DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ İRANA QARŞI MƏxFi ƏMƏLİYYATI NƏZƏRDƏN KEÇİRİR

ABŞ Yaxın Şərqdəki hərbi bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı məxfi əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, rəsmi Vaşiqton hücuma daha qətiyyətli cavab verəcək, bu da miqyasına görə Qəzza zolağında davam edən münaqişədən daha geniş olacaq.

Bununla yanaşı, “Bloomberg” mümkün tədbirlər arasında  ABŞ-ın İrana zərbə endirəcəyi gizli əməliyyatı xüsusi qeyd edib. İddiaya əsasən, Vaşinqton əməliyyatda iştirakını açıqlamayacaq. ABŞ-ın həmçinin İran rəsmilərinə qarşı birbaşa hücum təşkil edə biləcəyi də variantlar arasındadır.

Agentlik qeyd edib ki, rəsmi Vaşinqtonun hansı addımı atmasından asılı olmayaraq, ABŞ prezidenti Cozef Bayden səlahiyyət müddətinin ən mühüm qərarlarından birini verməli olacaq.

Eyni zamanda, agentlik hesab edir ki, bu, hətta Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya da səbəb ola bilər.

BAŞ NAZİRDƏN SONRA GÜRCÜSTAN HÖKÜMƏTİ DƏ İSTEFAYA GEDİR

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin yanvarın 29-da verdiyi istefa qərarının ardınca bütün hökumət istefaya gedir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Xəbər verilir ki, Gürcüstan Konstitusiyasına əsasən, baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Həmçinin hökumət başçısının vəzifələri baş nazirin birinci müavininə həvalə edilir.

Məlumata görə, ölkənin bütün nazirləri səlahiyyətlərini müvəqqəti icra edəcəklər. Bildirilir ki, artıq Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var.

“Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı qurumun rəhbərinə də təsir edəcək”, - deyə “Mtavari Arxi” portalı mənbələrinə istinadən xəbər verib. O cümlədən Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək.

NATO-NUN “HƏRBİ ŞENGEN”İ TEZLİKLƏ YARADILA BİLƏR

Şimali Atlantika Müqaviləsi Təşkilatı dövlətləri bloka üzv ölkələrin sərhədləri daxilində hərbi birləşmələrin sərbəst hərəkət etməsinə imkan verən “Hərbi Şengen” sisteminin yaradılması barədə razılığa iyul ayından da tez gələ bilərlər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Eyni zamanda, nəşr qeyd edib ki, NATO liderləri uzun illər ərzində iştirakçı ölkələrin hərbçilərinin sərhədlər daxilində maneəsiz hərəkətinə imkan verən Şengen zonasının hərbi ekvivalentini yaratmağa çalışırlar.

Bununla yanaşı, hazırda Avropada bir sıra “hərbi dəhlizlər”in açılması üçün danışıqlar aparılır. Ehtimal olunur ki, NATO-nun bu ilin iyulunda Vaşinqtonda keçiriləcək növbəti sammitinə qədər müsbət nəticə əldə etmək mümkün olacaq.

“The Times” vurğulayıb ki, NATO-nun indiki sərhədyanı təlimləri çox vaxt müəyyən sayda bürokratik təsdiq tələb edir və bu, hərbi vəziyyətin gərginləşməsi halında kritik ola bilər.

“F-35”LƏR YUNANISTAN MEDİASINI SAKİTLƏŞDİRMƏDİ

ABŞ Türkiyəyə 40 yeni “F-16 Viper” qırıcı təyyarəsi və 79 modernizasiya dəstinin satışını təsdiqləyib. Bu çərçivədə 23 milyard dollarlıq satış rəsmən qeydə alınıb. ABŞ eyni vaxtda Yunanıstana “F-35A” qırıcılarının tədarükünə icazə verib. “Teleqraf.com”un xəbərinə görə, “F-35” məsələsinin Egey dənizindəki güc tarazlığını yenidən gündəmə gətirdiyini bildirən Yunanıstanın “Kathimerini” qəzeti 2030-cu ildə Türkiyə və Yunanıstan ordularını müqayisə edən məqalə dərc edib.

