün ən ali mükafatına "Keçici Bayrağa" layiq görülmüşdür. Ümummilli lider bu sahənin son dərəcədə vacibliyini qeyd edərək demişdir: "Pambıqçılıq çox faydalı sahədir, bu sahə yaşamalı və inkişaf etdirilməlidir". Bəli, onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Məhz bu baxımdan o dövrdə pambıqçılıq əhalinin əsas gəlir mənbəyinə çevrilmiş, maddi rifah halının yüksəlməsinə təkan vermişdir.

Yevlax zəngin ənənəsi olan pambıqçılıq rayonlarındandır. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. 2023-cü ildə Yevlaxda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 1889,3 hektar sahədə pambıq əkilmişdir ki, bunun da 1619,3 hektarı "MKT İstehsal Kommersiya" MMC ilə, 270 hektarı isə "Goran Cotton" MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir. Onu qeyd edək ki, 2022-ci ildə Yevlax fermerləri tərəfindən 8571,82 ton pambıq yığılaraq məhsuldarlıq 31,72 sentner olmuşdur. Bu il də pambıq əkən mülkiyyətçilər sahələrdən daha yüksək məhsuldarlıq əldə etmək üçün var-qüvvələri ilə çalışaraq, aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparmışlar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib. Qeyd edək ki, yevlaxlı "ağ qızıl" ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə əvvəlki illərdə olduğu kimi, bu il də respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər. Hazırda fermerlər tərəfindən hər gün 250 tondan çox məhsul yığılır. Bu il rayonda hər hektardan 32 sentnerdən çox pambıq yığılması planlaşdırılır. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə 9 ədəd pambıqyığan kombayn, 36 ədəd traktor və 55 ədəd müxtəlif növ texnika cəlb edilib.

Zabit XƏLİLOV,

"Respublika".