DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ HÖKUMƏTİNİN 2024-cü İL ÜÇÜN BÜDCƏSİ RAZILAŞDIRILIB

ABŞ Konqresindəki Respublikaçı və Demokratik partiyaların nümayəndələri 2024-cü ildə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə prezident Cozef Baydenin yazılı bəyanatında qeyd olunur.

Məlumata əsasən, ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək. Bunun 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə sərf olunacaq.

Qeyd edək ki, ötən ilin noyabrında C.Bayden federal hökuməti müvəqqəti maliyyələşdirmək üçün Konqresin hər iki palatası tərəfindən təsdiqlənən qanun layihəsini imzalayıb.

Əgər ABŞ hakimiyyəti respublikaçılarla yeni razılaşmalar əldə edə bilməsəydi, 2024-cü il yanvarın 19-dan sonra hökumət işlərinə vəsaitin ayrılması qismən dayandırıla bilərdi. Bu, bir sıra dövlət proqramlarının və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, enerji, hərbi inkişaf, nəqliyyat və mənzil tikintisi ilə məşğul olanların işinin dayandırılmasına gətirib çıxaracaqdı.

FRANSA TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİNİN UĞURLARINDAN NARAHATDIR

Türkiyənin müdafiə sənayesinin uğurlarını yaxından təqib edən fransız mediası Fransanın bu sektorunun təhlükədə olduğuna diqqət çəkib. “Teleqraf.com”un xəbərinə görə, “Le Monde” qəzeti bu baxımdan Türkiyəni “güclü rəqib və təhdid”  kimi qələmə verib.

Məqalədə qeyd olunur ki, Fransanın silah sənayesinin dünyanın üçüncü ən böyük silah ixracatçısı kimi mövqeyinə baxmayaraq, zəif cəhətləri mövcuddur.

Nəşrin açıqlamasına görə, Fransa hərbi sənayesi demək olar ki, bütün hərbi texnikanı özü istehsal edir: “Bu da, ölkənin quru, dəniz və hava qüvvələrinin hərbi texnikaları amerikalılardan və avropalılardan hazır şəkildə almaq məcburiyyətində qalmasının qarşısını alır. Lakin bu ambisiya Fransanın “orta güc” statusundan irəli gələn zəiflikləri ilə bağlıdır”.

“Le Monde” diqqəti ona yönəldir ki, Türkiyə də daxili imkanları ilə hərbi və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılayır. Türkiyədə xarici ölkələrdən asılılığı minimuma endirmək məqsədilə işlər səngimədən davam edərkən, müdafiə təyinatlı məhsullar xaricdən çoxlu alıcı tapır.

ÜST QƏZZAYA DƏRMAN TƏDARÜKÜNÜ NİYƏ DAYANDIRIB?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ÜST-ün Fələstin ofisinin bəyanatında bildirilir.

“Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib”, - deyə açıqlamada vurğulanır.

Məlumata görə, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.

BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.

TERRORÇU ÖLKƏSİNİ HÜQUQLARI POZULDUĞUNA GÖRƏ MƏHKƏMƏYƏ VERƏCƏK

Ölkə tarixinin ən dəhşətli terror aktında iştirak edən terrorçu Anders Breyvik Norveçi hüquqlarını pozduğu iddiası ilə ikinci dəfə məhkəməyə verəcək. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verib.

Terrorçunun iddiasına görə, onun 2012-ci ildən təkadamlıq kamerada saxlanması Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq qeyri-insani rəftara bərabərdir.

Agentlik qeyd edir ki, Breyvik mətbəxi, yeməkxanası və televizor otağı olan ikimərtəbəli kompleksdə saxlanılır, hətta idman zalından da istifadə edə bilir.

Buna baxmayaraq, terrorçunun vəkilinin sözlərinə görə, hazırda müvəkkilinin xarici aləmdə hər hansı bir şəxslə münasibət qurması mümkün deyil. Vəkil bildirib ki, müvəkkilinin məktub göndərməsinə mane olmaq onun hüquqlarının pozulmasıdır.

