DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

FRANSALI SİYASƏTÇİDƏN ƏRDOĞANLA BAĞLI ETİRAF

Avropa Parlamentinin fransalı deputatı Terri Mariani Avropa İttifaqını sərt sözlərlə tənqid edərkən, Türkiyə ilə bağlı diqqətçəkən ifadələrə yer verib. “Teleqraf.com”un verdiyi xəbərə görə, fransalı siyasətçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərb liderlərindən fərqli olaraq, əsl dövlət başçısı olduğunu bildirib.

Terri Mariani Türkiyədə keçirilmiş son prezident seçkiləri ilə bağlı da ilginc etiraflar edib. O, Ərdoğanın seçkilərdə Qərbin dəstəklədiyi namizədlər qarşısında böyük qələbə qazandığını dilə gətirib.

“İndi güclənmiş bir Ərdoğanla qarşı-qarşıyayıq. Mayda Qərbin dəstəklədiyi müxalifətin bütün namizədlərini məğlub edərək güclənən, hazırda Ukraynadakı rolu ilə beynəlxalq nüfuzunu artıran və münaqişədəki ideoloji siyasətimizlə gücünü artıran Ərdoğanın əsl dövlət başçısı olduğunu çoxları anlamır”, - deyə deputat vurğulayıb.

Türkiyənin həmişə öz maraqlarını üstün tutduğunu və qeyri-müəyyənliyə yol vermədiyini bildirən Terri Mariani rəsmi Ankaranın dünyada rolunu getdikcə artırdığına diqqət çəkib. O həmçinin qeyd edib ki, Qərb öz uğursuzluqları ilə Türkiyəni qidalandırır.

SURİYA ABŞ-DAN TƏZMİNAT TƏLƏB EDİR

Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və öz ərazisində qeyri-qanuni Amerika hərbi mövcudluğuna son qoyulmasını tələb edir. “Report” agentliyinin məlumatına görə, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı Suriya Ərəb Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsi Bassam Sabbaq bildirib.

“Suriya beynəlxalq ictimaiyyətin diqqətini onun təbii sərvətlərinin Amerika Birləşmiş Ştatları tərəfindən sistematik şəkildə talan edilməsinə cəlb edir. Hökumətimiz ABŞ-dan oğurlanmış neft ehtiyatları və buğdaya görə təzminat tələb edir”, - deyə diplomat vurğulayıb.

B.Sabbaqın sözlərinə görə, Suriya tərəfi ABŞ-ın son illərdə vurduğu iqtisadi ziyanı 115 milyard dollar məbləğində qiymətləndirib.

“Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurası ABŞ-ı məsuliyyətə cəlb etməli və onu ərzaq və yanacağa ehtiyacı olan Suriya əhalisinin itkilərini kompensasiya etməyə məcbur etməlidir”, - deyə Suriya rəsmisi qeyd edib.

ROBERT MENENDEZ ÇƏTİN SINAQ QARŞISINDA

ABŞ Senatının 15-dən çox üzvü qurumun Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezi korrupsiya qalmaqalı ilə bağlı istefaya çağırıb. “Teleqraf.com”un xəbərinə əsasən, xüsusilə belə bir çağırış senator Kori Buker tərəfindən edilib.

Eyni zamanda, senator Menendezlə bağlı şok korrupsiya və digər narahatedici ittihamların olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, Menendez özü indiyədək Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməkdən imtina edib.

Ötən həftə ABŞ Ədliyyə Nazirliyi Menendezi və onun erməni əsilli həyat yoldaşı Nadina Arslanyanı korrupsiyada və Misirə gizli yardımda günahlandırıb. Sentyabrın 27-də cütlük ilk dəfə məhkəmə qarşısına çıxıb. Menendez məhkəmədə özünü günahkar hesab etməyib.

Məlumat üçün qeyd edək ki, Robert Menendez Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti ilə seçilir. Son illərdə Senatda bu iki ölkəyə qarşı müzakirə olunmuş bütün layihələrdə onun da imzası olub.

ALMANİYA POLŞA VƏ ÇEXİYA İLƏ SƏRHƏDDƏ YOXLAMALARA BAŞLAYIR

Almaniyanın daxili işlər naziri Nensi Faser sentyabrın 27-də miqrant və sığınacaq axtaranların axını fonunda ölkəsinin Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamaların aparılması ilə bağlı göstəriş verib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin açıqlamasına əsasən, yaxın bir neçə gün ərzində “seçilmiş sərhəd keçidlərində” yoxlamalar başlayacaq.