“ABŞ-ın Yunanıstana “F-35” döyüş təyyarələri, Türkiyəyə “F-16” qırıcıları və təkmilləşdirmə dəstləri satması üçün “yaşıl işıq” yandırması iki NATO “müttəfiqi”nin əslində bir-birləri ilə üzbəüz rəqabət apardığını göstərir”, - deyə məqalədə vurğulanır.

Bununla yanaşı, iki ölkəni PUA sahəsində müqayisə edən nəşr Türkiyənin açıq fərqlə öndə olduğunu yazıb: “Türkiyə Yunanıstandan xeyli irəlidədir. Türkiyə PUA sahəsində dron istehsalını ticarət üstünlüyünə çevirərək ixrac gücünə çevrilməyi bacarıb. 2023-cü ildə Türkiyənin müdafiə sənayesi 5,5 milyard avroya çatıb ki, bunun da əksəriyyəti PUA və əlaqəli sistemlərlə bağlıdır”.

Aİ-DƏN MACARISTAN İQTİSADİYYATINI SARSITMAQ ÜÇÜN PLAN

Avropa İttifaqı rəsmi Budapeştin Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin açıqlamasına əsasən, Brüssel Macarıstan forintinin məzənnəsini aşağı salmağa, ölkənin iş yerlərinə və iqtisadi artıma zərər vurmaq üçün Macarıstanın investisiya cəlbediciliyini azaltmağa hazırlaşır.

Bildirilir ki, Macarıstanın baş naziri Viktor Orban güzəştə getməsə, o zaman Aİ rəhbərliyi “bazarları qorxutmaq” niyyəti ilə Budapeştə maliyyənin tamamilə dayandırıldığını açıq şəkildə elan edə bilər.

Eyni zamanda, Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka qeyd edib ki, Budapeşt “təzyiqlərə boyun əymək niyyyətində deyil”. Onun sözlərinə görə, Macarıstan danışıqlarda konstruktiv iştirakını davam etdirəcək.

İRAN PREZİDENTİ PAKİSTANA SƏFƏR EDƏCƏK

İran prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Pakistana səfəri baş tutacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da İslamabadda pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə birgə mətbuat konfransında bəyan edib.

Bildirilir ki, Hüseyn Əmir Abdullahianın sözlərinə görə, İran tərəfi İbrahim Rəisinin Pakistana səfəri ilə əlaqədar Pakistan dövlətindən rəsmi dəvət alıb.

Eyni zamanda, İranın XİN başçısı vurğulayıb ki, bununla əlaqədar qeyd olunan səfər proqramı üzərində işləmək haqda razılıq əldə olunub.

Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Hadisədən sonra Pakistan İrandakı səfirini geri çağırıb və İran səfirinin Pakistana səfər etməməsini istəyib. Bunun ardınca yanvarın 17-də Pakistan İranın Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər dünyasını dəyişib.

ABŞ İSRAİLƏ SİLAH TƏDARÜKÜ İLƏ TƏZYİQ ETMƏK İSTƏYİR

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə silah satışını ləngidə və ya tədarükünü dayandıra bilər. Bu yolla Vaşinqton Qəzzada hərbi əməliyyatların miqyasını azaltmaq üçün İsrailə təsir etmək niyyətindədir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “NBC News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hələlik heç bir qərar verilməsə də, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

Mənbələrin açıqlamasına görə, tədarükü azaldıla bilən silahlar arasında “JDAM” dəqiq idarəedici dəsti olan hava bombaları və 155 mm-lik artilleriya mərmiləri də var.

Telekanal qeyd edir ki, rəsmi Vaşinqton həftələrlə İsraili Qəzzada taktikanı dəyişməyə və mülki itkiləri minimuma endirmək üçün səy göstərməyə inandıra bilmədikdən sonra administrasiya bu cür tədbirləri nəzərdən keçirməyə başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.