Xatırladaq ki, oxşar iddia 2016-cı ildə işə baxılarkən qəbul edilib, lakin sonradan yuxarı instansiya məhkəməsində ləğv olunub. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən rədd edilib.

İSVEÇDƏ VƏTƏNDAŞLARI MÜHARİBƏYƏ HAZIR OLMAĞA ÇAĞIRIBLAR

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin ölkəsində müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, bütün isveçlilər ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün hərəkətə keçməlidirlər. Bu barədə İsveçin “TV4” telekanalı məlumat yayıb.

“Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 il ərzində sülh İsveç xalqına yaxşı bir yoldaş olub. Lakin vəziyyət dəyişib, təhlükəsizlik durumu daha da pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına açıqlamalıyam”, - deyə Karl-Oskar Bolin vurğulayıb.

Eyni zamanda, İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden bildirib ki, artıq hərəkətə keçməyin vaxtıdır. Onun sözlərinə görə, son illərdə İsveçin təhlükəsizliyini gücləndirmək üçün çox işlər görülüb. “İsveç hələ də NATO-ya üzv deyil. Biz Alyansa nə qədər tez tamhüquqlu üzv olarıqsa, bir o qədər yaxşıdır. Vəziyyətin nə qədər ciddi olduğunu dərk etməliyik”, - deyə baş komandan əlavə edib.

Bununla yanaşı, Mikael Büden indi Ukraynada baş verənlərin gələcəkdə İsveçdə də təkrarlana biləcəyini istisna etməyib.

ALMANİYADA HÖKUMƏTİN BÜDCƏ TƏDBİRLƏRİNƏ QARŞI TƏTİL BAŞLAYIB

Almaniyalı fermerlər yanvarın 8-də ölkə boyu tətillər keçirərək, hökumətin iqtisadi tədbirlərinə etiraz olaraq bir sıra avtobanları traktorlarla bağlayıblar. “Report” agentliyinin xəbərinə görə, bu barədə yerli polis idarələrinin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşdırılmış etiraz aksiyası zamanı Saksoniya federal torpağında fermerlər avtobanları traktorlarla bağlayıblar. Demək olar ki, bütün federal torpaqlarda etirazlar keçirilir.

Bavariya polisinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Bavariyanın müxtəlif yerlərindən Münhenə gedən 5500-ə yaxın traktoru müşayiət edirlər. Berlində bir neçə yüz traktorun yığılması nəticəsində Brandenburq qapısının qarşısındakı mərkəzi küçələrdən birinə giriş bağlanıb.

Xatırladaq ki, ötən ilin dekabrında Almaniya hökuməti büdcə böhranı fonunda bəzi subsidiyaları ləğv etmək planlarını açıqlayıb. Bu planların açıqlanmasından sonra bütün Almaniyada fermerlərin çoxsaylı etiraz aksiyaları keçirilib.

VENESİYADA TURİSTLƏRƏ MƏHDUDİYYƏTLƏR

İtaliyanın Venesiya şəhərində turist qruplarına tətbiq olunacaq məhdudiyyətlərin tarixi açıqlanıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, Venesiya Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, bu il iyunun 1-dən etibarən 25 nəfərdən çox olan turist qruplarının şəhərin tarixi mərkəzinə, həmçinin, Murano, Burano və Torçello adalarına səyahətinə icazə verilməyəcək.

Məlumata əsasən, sözügedən qərar davamlı turizmi təşviq etmək və şəhər sakinlərini qorumaq məqsədi daşıyır.

Eyni zamanda, hazırda şəhərdəki bələdiyyə muzeylərinə girişdə 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Həmçinin meqafonlardan istifadə və yüksək səsli bələdçilik xidmətləri də qadağan olunub.

Qeyd edək ki, 70 il əvvəl Venesiyanın mərkəzində əhalinin sayı təxminən 175 min nəfər olduğu halda indi bu rəqəm 50 mindən aşağı düşüb. Şəhərdə turistlərin yerləşdirilməsi üçün çarpayıların sayı da əhali sayını üstələyib. Bu, bəzi evlərin turizm obyektinə çevrilməsi və daşınmaz əmlakın bahalaşması kimi səbəblərdən əhali arasında narahatlıq yaradır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.