Qeyd edilir ki, 2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77 faiz çoxdur.

Sentyabrın 23-də Almaniya kansleri Olaf Şolts sərhəddə nəzarətin gücləndirilməsinə icazə verib. Eyni zamanda o, Almaniyanın ehtiyacı olanlara sığınacaq verməyə davam edəcəyini vurğulayıb.

S.BAYRAKTAR: PUA-LARIMIZ BÜTÜN DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏDİR

Türkiyə istehsalı olan PUA-lar bütün dünyanın diqqət mərkəzindədir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib.

“Hazırda “Bayraktar AKINCI” PUA-sına ciddi tələbat var. “KIZILELMA” hələ inkişaf mərhələsində olsa da, dünyanın bir çox ölkəsinin diqqət mərkəzindədir. “Bayraktar TB2” dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. “Bayraktar TB2” indiyə qədər 32 ölkəyə ixrac edilib”, - deyə Bayraktar qeyd edib.

Bununla yanaşı, Selçuq Bayraktar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqdan innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Selçuk Bayraktarın sözlərinə görə, dünyada qısa uçuş-enmə zolağına malik gəmilərə yerləşdirilən ilk PUA olması planlaşdırılan “Bayraktar TB3” “TEKNOFEST” festivalından sonra ilk uçuşunu edəcək.

Məlumat üçün qeyd edək ki, “TEKNOFEST” festivalı 27 sentyabr-1 oktyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçirilir.

PENTAQONUN XƏRCLƏRİ 389,5 MİLYARD DOLLAR TƏŞKİL EDİB

ABŞ Müdafiə Nazirliyi 2022-ci maliyyə ilində müxtəlif müqavilələrə 389,5 milyard dollar xərcləyib, “Lockheed Martin” korporasiyası bu vəsaitin 44,5 milyard dollarını əldə edib. “Report”un xəbərinə görə, bu barədə hərbi idarənin hesabatında qeyd olunur.

Sənədə əsasən, ABŞ Müdafiə Nazirliyinin ölkənin 50 ştatında və Kolumbiya dairəsində müqavilələr üzrə öhdəlikləri, maaşların ödənilməsi və qrantların verilməsi xərcləri 558,7 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,2 faizinə bərabərdir.

Bildirilir ki, ümumi xərclər bütün ABŞ sakinləri arasında bölüşdürülsə, bu, hər Amerika vətəndaşına 1679 dollar təşkil edəcək. Bu vəsaitin 389,5 milyard dolları (70 faiz) məhsul və xidmətlər üzrə müqavilələrə xərclənib, 159,4 milyard dolları (28 faiz) ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarına əmək haqqı kimi ödənilib, 9,7 milyard dolları (2 faiz) isə qrant şəklində verilib.

Şirkətlər arasında Pentaqondan hesabat dövründə müqavilələr üzrə ən çox vəsaiti “Lockheed Martin” korporasiyası alıb - 44,5 milyard dollar. İkinci yerdə “Raytheon Technologies” (25,4 milyard dollar), üçüncü yerdə isə “General Dynamics” (21,5 milyard dollar) qərarlaşıb.

DEMOQRAFİK BÖHRAN UKRAYNA ÜÇÜN CIDDI TƏHLÜKƏYƏ ÇEVRİLİB

Ukraynada doğum səviyyəsi dünya rekordunu qıra bilər. “The Wall Street Journal” qəzetinin məlumatına görə, mənfi ssenari baş verərsə, ölkə əhalisinin sayı 30 milyondan aşağı düşə bilər.

Jurnalistlər qeyd ediblər ki, 2023-cü ilin birinci yarısında böhrandan əvvəlki eyni dövrlə müqayisədə 28 faiz az doğuş qeydə alınıb. Bu azalmanın Ukraynanın 1991-ci ildə müstəqilliyini elan etməsindən bəri ən kəskin azalma olduğu bildirilir.

Eyni zamanda, Ukraynada doğum səviyyəsi tarixən Avropada ən aşağı göstəricidir. Hazırda o, antirekordu qıra və dünyada ən aşağı göstərici ola bilər.

“Bu, böyük təhlükədir”, - deyə Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun demoqrafı Aleksandr Qladun bəyan edib.

Xatırladaq ki, əvvəllər də Ukrayna əhalisinin sayı ilə bağlı vəziyyətin hər ay daha da mürəkkəbləşdiyi bildirilirdi. Getdikcə daha çox insan başqa ölkələrə köçməklə bağlı qərar verir.